Baş Prokuror Kamran Əliyev Rumıniyanın Baş Prokuroru ilə görüşüb - FOTOLAR
Rumıniyada rəsmi səfərdə olan Azərbaycanın Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Rumıniyanın Yüksək Kassasiya və Ədalət Məhkəməsinin Baş prokuroru Aleks Florantsa ilə görüşüb. Görüşdə Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov da iştirak edib.
NUHÇIXAN xəbər verir ki, görüş zamanı Azərbaycan ilə Rumıniya arasında dostluq və strateji əməkdaşlıq münasibətlərinin inkişafı, prokurorluq orqanları arasında əməkdaşlıq və digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə mövzu olub.
Baş prokuror Kamran Əliyev qarşı tərəfə dəvətə görə təşəkkürünü çatdırıb, Avropa məkanında Rumıniya ilə Azərbaycan əlaqələrinin dərin tarixi, mədəni və dostluq ənənələrinə söykəndiyini söyləyərək, ölkələrimiz arasında münasibətlərin qarşılıqlı faydalı və səmərəli olduğunu bildirib. Baş prokuror Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən hüquq islahatları çərçivəsində prokurorluq orqanlarında aparılan genişmiqyaslı islahatlardan söz açıb, cinayətkarlıqla mübarizədə beynəlxalq əməkdaşlığın mühüm rolunu vurğulayıb. O, 2024-cü ilin oktyabr ayında Aleks Florantsanın Bakıya səfərini xatırlayaraq, səfər zamanı imzalanmış Əməkdaşlığın inkişaf etdirilməsi haqqında Anlaşma Memorandumu yüksək qiymətləndirib. Kamran Əliyev Rumıniyaya səfərini iki ölkənin prokurorluq orqanları arasında əməkdaşlığın yeni mərhələsi adlandırıb, qarşı tərəfi Azərbaycana səfərə dəvət edib.
Rumıniyanın Yüksək Kassasiya və Ədalət Məhkəməsinin Baş prokuroru Aleks Florantsa qonaqları salamlayaraq, Azərbaycan ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini bildirib. O, iki ölkənin prokurorluq orqanları arasında münasibətlərindən söz açaraq, təcrübə mübadiləsi, Avropa Şurası və BMT müvafiq qurumları çərçivəsində əməkdaşlıq barədə danışıb.
Daha sonra qonaqlara Rumıniya prokurorluq orqanların fəaliyyəti barədə ətraflı məlumat təqdim olunub. Görüşdə tərəflər hüquqi sahədə əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparıblar.
Səfər çərçivəsində nümayəndə heyətimiz həmçinin, Rumıniyanın ədliyyə naziri Radu Marinesku ilə görüşüb. Görüşdə dövlətlərimiz arasında mövcud olan strateji tərəfdaşlıq əlaqələri, hüquqi əməkdaşlığın inkişafı və digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.