Naxçıvanda keçirilən 2-ci Azərbaycan-Türkiyə regional iqtisadi forumu TÜRKİYƏ MEDİASINDA - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvanda keçirilən 2-ci Azərbaycan–Türkiyə Regional İqtisadi Forumu qardaş ölkə Türkiyənin media qurumları tərəfindən geniş şəkildə işıqlandırılıb.

Türkiyənin aparıcı xəbər agentlikləri və regional informasiya portalları forumla bağlı ətraflı materiallar dərc ediblər. Xüsusilə, ölkənin tanınmış media qurumlarından olan “İhlas Haber Ajansı” (İHA) tədbir barədə geniş xəbər yayıb. Agentliyin məlumatında qeyd olunur ki, Qars, Ardahan, İğdır və Ərzurumdan rəsmi şəxslər və iş adamlarının iştirakı ilə təşkil olunan proqram çərçivəsində Kars Ticarət və Sənaye Palatasının (KATSO) rəhbərliyi ilə təxminən 100 iş adamı Naxçıvana səfər edib.

Xəbərdə qeyd olunur ki, KATSO və Azərbaycanın Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən birgə təşkil olunan forum Türkiyə və Azərbaycanın yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə baş tutub. Tədbirdə iki ölkə arasında ticarət dövriyyəsinin artırılması, investisiya proseslərinin sürətləndirilməsi və regional inkişafın birgə layihələrlə dəstəklənməsi kimi mühüm istiqamətlər müzakirə edilib.

Çıxışlarda Naxçıvanın Türkiyə ilə Qafqaz arasında strateji körpü rolunu oynadığı vurğulanıb. Bildirilib ki, sərhəd bölgələri arasında əməkdaşlığın dərinləşməsi həm regional, həm də ikitərəfli iqtisadi inkişaf üçün yeni imkanlar yaradır.

İHA-nın hazırladığı xəbərdə vurğulanır ki, Naxçıvanda keçirilən forum Türkiyə–Azərbaycan iqtisadi əməkdaşlığının regional müstəvidə daha da gücləndiyini nümayiş etdirir.

Forum təkcə İHA tərəfindən deyil, həmçinin Türkiyənin çoxsaylı regional və milli media resursları – erzurumekspres.com, erzurumgazetesi.com, karsmanset.com, habersarikamis.com, qha.com.tr, karakosehaber.com, arasgazetesi.com.tr, ardahanhaberi.com, mersinhaber.com, vanpostasigazetesi.com, serhattv.com.tr, medyagazete.com, haberturk.com, baretdergisi.com – tərəfindən də geniş şəkildə işıqlandırılıb.

Bu platformalarda dərc edilən xəbərlərdə forumun məqsədləri, çıxış edən rəsmilərin mesajları, müzakirə olunan mövzular və Azərbaycan–Türkiyə iqtisadi əməkdaşlığının gələcək perspektivləri xüsusi olaraq diqqətə çatdırılıb. Mediada həmçinin Naxçıvanın tranzit, logistika və istehsal potensialının artırılması istiqamətində atılan addımların forumda önəmli yer tutduğu qeyd edilib.

Türkiyə KİV-i, iki ölkə arasında həyata keçirilən birgə layihələr, investisiya imkanları, sənaye zonaları və yeni ticarət marşrutlarının müzakirəsini regional iqtisadi əlaqələrin güclənməsi baxımından yüksək dəyərləndirib.

Türkiyə mediasının geniş işıqlandırması forumun yalnız regional deyil, həm də beynəlxalq miqyasda aktuallığını və əhəmiyyətini bir daha göstərir. Bu, Azərbaycan və Türkiyə arasında möhkəm iqtisadi tərəfdaşlığın media səviyyəsində də geniş şəkildə əks olunduğunu nümayiş etdirir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: