Azərbaycan və Slovakiya arasında Mədəni-Humanitar Dialoqun Genişlənməsi

A- A A+

Azərbaycan Respublikası və Slovakiya Respublikası arasında ikitərəfli münasibətlər dostluq, qarşılıqlı etimad və strateji tərəfdaşlıq prinsiplərinə əsaslanır. Siyasi, iqtisadi və humanitar sahələrdə əldə olunan mühüm nəticələr mədəniyyət sahəsində əməkdaşlığın genişlənməsi üçün möhkəm zəmin yaratmışdır. Prezident İlham Əliyevin 8 dekabr 2025-ci ildə Slovakiyaya səfəri zamanı verdiyi bəyanatda qarşılıqlı hörmətə, çoxşaxəli əməkdaşlığın inkişafına və dövlətlər arasında yaxın humanitar əlaqələrə xüsusi önəm verilməsi mədəni dialoqun gələcək inkişaf istiqamətlərini daha da gücləndirmişdir.

Azərbaycan və Slovakiya xalqları arasında mədəni əlaqələrin inkişafı ikitərəfli münasibətlərin mühüm komponentlərindən biridir. Bu əlaqələr, hər iki ölkənin Avropa və Avrasiya məkanında mədəni müxtəlifliyin qorunması, milli irsin təbliği və xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi istiqamətində ortaq maraqlarını əks etdirir. Diplomatik münasibətlərin qurulmasından sonra iki dövlət arasında humanitar sahədə əməkdaşlıq ardıcıl genişlənmiş, mədəniyyət, elm, təhsil və turizm sahələrində əməkdaşlıq üçün yeni imkanlar yaranmışdır.

Azərbaycan və Slovakiya arasında mədəni əməkdaşlıq müxtəlif incəsənət sahələrini - musiqi, teatr, kino, təsviri incəsənət və ədəbiyyatı əhatə edir. Hər iki ölkənin mədəniyyət müəssisələri - muzeylər, teatrlar, konservatoriyalar və incəsənət mərkəzləri arasında əlaqələrin qurulması xalqların bir-birini daha yaxından tanımasına şərait yaradır. Bu çərçivədə qarşılıqlı mədəni tədbirlərin, sərgilərin, konsertlərin və festivalların təşkili, həmçinin müəllif və sənətçilərin qarşılıqlı mübadiləsi mühüm rol oynayır.Slovakiya Respublikasında Azərbaycanın zəngin musiqi irsinə – klassik muğam sənətinə, bəstəkar yaradıcılığına və müasir musiqi mədəniyyətinə maraq artmaqdadır. Eyni zamanda, Azərbaycanda Slovakiya klassik musiqisi, opera sənəti və Avropa mədəni irsi ilə bağlı tədbirlərin keçirilməsi hər iki ölkə arasında mədəni dialoqu genişləndirir.

Mədəni əlaqələrin mühüm tərkib hissəsi təhsil və elm sahəsində əməkdaşlıqdır. Azərbaycan və Slovakiya ali təhsil müəssisələri arasında tələbə və akademik mübadilə proqramları əməkdaşlığın genişlənməsi üçün real imkanlar yaradır. Texnologiya, mühəndislik, energetika, informasiya texnologiyaları və humanitar sahələrdə müştərək tədris proqramlarının inkişafı elmi-mədəni inteqrasiyanı gücləndirməyə xidmət edir. Prezident İlham Əliyevin bəyanatlarında xüsusi vurğulanan yüksək texnoloji sahələrdə- data mərkəzləri, süni intellekt və rəqəmsal inkişaf istiqamətlərində əməkdaşlıq potensialı həm də elmi-intellektual mübadilənin genişlənməsi üçün mühüm imkanlar yaradır.

Azərbaycan və Slovakiya təbii irsi, tarixi abidələri və zəngin mədəni mühiti ilə məşhurdur. Hər iki ölkə arasında turizm sahəsində əməkdaşlığın genişləndirilməsi mədəni əlaqələrin inkişafına əlavə təkan verir. Azərbaycanın çoxşaxəli turizm potensialı - dağ turizmi, sağlamlıq turizmi, tarixi-mədəni irs sahələri, habelə Slovakiyanın qədim memarlıq abidələri, milli parkları və kurort zonaları qarşılıqlı turizmi stimullaşdırır.Bu sahədə əməkdaşlıq həm xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmlənməsinə, həm də iki ölkənin iqtisadi əlaqələrinin yeni məzmunla zənginləşməsinə xidmət edir.

Azərbaycan və Slovakiya arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması mədəni əməkdaşlığın inkişafı üçün yeni mərhələnin əsasını qoymuşdur. Prezident İlham Əliyevin bəyanatında vurğuladığı kimi, iki ölkə arasında dostluq münasibətləri bütün istiqamətlər üzrə əməkdaşlığın daha da dərinləşməsinə şərait yaradır. Mədəni sahə isə xalqlar arasında uzunmüddətli etimada əsaslanan qarşılıqlı əlaqələrin ən mühüm sütunlarından biridir.

Humanitar və mədəni əlaqələrin genişləndirilməsi Azərbaycan–Slovakiya münasibətlərinin möhkəmlənməsinə, xalqlar arasında qarşılıqlı hörmət və anlayışın daha da artmasına, habelə iki ölkənin strateji tərəfdaşlıq ruhunda gələcək əməkdaşlıq perspektivlərinin daha da inkişaf etdirilməsinə xidmət edir.

 

Naxçıvan Muxtar Respublikası

 Ali Məclisinin deputatı

 Gülxarə Əhmədova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: