Bu gün Cənubi Qafqaz regionunda postmüharibə dövrünün sülh gündəliyini və reallıqları diktə edən tərəf Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycandır. Regionda yaranan yeni reallıqlar, Azərbaycanın dayanıqlı sülh strategiyası və artan nüfuzu təkcə ölkəmiz üçün deyil, bütün Türk dünyası üçün qürurverici mənzərə yaradır. Məhz buna görə də Azərbaycan Respublikasının Türk Dövlətləri Təşkilatı (TDT) ilə əlaqələri xarici siyasətin prioritet istiqamətlərindən birinə çevrilib və ölkəmiz təşkilatın institusional güclənməsinə həlledici töhfələr verir.
Prezident İlham Əliyevin vurğuladığı kimi, ortaq köklər və dəyərlər üzərində qurulan təşkilat daxili sabitlik və artan potensialı sayəsində ciddi geosiyasi mərkəz kimi formalaşır. Təməli 3 oktyabr 2009-cu ildə məhz Naxçıvanda qoyulan TDT-nin bu gün qlobal təhlükəsizlik, iqtisadi əməkdaşlıq və geosiyasi güc baxımından artan əhəmiyyəti artıq danılmaz həqiqətdir. Təşkilatın tamhüquqlu üzvləri olan Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanla yanaşı, Türkmənistan, Macarıstan və Şimali Kipr Türk Respublikasının müşahidəçi statusu burada geniş beynəlxalq platformanın formalaşdığını göstərir.
Türk xalqlarının bir yumruq kimi birləşməsi, siyasi müstəvidən tutmuş mədəniyyətə, idman və vətəndaş cəmiyyətinə qədər bütün sahələrdə əməkdaşlığın dərinləşməsi regionda yeni inteqrasiya modelinin əsasını qoyur. Məhz bu baxımdan TDT ölkələrinin qeyri-hökumət təşkilatlarının Azərbaycanda keçirilən həmrəylik forumu Türk dünyasının koordinasiyalı, strateji və geniş spektrli əməkdaşlığa doğru irəlilədiyinin parlaq nümunəsidir. Prezident İlham Əliyevin forum iştirakçılarına ünvanladığı müraciətdə qeyd edilən fikirlər türk xalqlarını bir ailə kimi birləşdirən ortaq etnik köklərin, dəyərlərin və tarixi mirasın gücünü bir daha ortaya qoydu.
Azərbaycan Prezidentinin mesajı həm də onu göstərdi ki, Türk birliyi artıq yalnız mədəni və yaxud tarixi bağlardan ibarət deyil. Bu birlik günümüzün geosiyasi reallıqları fonunda təhlükəsizlikdən tutmuş iqtisadi əməkdaşlığa qədər geniş miqyasda fəaliyyət göstərən strateji güc mərkəzidir. Forumun Bakıda başlayıb Naxçıvanda davam etməsi isə təsadüfi deyil — bu, Türk dünyasının gələcək əməkdaşlıq xəritəsində Naxçıvanın strateji rolunun güclənməsinin rəmzidir.
Müraciətdə Prezident İlham Əliyevin xüsusi vurğuladığı Zəngəzur dəhlizi də bu böyük tablonun ən mühüm elementlərindən biridir. Dövlət başçısı qeyd edir ki, bu nəqliyyat arteriyası Türk dünyasının fiziki bağını möhkəmləndirəcək, Şərqdən Qərbə uzanan vahid strateji xətti birləşdirəcək önəmli halqa rolunu oynayacaq: “Bu gün Türk dünyası özünün yüksəliş dövrünü yaşayır. Beş il əvvəl qazandığımız Qarabağ Zəfəri türk xalqlarının ümumi sevinci və qürur mənbəyidir. İnanıram ki, hazırda yenidən qurulan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları, açılacaq Zəngəzur dəhlizi türk dövlətləri arasında əməkdaşlığın inkişafında və möhkəmlənməsində mühüm rol oynayacaqdır”.
Türk dünyasının ürəyinin döyündüyü Naxçıvanda növbəti tarixi mərhələnin başlanğıcı qoyuldu. Belə ki, Türk Dünyasını daha da birləşdirəcək, xüsusilə vətəndaş cəmiyyətləri arasında əlaqələri gücləndirəcək mühüm bir platforma - Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin QHT-lərinin Platforması təsis olundu. Bu yeni qurum TDT çərçivəsində mövcud olan 34 platformanın sırasına 35-ci olaraq qoşuldu və 8 ölkənin QHT-lərini bir araya gətirdi.
Xalqlarımızı daha da yaxınlaşdırmağa imkan verən bu unikal platformanın yaradılması zamanında atılmış strateji addımdır və vətəndaş cəmiyyəti institutlarını yeni əməkdaşlıq müstəvisinə çıxarır. Çünki, bu Platforma sayəsində Türk dünyası QHT-ləri BMT və digər beynəlxalq qurumlarda daha koordinasiyalı şəkildə çıxış edə biləcək, xalqlarımız arasında qarşılıqlı anlaşma və yaxınlıq daha da dərinləşəcək.
Nəriman Nəcəfov
