Azərbaycan–Slovakiya strateji tərəfdaşlığında enerji təhlükəsizliyi və müdafiə sənayesi ön planda

A- A A+

Azərbaycanın güclənən beynəlxalq imici ölkəmizin qlobal miqyasda etibarlı tərəfdaş olduğunu təsdiqləyir. Mərkəzi Asiyadan Avropaya qədər geniş coğrafiyada qurulan əməkdaşlıq əlaqələri Prezident İlham Əliyevin uzaqgörən və strategiyaya əsaslanan xarici siyasətinin nəticəsidir. Bu əməkdaşlıq həm ikitərəfli münasibətlərdə, həm də beynəlxalq təşkilatlar çərçivəsində formalaşmış etimada söykənir.

Regionda sülh gündəliyini müəyyən edən Azərbaycanın hərbi qüdrəti və modernləşən müdafiə sənayesi də məhz bu etibarlılığın tərkib hissəsidir. Ölkəmizin əsas hədəfi bölgədə sülhü istəməyənlərə qarşı çəkindiricilik mexanizmi formalaşdırmaqdır. Cənubi Qafqazda sülhün memarı kimi tarix yazan Müzəffər Ali Baş Komandan İlham Əliyev bu məqama toxunaraq bildirib ki, biz müharibə aparmaq fikrində deyilik və bizim üçün müharibələr artıq keçmişdə qalır.

Bu gün regionda sabitlik, əməkdaşlıq və sülhün təmin olunmasına töhfə verən Azərbaycanın Avropa ölkələri ilə əməkdaşlığı yüksələn xətlə inkişaf edir. Slovakiya ilə formalaşmış strateji tərəfdaşlıq isə enerji təhlükəsizliyindən müdafiə sənayesi əməkdaşlığına qədər bir çox sahələri əhatə edir. Bu baxımdan Azərbaycan Prezidentinin Slovakiyaya ilk rəsmi səfəri tarixi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin Slovakiyaya səfəri zamanı bu ölkənin Prezidenti Peter Pelleqrini ilə mətbuata birgə bəyanatlarla çıxış edərkən strateji gündəliyin demək olar ki, bütün istiqamətlərinə toxunulub.

Bratislavadakı görüşdə əsas diqqət məhz Avropanın dəyişən təhlükəsizlik arxitekturasında Azərbaycan resurslarının və sənaye potensialının Slovakiya üçün artan əhəmiyyətinə yönəlib. Statistikaya nəzər saldıqda görürük ki, Azərbaycanla Slovakiya arasında ticarət dövriyyəsi 2022-ci ildə 52,7 milyon dollar olub və hazırda da davamlı olaraq artmaqdadır. Xüsusilə də Azərbaycanın bu ölkəyə qaz ixracı iki dəfəyə qədər artıb. Məsələn, 2022-ci ildə ixrac 600 milyon kubmetr idisə, bu rəqəm 2023-cü ildə 1 milyard 250 milyon kubmetr olub.

Azərbaycanın qaz sənayesinin inkişafı ölkəmizin ixrac imkanlarını genişləndirir və regionda etibarlı enerji tərəfdaşı kimi mövqeyini daha da möhkəmləndirir. Slovakiya da enerji təchizatını şaxələndirmək üçün Azərbaycana uzunmüddətli strateji tərəfdaş kimi baxdığını açıq şəkildə bəyan edir. Azərbaycan isə artıq Slovakiyaya qaz ixracına başlayıb və Avropa bazarına genişlənmək imkanlarına malikdir. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan qazının yarısı bu gün Avropa İttifaqına ixrac olunur və mövcud resurslar həm Slovakiyanın, həm də digər Avropa ölkələrinin tələbatını qarşılamağa imkan verir. Bu da Cənubi Qafqazı Avropanın enerji xəritəsində daha mühüm dayağa çevirir. Azərbaycanın Avropa ilə Asiyanın kəsişməsində yerləşən zəngin enerji resursları Slovakiya üçün enerji təchizatının şaxələndirilməsində strateji əhəmiyyət daşıyır.

Azərbaycan-Slovakiya əlaqələrində digər əsas xətti müdafiə sənayesi əməkdaşlığı təşkil edir. Tərəflər müdafiə sənayesi sahəsində əməkdaşlığın inkişaf etdirilməsinə xüsusi prioritet kimi baxır. Slovakiya artıq öz artilleriya və sursat istehsalı üzrə təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır. Tərəflər yalnız silah tədarükü deyil, birgə istehsal, texnologiya ötürülməsi və üçüncü ölkələrə ixrac kimi daha strateji modelləri müzakirə ediblər. Bu yanaşma hər iki ölkəyə yeni sənaye sinerjisi və iqtisadi dəyər qazandırır. Azərbaycanın maliyyə imkanları ilə Slovakiyanın texnoloji bazasının birləşdirilməsi müdafiə sənayesi sahəsində real regional layihələrə yol aça bilər.

Nəqliyyat-logistika, rəqəmsal infrastruktur və digər sahələrdə əməkdaşlığın genişləndiyi diqqətə çatdırılsa da, səfərin strateji çəkisi əsasən iki istiqamətdə cəmləşib: Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolunun əhəmiyyətli şəkildə güclənməsi və Slovakiya–Azərbaycan müdafiə sənayesi əməkdaşlığının dayanıqlı mexanizmə çevrilərək daha sistemli mərhələyə qədəm qoyması.

Bratislavadakı bəyanatlar göstərir ki, tərəflər qarşıdakı illərdə enerji təhlükəsizliyi və müdafiə sənayesini Azərbaycan–Slovakiya münasibətlərinin əsas dayaqları kimi formalaşdırmağı hədəfləyir. Bütün bunlar 2023-cü ildə imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin praktik nəticələrini təsdiqləyir və münasibətlərin davamlı olaraq dərinləşdiyini nümayiş etdirir.

 

Nəriman Nəcəfov

NUHÇIXAN

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: