Azərbaycanın müasir ordu modeli – Texnologiya, güc və sülhün sintezi - FOTOLAR

A- A A+

Bu gün Azərbaycan Silahlı Qüvvələri təkcə müdafiə qüvvəsi deyil, eyni zamanda, regionda sülh və sabitliyin təminatçısıdır. Dünyanın aparıcı müdafiə sənayesi şirkətlərinin istehsalı olan, həmçinin Azərbaycanın hərbi sənaye müəssisələrində hazırlanan müasir silah və texnikanın silahlanmaya qəbul edilməsi bu inkişafın parlaq nümunəsidir. Müdafiə sənayesini hər keçən gün daha da inkişaf etdirən Azərbaycan beynəlxalq hərbi sənaye sərgilərinə ev sahibliyi etməklə yanaşı, həm də müxtəlif ölkələrdə keçirilən sərgilərdə iştirak edir. Bu dəfə isə, dekabrın 1-dən 4-dək Misirin paytaxtı Qahirədə keçirilən 4-cü EDEX sərgisində Azərbaycanın müdafiə təyinatlı məhsulları nümayiş olunur.

EDEX 2025-də Azərbaycan da daxil olmaqla 50 ölkədən 450-dən çox şirkətin məhsulları nümayiş sərgilənir. Qahirədəki sərgidə “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyətinə məxsus 104 adda, eləcə də Azərbaycanın digər 5 şirkətinin 24 adda məhsulu yer alıb. Quru Qoşunları, Hərbi Dəniz və Hərbi Hava Qüvvələrinə aid ən son hərbi texnologiya, avadanlıq və sistemlərin nümayiş olunduğu sərgidə 25 ölkə milli pavilyonla iştirak edir. 

Azərbaycanın müdafiə qabiliyyətinin dünyaya göstərildiyi ən önəmli məqamlardan biri də 8 noyabrda—Vətən müharibəsində qazanılmış Zəfərin beşinci ildönümünə həsr olunmuş Hərbi Paradda nümayiş etdirilən güc və imkanlar oldu. Paradda Silahlı Qüvvələrin müasir, inteqrasiya olunmuş və çoxşaxəli döyüş potensialına malik olması bir daha öz təsdiqini tapdı. Silah və texnikanın müxtəlifliyi ordunun eyni zamanda həm müdafiə, həm də əməliyyat-taktiki hücum funksiyalarını effektiv həyata keçirməsinə imkan verir. Hərbi paradda ilk dəfə ən müasir qoşun növü olan İnsansız Sistem Qoşunlarının parad heyəti və vasitələrinin keçid etməsi isə yadda qalan məqamlardan oldu.

Zəfər paradı Ordumuzun texnologiya müstəvisində düşüncə, qüdrət və intellekt formasında ifadə olunduğu meyarlarla yadda qaldı. Azərbaycan Ordusu bu baxımdan yalnız, döyüş meydanının qalibi kimi deyil, süni intellekt, kəşfiyyat və koordinasiyanın sintezində formalaşan ən müasir ordu kimi göründü. Hərbi paradda ilk dəfə İnsansız Sistem Qoşunlarının iştirakı isə müasir çağırışlara cavabı özündə ehtiva edir. Belə ki, həmin qoşun növünə aid pilotsuz hava, yerüstü və suüstü vasitələrin nümayişi diqqəti cəlb edib.

Paradda nümayiş etdirilən "Orbiter-1KM" zərbə pilotsuz uçuş aparatları, "Orbiter-2", "Orbiter-3" və "Orbiter-4" kəşfiyyat pilotsuz uçuş aparatları, "Aerostar" taktiki-kəşfiyyat PUA-sı, "Bayraktar-TB2" silahlı kəşfiyyat PUA-sı, silahlanmaya yeni qəbul edilmiş "Hero-120" sərbəst uçan döyüş sursatları, "Sky Striker" sərbəst uçan döyüş sursatları, "Orbiter-5" taktiki-kəşfiyyat PUA-sı, "Harop" zərbə tipli PUA-sı, "Hermes-450" taktiki-kəşfiyyat PUA-sı, silahlanmaya yeni qəbul edilmiş “KAYRA” kamikadze tipli suüstü dəniz vasitəsi Ordumuzun müxtəlif təyinatlı əməliyyatlarda yeni taktiki imkanlar qazandığını göstərir. “Hermes-450” taktiki-kəşfiyyat pilotsuz uçuş aparatı yerləşdirilmiş “Marauder” və “Matador” tipli minaəleyhinə zirehli nəqliyyat vasitələri də Ordumuzun texnoloji üstünlüyünün parlaq simvoludur. Bu tipli silahların nümayişi potensial rəqiblərə qarşı çəkindirici amil kimi çıxış edir və eyni zamanda bölgədə sülhün dayağı olan Azərbaycan Silahlı Qüvvələrində innovativ yanaşmalara üstünlük verildiyini təsdiqləyir.

Bütün bu faktlar onu göstərir ki, Azərbaycan Silahlı Qüvvələri təkcə müdafiə gücünü artırmaqla kifayətlənmir, həm də regionda sülhün, təhlükəsizliyin və strateji balansın qorunmasında aparıcı rol oynayır. Müasir texnologiyalara əsaslanan, çevik əməliyyat qabiliyyətinə malik və innovasiyaya söykənən ordu modeli ölkəmizin hərbi-siyasi iradəsinin, eləcə də milli maraqların təmin olunmasına yönəlmiş uzunmüddətli inkişaf strategiyasının parlaq nəticəsidir. Bu inkişaf isə Azərbaycanın gələcəkdə də regional sabitliyin mühüm təminatçısı kimi mövqeyini möhkəmləndirəcəyinə əminlik yaradır.

 

Nəriman Nəcəfov

NUHÇIXAN

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: