Moskvada MDB İqtisadi Şurasının 108-ci iclası keçirilib - YENİLƏNİB

A- A A+

Moskvada MDB İqtisadi Şurasının 108-ci iclası keçirilib, burada MDB ölkələri arasında iqtisadi əməkdaşlığın gələcəkdə inkişaf etdirilməsi ilə bağlı geniş məsələlər spektri müzakirə edilib. İclasa Tacikistan Respublikası Baş nazirinin birinci müavini Xokim Xolikzoda sədrlik edib.

NUHÇIXAN xəbər verir ki, tədbirdə Azərbaycanı Baş nazirin birinci müavini Yaqub Eyyubov təmsil edib. İclasda iqtisadi gündəliyin əsas istiqamətləri, o cümlədən nəqliyyat inteqrasiyası, tarif siyasəti, statistik məlumat bazasının inkişafı və əməkdaşlığın normativ mexanizmlərin təkmilləşdirilməsi məsələləri müzakirə edilib.

İclasda MDB dövlətlərinin ərazisindən keçən əsas nəqliyyat arteriyalarının inteqrasiyası Konsepsiyasının layihəsi təqdim edilib. Sənəd malların təhlükəsiz, sürətli və səmərəli hərəkətini təmin edən inteqrasiya olunmuş nəqliyyat sisteminin yaradılmasına yönəldilib. İştirakçılar qeyd ediblər ki, bu konsepsiyanın tətbiqi logistika xərclərini əhəmiyyətli dərəcədə azaltmağa və regional marşrutların rəqabət qabiliyyətini artırmağa imkan verəcək.

Bundan əlavə, “MDB statistikasının inkişafı” layihəsinin realizəsinin gedişatı barədə məlumat təqdim edilib. İştirakçılara Birlik ölkələrində sosial-iqtisadi proseslərin dərin təhlilini aparmağa imkan verəcək müasir informasiya və analitik sisteminin yaradılması barədə məlumat verilib. Qeyd edilib ki, statistik məlumatların əlçatanlığı və sistemliyi iqtisadi siyasətdə əlaqələndirilmiş qərarlarının hazırlanması üçün vacibdir.

İclasda, həmçinin 2030-cu ilə qədər MDB Konqres və Sərgi Fəaliyyəti üzrə Strategiya layihəsi təsdiq edilib. Sənəd sərgi sənayesinin inkişafı istiqamətləri, vahid konqres məkanının formalaşdırılması və ölkələr arasında işgüzar əlaqələri gücləndirən birgə tədbirlərin təşviqi üçün prioritet sahələri müəyyən edir.

İclas iştirakçıları Müstəqil Dövlətlər Birliyinin 35 illiyinə həsr olunmuş Tədbirlər planını təsdiqləyiblər ki, buraya dövlətlərarası əməkdaşlığın inkişafına və MDB fəaliyyətinin təşviqinə yönəlmiş otuzdan çox tədbir daxil edilib. Həmçinin radiasiya təhlükəsizliyi, hidrometeoroloji fəaliyyətin inkişafı, təbii qazın motor yanacağı kimi istifadəsi və dəmir yolu sənayesinin təkmilləşdirilməsi sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

İclasın yekunlarına görə, MDB İqtisadi Şurasının növbəti - 109-cu iclasının 2026-cı il aprelin 3-də Moskvada “MDB-nin 35 ili: Böyük Avrasiya tərəfdaşlığının inkişafı” adlı MDB Beynəlxalq İqtisadi Forumu ilə birlikdə keçirilməsi qərara alınıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: