Milli Məclisin plenar iclasında 2026-cı ilin dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri birinci oxunuşda qəbul edilib - YENİLƏNİB
Noyabrın 20-də parlamentin sədri Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib.
NUHÇIXAN xəbər verir ki, iclasda hökumət üzvləri və nümayəndələri iştirak ediblər.
Plenar iclasda 2026-cı ilin dövlət büdcəsi layihəsinin müzakirələri davam etdirilib.
Müzakirələrdə bir sıra deputatlar çıxış ediblər.
Müzakirələrin yekununda “Azərbaycan Respublikasının2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda qəbul edilib.
Fasilədən sonra Milli Məclisin iclası davam etdirilib.
Parlamentin sədri Sahibə Qafarova gündəliyin növbəti iki məsələsinin “Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında” (birinci oxunuş) və “İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında” (birinci oxunuş) qanun layihələri olduğunu bildirib.
Sonra Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev hər iki qanun layihəsi barədə məlumat verib.
O qeyd edib ki, Azərbaycan dövlətinin daxili siyasətində sosial siyasət həmişə prioritet istiqamət təşkil edib və ənənəvi olaraq, dövlət büdcəmizin 40 faizdən çoxu sosialyönümlü xərclərin maliyyələşdirilməsinə yönəldilir.
Musa Quliyev bildirib ki, 2019-cu ildən başlayaraq əmək pensiyalarının minimum məbləği ölkə üzrə pensiyaçılar üçün yaşayış minimumunu üstələmiş və bu meyil gələn ildə də davam edəcək. Fondun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən müvafiq vəsait ayrılıb. Fondun gələn ilə proqnozlaşdırılan ümumi xərclərinin 96,6 faizini əhaliyə ödənişlər təşkil edəcək.
Sonra Musa Quliyev “İşsizlikdən Sığorta Fondunun 2026-cı il büdcəsi haqqında” qanun layihəsində əks olunan Fondun gəlirləri, Fondun 2026-cı il yanvarın 1-nə yaradılmış ehtiyatından 2026-cı ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilən vəsaitin həcmi, işsizlikdən sığorta haqları üzrə yığımların proqnozları barədə fikirlərini açıqlayıb.
O, sığorta haqları üzrə yığımın 78 faizinin qeyri-büdcə sektorunun payına düşəcəyini, Fondun xərclərinin 13 istiqaməti əhatə edəcəyini söyləyib. 2026-cı ildə işsizliyə görə sığorta ödənişlərinin həcminin artırıldığını, bu artımın “İşsizlikdən Sığorta haqqında” Qanunun 13.1-ci maddəsinə edilən mütərəqqi dəyişikliklə bağlı olduğunu deyib. Qeyd edib ki, İSF-nin xərclərinin 28,9 faizi özünüməşğulluq tədbirlərinin maliyyələşməsinə yönəldiləcək.
Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov təqdim edilən hər iki qanun layihəsi barədə bu komitənin rəylərini diqqətə çatdırıb.
Sonra iclasda çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev cari ildə əhalinin sosial müdafiəsi sahəsində görülmüş işlərdən danışıb və Dövlət Sosial Müdafiə Fondunun 2026-cı il büdcəsi barədə məlumat verib.
Nazir bildirib ki, Dövlət Sosial Müdafiə Fondunun 2026-cı il üçün gəlirləri 8 milyard 323 milyon manat nəzərdə tutulur ki, bu da 2025-ci ilin proqnoz göstəricilərindən 705,7 milyon manat və ya 9,3 faiz çoxdur.
Fondun 2026-cı il üçün gəlirlərinin 79,2 faizinin və ya 6,6 milyard manatının məcburi dövlət sosial sığorta daxilolmaları üzrə formalaşacağı proqnozlaşdırılır. Bu isə cari ilin müvafiq göstəricisindən 593,7 milyon manat və ya 10 faiz çoxdur. Büdcədən maliyyələşən təşkilatlar üzrə 2026-cı il üçün daxilolmalar 2,1 milyard manat, qeyri-büdcə təşkilatları üzrə isə 4,5 milyard manat proqnozlaşdırılır. Qeyri-büdcə sektoru üzrə proqnoz edilən gəlirlər sosial sığorta haqlarının 68 faizini təşkil edir. Ümumilikdə 2025-ci ilin təsdiq edilmiş göstəriciləri ilə müqayisədə 2026-cı il üçün büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmalar 3,6 faiz və ya 73,4 milyon manat, qeyri-büdcə sektoru üzrə daxilolmalar isə 13,1 faiz və ya 520,3 milyon manat artımla proqnozlaşdırılır.
Nazir vurğulayıb ki, növbəti il üzrə dövlət büdcəsi xərclərinə dəstək göstərilməsi məqsədilə DSMF-nin 2026-cı il üçün büdcə layihəsində Fondun əvvəlki illərdə yaratdığı ehtiyatdan 160 milyon manata yaxın məbləğdə vəsait növbəti ilin xərclərinə yönəldilir.
