Bu gün Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur

A- A A+

Bu günün tarixi 1988-ci il noyabrın 17-də başlayan “Meydan hərəkatı” ilə bağlıdır.

Həmin gün Azadlıq meydanına toplaşan yüz minlərlə insan keçmiş sovetlərin Azərbaycana qarşı həyata keçirdiyi ikili standartlara əsaslanan siyasətə etiraz edib. Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları irəli sürməsi, Dağlıq Qarabağda yaşayan ermənilərin açıq separatçılıq fəaliyyətinə başlaması, bu proseslərin həm Ermənistanda, həm də Dağlıq Qarabağda yaşayan yüz minlərlə azərbaycanlının öz yurd-yuvasından qovulması ilə nəticələnməsi Meydan hərəkatına təkan verən əsas amillər olub.

Moskvanın və o dövrün yerli hakimiyyət orqanlarının siyasəti nəticəsində yaranan bu problemlərin qarşısını almaq təşəbbüsünü öz üzərinə götürən xalq 1988-ci il noyabrın 17-də Bakının mərkəzi meydanında fasiləsiz kütləvi etiraz aksiyasına başlayıb. 17 gün davam edən və milyonlarla insanın iştirak etdiyi bu aksiya keçmiş SSRİ-də keçirilən ən irimiqyaslı etiraz hərəkatlarından biri kimi tarixə düşüb.

SSRİ-nin süqutu prosesini araşdıran yerli və xarici tədqiqatçıların əksəriyyəti məhz Azərbaycanda başlayan bu hərəkatın böyük rol oynadığını vurğulayır. Dekabrın 4-dən 5-nə keçən gecə etiraz aksiyası sovet qoşunları tərəfindən dağıdılsa da, Meydan hərəkatı Azərbaycanın müstəqilliyinin bərpasında mühüm mərhələ kimi yaddaşlara həkk olunub.

Milli Dirçəliş Günü Azərbaycanda dövlət səviyyəsində qeyd olunur və 2006-cı ildə qanunvericiliyə edilən dəyişikliklərə əsasən, iş günü hesab edilir.

Nurtac İsmayılova

NUHÇIXAN

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: