İsveç səfiri muxtar respublikanın istehsalat, mədəniyyət müəssisələri ilə tanış olub - FOTOLAR
İsveç Krallığının ölkəmizdəki səfiri xanım İnqrid Tersman Naxçıvan Muxtar Respublikasına səfər edib. Səfər çərçivəsində o, muxtar respublikanın istehsal, təhsil, mədəniyyət müəssisələri, tarixi abidələri ilə tanış olub.
NUHÇIXAN xəbər verir ki, əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərində ucalan abidəsini ziyarət edən İsveçin səfiri daha sonra Heydər Əliyev Muzeyinin eksponatlarına baxıb.
Sonra Naxçıvan Dövlət Xalça Muzeyində olan diplomata bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə 1998-ci ildə fəaliyyətə başlayan Dövlət Xalça Muzeyi 2010-cu ildə yeni bina ilə təmin olunub. 2013-cü ildə isə muzeyin ekspozisiyası yenidən qurulub. Hazırda muzeydə 3 mindən çox eksponat var. Naxçıvan Dövlət Xalça Muzeyinin daimi ekspozisiyasında xovlu və xovsuz xalçalar, müxtəlif əl işləri, tikmələr, toxuculuq alətləri, mis və saxsı qablar nümayiş etdirilir.
Naxçıvan Avtomobil Zavodunda qonağa məlumat verilib ki, zavod 2010-cu ildən fəaliyyət göstərir. Burada Almaniyadan, İtaliyadan və Belçikadan gətirilmiş müasir texnoloji avadanlıqlar quraşdırılıb. İstehsal prosesi konveyer üsulu ilə təşkil edilib. Bu da zavodda istənilən modeldə minik və yük avtomobillərinin istehsalına imkan verir. Hazırda Naxçıvan Avtomobil Zavodunda tələbata uyğun, eləcə də sifariş əsasında 17 modeldə avtomobil istehsal olunur. Keyfiyyət və sərfəli qiymət təklifi bu avtomobillərə marağı artırıb.
İnqrid Tersman “Gəmiqaya Mineral Sular” MMC-nin Badamlı Mineral Sular Zavodunda da olub. Bildirilib ki, muxtar respublikada sahibkarlıq mühitinin formalaşdırılması, iş adamları üçün əlverişli şəraitin yaradılması “Badamlı” mineral suyunun da əvvəlki şöhrətini özünə qaytarıb. Zavodda məhsulun keyfiyyətinə ciddi nəzarət edilir. Burada Almaniya istehsalı olan müasir avadanlıqla təmin edilmiş xüsusi laboratoriya qurulub. Laboratoriyada suyun minerallıq dərəcəsi, qələviliyi, ümumi analizləri yoxlanılır, keyfiyyətə zəmanət verilir. Bunun nəticəsidir ki, “Badamlı” mineral suyu beynəlxalq sərgilərdə yüksək qiymətləndirilir.
Naxçıvan Dövlət Universitetinə gələn səfir ali məktəbin beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin tələbələrinə İsveçin Azərbaycan və onun Naxçıvan Muxtar Respublikası ilə əlaqələrinə dair mühazirə oxuyub, tələbələri maraqlandıran sualları cavablandırıb.
Daha sonra “Naxçıvan” Universiteti ilə tanış olan qonağa məlumat verilib ki, 1999-cu ildən fəaliyyət göstərən universitetdə hazırda 4 fakültə, 9 kafedra və 5 şöbə var. Bu gün universitetdə təhsilin keyfiyyəti yüksəldilir, ixtisas fənləri üzrə elmi dərəcəsi olan müəllimlərə üstünlük verilir, tədris zamanı müasir təlim texnologiyalarından istifadə diqqətdə saxlanılır. “Naxçıvan” Universitetinin beynəlxalq əlaqələri də genişləndirilib. Bu gün ali təhsil ocağı dünyanın 50-dən çox tanınmış universiteti ilə əməkdaşlıq edir.
“Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi ilə tanışlıq İsveçin ölkəmizdəki səfirinin böyük marağına səbəb olub.
Daha sonra Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında olan qonağa məlumat verilib ki, sarayda 943 yerlik konsert və 276 yerlik konfrans salonları var. Muxtar respublikanın Mədəniyyət Nazirliyi, Naxçıvan Dövlət Filarmoniyası, Rəsm Qalereyası və Film Fondu da sarayın binasında yerləşir. Sarayın ikinci mərtəbəsindəki 198 nəfərlik konfrans zalında üç dildə sinxron tərcümə aparmaq üçün texniki avadanlıqlar quraşdırılıb.
Binada yerləşən Rəsm Qalereyasında bildirilib ki, 1982-ci ildə ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə yaradılmış qalereyada Azərbaycan, o cümlədən Naxçıvan, həmçinin Rusiya rəssamlarının 400-ə yaxın əl işi mühafizə olunur. Onlardan 80-i ekspozisiya zalında nümayiş etdirilir. Azərbaycanın xalq rəssamlarının əl işlərinin toplandığı ekspozisiya zalında yağlı boya ilə kətan üzərində işlənən “Ulu Öndər”, “Zərifə Əliyeva”, “21-ci əsr – Heydər Əliyev” əsərləri ölkəmizin müasir tarixini göz önündə canlandırır. Qalereyadakı digər maraqlı əsərlər də Azərbaycan rəssamlıq məktəbinin zəngin ənənələrini və müasir inkişaf istiqamətlərini, müstəqil Azərbaycanın reallıqlarını dolğun əks etdirir.
Qonaq “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi, Duzdağ Fizioterapiya Mərkəzi, Naxçıvan Biznes Mərkəzi, “Gəmiqaya Mebel Fabriki” və “Gəmiqaya Daş Məhsulları Sənaye Kompleksi” Məhdud Məsuliyyətli cəmiyyətləri ilə də tanış olub.