Fondun 2026-cı il üzrə ümumi xərclərinin 8 milyard 483 milyon manat həcmində olması proqnozlaşdırılır ki, bunun da 96,6 faizi və ya 8 milyard 196 milyon manatı əhaliyə ödənişlərin payına düşür. Bu göstərici 2024-cü illə müqayisədə 1 milyard 534 milyon manat, 2025-ci illə müqayisədə isə 788 milyon manat çoxdur. Bu məbləğin 7 milyard 993 milyon manatı əmək pensiyalarının, 203,6 milyon manatı isə sosial sığorta hesabına verilən müavinət xərclərinin payına düşür. Bildirilib ki, 2026-cı il üzrə əmək pensiyalarının maliyyələşdirilməsi üçün ayrılan vəsait 2025-ci ilin təsdiqlənmiş xərcləri ilə müqayisədə 782,4 milyon manat və ya 10,9 faiz artımla nəzərdə tutulur. Bunun 81,2 faizi və ya 635,6 milyon manatı əmək pensiyalarının indeksasiya xərclərinin, digər hissəsi isə yeni təyin olunan və yenidən hesablanan pensiyaların məbləğlərinin maliyyələşdiriməsiilə bağlı xərclərin payına düşür.
Nazir qeyd edib ki, proqnoz göstəricilərə əsasən, 2026-cı il üzrə indeksasiyanın təqribən 9,2 faizə səviyyəsində olması, orta pensiyanın məbləğinin isə yenə də 9,2 faiz artaraq 590 manata, yaşa görə pensiyanın məbləğinin isə 629 manata çatması proqnozlaşdırılır.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası xətti ilə sığortaolunanların və əmək pensiyaçılarının sanatoriya-kurort müalicəsi və sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi məqsədilə Fondun 2026-cı il büdcəsində 25 milyon manat vəsait nəzərdə tutulur.
Sonra İşsizlikdən Sığorta Fondunun 2026-cı il büdcəsi barədə məlumat verən əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev bildirib ki, büdcə layihəsinə əsasən, İşsizlikdən Sığorta Fondunun 2026-cı il üzrə gəlirləri 238,3 milyon manat həcmində nəzərdə tutulur ki, bu da 2025-ci ilin təsdiq edilmiş göstəricisindən 31,9 milyon manat, yaxud 15,5 faiz çoxdur. İşsizlikdən Sığorta Fondunun gəlirlərinin 236,6 milyon manatı, yaxud 99,3 faizi işsizlikdən sığorta haqları üzrə yığım hesabına formalaşacaq ki, bu da 2025-ci ilin təsdiq edilmiş müvafiq göstəricisindən 30,3 milyon manat və ya 15 faiz çoxdur.
Nazir qeyd edib ki, Fondun maliyyə mənbəyinin 28,1 milyon manatlıq və ya 10,5 faizlik hissəsini əvvəlki illərdə yaradılmış ehtiyatdan 2026-cı ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilən vəsait təşkil edəcəkdir. Fondun 2026-cı il üzrə xərclərinin 266,4 milyon manat həcmində olması proqnozlaşdırılır ki, bu da cari ilin təsdiq edilmiş göstəricisindən 5,7 milyon manat və ya 2,2 faiz çoxdur. Ümumilikdə 2026-cı ildə İSF-nin vəsaiti hesabına 450 minə yaxın şəxsin aktiv məşğulluq tədbirlərinə cəlb olunması gözlənilir.
Qanun layihələri ətrafında gedən müzakirələrdə çıxış edən deputatlar əhalinin məşğulluğunun təşkili, sosial təminatının gücləndirilməsi, vətəndaşların rifahının daha da yaxşılaşdırılması istiqamətində ölkəmizdə görülən işlər barədə fikirlərini səsləndiriblər. Çıxışçılar, habelə çoxuşaqlı anaların pensiya təminatına güzəştlərin verilməsi, pensiya kapitalı məbləğinin bəzi peşələr üzrə optimallaşdırılması və digər bu kimi məsələlərlə bağlı rəy və təkliflərini bildiriblər.
Müzakirələrin yekununda “Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında” qanun layihələri birinci oxunuşda qəbul edilib.
İclasda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” qanun layihəsini (birinci oxunuş) təqdim edib. O bildirib ki, layihədə əhalinin sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği artırılır. Belə ki, 2026-cı il üçün yaşayış minimumunun məbləği ölkə üzrə 285 manatdan 300 manata, əmək qabiliyyətli əhali üçün 305 manatdan 317 manata, pensiyaçılar üçün 232 manatdan 245 manata, uşaqlar üçün 246 manatdan 260 manata yüksəldilir. Komitə sədri qeyd edib ki, yaşayış minimumunun artım məbləğləri gələn il üçün proqnozlaşdırılan inflyasiyanın səviyyəsini üstələyir.
Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məsələyə dair bu komitənin müsbət rəy verdiyini diqqətə çatdırıb.
Müzakirələrdə çıxış edən deputat Vüqar Bayramovun fikirləri dinlənildikdən sonra qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Sonra parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Azərbaycan Respublikasında 2026-cı il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsi (birinci oxunuş) barədə məlumat verib. O, gələn il üçün ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə müəyyən olunan ehtiyac meyarının həddinin 5,3 faiz artırılaraq 300 manata çatdırıldığını bildirib. Komitə sədri qeyd edib ki, ünvanlı sosial yardımın təyin olunması üçün ehtiyac meyarının artırılması gələn il aztəminatlı ailələrin daha etibarlı sosial müdafiəsi üçün əsaslar yaradacaq.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov məsələ barədə bu komitənin rəyini səsləndirdikdən sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib.
Gündəlikdəki məsələlərin müzakirəsi noyabrın 21-də davam etdiriləcək.
