Milli Məclis komitələrinin birgə iclasında müzakirə olunan qanun layihələri plenar iclasa tövsiyə edilib

A- A A+

Dekabrın 5-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Mədəniyyət komitələrinin birgə iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən NUHÇIXAN-a bildirilib ki, Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu gündəliyin birinci məsələsi olan Cinayət Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” və “Mədəniyyət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinə (birinci oxunuş) Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə birgə baxacaqlarını diqqətə çatdırıb.

Sənəd mədəni sərvətlərin qorunması ilə bağlı müddəaların dəqiqləşdirilməsi və məsuliyyətin artırılması məqsədilə hazırlanıb. Qanun layihəsində mədəni sərvətlərin korlanması və ya məhv edilməsi əməllərinə görə məsuliyyəti ziyanın miqdarı və təqsirin formasına görə fərqləndirilməsinin əhəmiyyətini vurğulayan Polad Bülbüloğlu mədəni abidələrin qorunması, bərpası xüsusiyyətləri, mexanizmləri, bu sahədə beynəlxalq təcrübənin, müasir texnologiya və yanaşmaların tətbiqi ilə bağlı fikirlərini bölüşüb.

Layihənin qarşılıqlı fikir mübadiləsi şəraitində keçən müzakirələrində deputatlar fikirlərini, bəzi qeydlərini səsləndiriblər. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli və Mədəniyyət Nazirliyinin Hüquq şöbəsinin müdiri Gülər Mikayılova müzakirələrdə qaldırılan məsələlərə aydınlıq gətirəndən sonra qanun layihəsi Milli Məclisin plenar iclasında birinci oxunuşda baxılmaq üçün tövsiyə olunub.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsi öz işini davam etdirib. Komitənin gündəliyinin 2-ci məsələsi ilə bağlı deputat Nizami Səfərov bildirib ki, məsələ Aidə Əli qızı Hüseynin Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi ilə bağlıdır.

Gündəliyin sonrakı məsələləri barədə iclasda komitə sədri Əli Hüseynli məlumat verib. Bildirilib ki, Vergi Məcəlləsində, “Sosial sığorta haqqında” və “Dövlət qulluğu haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) dövlət qulluğunun hüquqi və sosial təminatına dair bir sıra məsələlərin daha təkmil tənzimlənməsini nəzərdə tutur. İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsindəki (birinci oxunuş) dəyişikliklər isə, əsasən, normativ hüquqi aktlar arasında uyğunluğun təmin edilməsi məqsədilə hazırlanıb.

Komitənin gündəliyinin 5-ci məsələsi - Əmək Məcəlləsində, Cinayət Məcəlləsində, Vergi Məcəlləsində, Cəzaların İcrası Məcəlləsində, “Həmkarlar ittifaqları haqqında”, “Sosial sığorta haqqında”, “Bələdiyyələrin statusu haqqında”, “Valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında”, “Narkoloji xidmət və nəzarət haqqında”, “Gənclər siyasəti haqqında”, “Yaşayış minimumu haqqında”, “Ünvanlı dövlət sosial yardımı haqqında”, “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında”, “İşsizlikdən sığorta haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında”, “Məşğulluq haqqında” və “Hesablama Palatası haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) əmək münasibətlərində çevik və sosial yönümlü tənzimləmələrin tətbiqini, əmək normalarının beynəlxalq əmək normaları nəzərə alınmaqla təkmilləşdirilməsini təklif edir.

Altıncı məsələ olan “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanunun icrası ilə əlaqədar bəzi qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi isə uyğunlaşdırma xarakterlidir. Növbəti, “Notariat haqqında” və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsində (birinci oxunuş) təklif olunan dəyişikliklər Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə məlumat mübadiləsinin daha operativ həyata keçirilməsinə yönəlib.

Sonuncu məsələ olan Vergi Məcəlləsində, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında”, “Sosial sığorta haqqında”, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında”, “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında”, “Tibbi sığorta haqqında”, “Dövlət rüsumu haqqında”, “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət orqanı əməkdaşlarının dövlət icbari şəxsi sığortası haqqında”, “Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında”, “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Uşaqların icbari dispanserizasiyası haqqında”, “Gömrük tarifi haqqında”, “Nağdsız hesablaşmalar haqqında” və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi isə Büdcə Zərfinə daxildir və üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Layihələrin müzakirəsində Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli və üzvləri dəyişikliklərlə bağlı fikirlərini bildiriblər.

İclasda qanun layihələri baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: