Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin Platforması türk xalqlarının səsinin dünyada daha gur səslənməsinə imkan verəcək.
NUHÇIXAN xəbər verir ki, bunu Özbəkistandakı "Yüksəliş" hərəkatının sədri, Özbəkistan parlamentində komitə sədri Babur Bekmurodov Forumla bağlı danışarkən deyib.
Onun sözlərinə görə, belə bir platformanın yaradılması vaxtında atılmış və olduqca vacib addımdır:
"Türk dövlətləri və türk xalqlarının qeyri-hökumət təşkilatlarının bir araya gəldiyi bu platforma böyük əhəmiyyət daşıyır. Niyə vacibdir? Çünki görürük ki, ölkələrimizin liderləri dostluq münasibətləri qurur, müxtəlif məsələləri birlikdə həll edirlər, həm daxili, həm də qlobal problemlərin aradan qaldırılmasında fəal iştirak edirlər. Liderlər xalqlarımızı yaxınlaşdırmaq məqsədilə yeni ideyalar irəli sürürlər".
Bekmurodov bildirib ki, liderlərin dostluğu mühüm amildir, lakin bu prosesin dayanıqlı olması üçün xalqlar arasında da səmimi və davamlı dostluğun formalaşması vacibdir:
"Bu platforma xalqlarımızı daha da yaxınlaşdırmağa imkan verən unikal bir məkandır. Düşünürəm ki, bu təşəbbüs türk xalqlarının səsinin dünyada daha gur səslənməsinə xidmət edəcək".
