Azərbaycan Silahlı Qüvvələri bu gün rəşadəti, qələbə əzmi və mübariz ruhu ilə dünyanın ən güclü orduları sırasında qərarlaşıb. Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin dəmir iradəsi və rəhbərliyi ilə hərbi birləşmələrin müasirləşdirilməsi və müdafiə imkanlarının daha da artırılması istiqamətində fundamental işlər aparılır. Bütün bunların nəticəsidir ki, döyüşlərdə xalqımıza qürur, düşmənlərimizə qorxu yaşadan hərbçilərimiz təlimlərdə daha da peşəkarlaşaraq sülhün qarantına çevrilib.
Güclü potensiala, yenilməz ruha və zəngin döyüş təcrübəsinə malik Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsi və antiterror tədbirləri ilə yazdığı şanlı tarix, həm də regionumuz üçün uzunmüddətli sülhü və sabitliyi təmin edən həlledici amil rolunu oynadı. Prezident İlham Əliyevin müdrik, düşünülmüş və qətiyyətli siyasəti, Azərbaycanın artmaqda olan iqtisadi gücü, müasir Ordusu və ən əsası, xalq-iqtidar birliyi tarixi Qələbəmizi təmin edən başlıca və sarsılmaz sütunlar oldu.
Əsrlər boyu torpaq itkisinin ağrısı ilə yaşamış Azərbaycan xalqı bu ənənəyə son qoyaraq tarixinin daha bir şanlı qəhrəmanlıq salnaməsini yaratdı, qalib, əyilməz ruha malik xalq olduğunu bütün dünyaya sübut etdi. Şuşanın işğaldan azad edildiyi təqvim olan 2020-ci il noyabrın 8-i Azərbaycan tarixinə qızıl hərflərlə əbədi Zəfər günü kimi yazıldı. Bir sözlə, 2016-cı ildən Aprel döyüşləri ilə başlayan böyük qayıdış epopeyası 2018-ci ildə Günnütə, 2020-ci ildə Qarabağ və Zəngəzura yol açdı.
Bütün bunların məntiqi davamı olaraq noyabrın 8-də Bakı şəhərində Zəfər Gününün beşinci ildönümünə həsr olunmuş hərbi paradın keçirilməsi, həm də sülhə kölgə salmağa çalışanlara “Dəmir Yumruq yerindədir” deyən bir gücün və qətiyyətin nümayişidir. Göründüyü kimi parad regionda sülhü istəməyənlərə ünvanlanan açıq və qətiyyətli bir xəbərdarlıq olmaqla yanaşı, həm də Azərbaycanın təhlükəsizliyini təmin etmək üçün zəruri hərbi gücə malik olduğunu göstərir.
Müasir silah sistemlərinin nümayiş etdirildiyi hərbi parad Azərbaycan Silahlı Qüvvələrinin yüksək müdafiə potensialının parlaq ifadəsidir. Aviasiya vasitələrinin uçuşları, avtomobil və döyüş texnikalarının, həmçinin gəmilərin müəyyən edilmiş marşrutlar üzrə hərəkəti xalqın qürurunun, şəhid ruhuna əbədi ehtiramın və sülhə çağırışın əzəmətli təntənəsidir.
Vətən müharibəsində qələbəyə həsr olunmuş Zəfər hərbi paradının birincisi 2020-ci il dekabrın 10-da Bakıda Azadlıq meydanında, ikincisi isə 2023-cü il noyabrın 8-də Xankəndi şəhərində keçirilib. Zəfər paradı sadəcə bayram tədbiri deyil, bir dövlətin hərbi üstünlüyünü, strateji imkanlarını və psixoloji təsir gücünü nümayiş etdirməyin ən təsirli formalarından biridir. Ən müasir, yüksək dəqiqlikli və dağıdıcı silah sistemlərinin, o cümlədən aviasiya, raket kompleksləri və zirehli texnikaların nümayiş etdirildiyi paradda ölkənin müdafiə sənayesinin inkişaf səviyyəsi özünü aydın şəkildə göstərir. Eyni zamanda paradda iştirak edən şəxsi heyətin ideal intizamı, cəldliyi və qətiyyətli görünüşü ordunun hərbi əməliyyatlar zamanı kritik əhəmiyyət kəsb edən peşəkar kadr potensialından və yüksək döyüş hazırlığı səviyyəsindən xəbər verir.
Zəfər paradı Azərbaycanın Cənubi Qafqazda sabitliyi təmin edən aparıcı qüvvə olduğunu vizual şəkildə təsdiqləyir. Paradda nümayiş olunan qüdrət həm xalqın, həm də ordunun özündə əminlik və vətənpərvərlik ruhunu artırır. Azərbaycan xalqı və dövləti Vətən uğrunda şəhid olan qəhrəman övladlarının işıqlı xatirəsini daim əziz tutur, onları xüsusi ehtiramla yad edir, qazilərin əməyini yüksək qiymətləndirir və onlarla qürur duyur.
Beləliklə, regional təhlükəsizliyin qarantı olan Azərbaycan, bu gün müharibə ssenarisindən sülh gündəliyinə keçidin ən parlaq nümunəsini təqdim etməklə, qlobal təhlükəsizliyə misilsiz töhfə verir. Bu nailiyyət, Azərbaycanın regional və beynəlxalq münasibətlərdə mövqeyini köklü şəkildə dəyişən, öz maraqlarını təmin etməyə qadir olan müstəqil güc mərkəzi kimi çıxış etdiyini göstərir.
Nəriman Nəcəfov
