Onun xəyalları: Azərbaycan - FOTOLAR

A- A A+

1997-ci ilin payızı idi...

Zəmilər yavaş-yavaş boz rəng almağa başlamışdı. Batmaqda olan günəşin süzülən işığı yoncalığın üstünə sərilmiş kimi yumşaq idi. Hava elə bil azca soyumağa başlmışdı, nəfəs aldıqca soyuq hava ciyərlərə dolurdu. O vaxtın payızı da insanı qılınc kimi kəsirdi sanki.  Gün batmağa yaxın, təxminən saat 17:00-da qatar Stansiya-Daşarx tərəfdən uzun, bir az da yorğun bir səs siqnalı verdi. O səs sanki bu torpaqların döyünən nəbzi idi - həm həyatın davamını, həm də taleyin qarşısında boyun əyməyən bir toplumun səssiz qürurunu xatırladırdı. Bu qatar həmin qatar idi ki, bir vaxtlar Bakıdan yola çıxıb İrəvanda dayanırdı, amma bu  marşurut üzrə sonucu dəfə elə Sahib dünyaya göz açan ildə -1990-cı ildə hərəkət etmişdi. İndi isə onun marşurutu qısılıb, sadəcə Ordubad-Sədərək üzrə olmuşdu.

Sahib həmin səsə alışmışdı. Uşaqlığın ritmi o qatarın təkərləri kimi dövr edirdi - gah sürətlənir, gah yavaşıyır, amma heç vaxt dayanmaq istəmirdi.

Sahib 20 baş iri buynuzlu mal-qaranı yoncalığın yaşıl vadisində, çay qırağının otlaqlarında otara-otara dərslərini oxuyurdu. Düşüncələri sadə idi: ailəsinə kömək etsin, heyvanları sağ-salamat evə qaytarsın, sabahkı dərslərinə hazırlansın.

Gələcək isə o vaxt onun gözündə yalnız uzaq bir xətt idi - nə gətirəcəyini bilmirdi, bəlkə heç düşünmürdü də. Uşaqlar belədir: yaşadıqları gün nə qədər çətin olsa da, sabahın nə gətirəcəyinə dair xatircəmlikləri olmur, sadə düşünürlər - həmin günü yola verib getsinlər evə.

Sahib illərini tez-tez varaqlayıb bir az böyümüş, həmin qatarla bir neçə dəfə Naxçıvan şəhərinə də getmişdi. Son dönəmlər isə Ordubad-Sədərək marşurutu üzrə hərəkət edən həmin qatar çox önəmli və ciddi bir məsələ ilə bağlı dayanıb, artıq bu polad yollar yenidən qurulacaq.

İndi isə il 2025-dir.

Bakı-İrəvan marşurutu üzrə hərəkət edən qatarın dayanmasından 35 il keçib.

Həmin qatarın səsi artıq Stansiya-Daşarxda eşidilmir.

Və təkcə qatar yox, elə Sahib də o kənddə yaşamır. O mal-qaranı qatar səsi ilə yoncalığa sürməyi də çoxdan unudub, sadəcə bir uşaqlıq xatirəsi olaraq yaddaşında qalır. İndi  O, arzularına çatıb-ali təhsil alıb, dünyagörüşlü insan olaraq yaşadığı regiona fayda verməyə çalışır.

O vaxtlar bilmədiyi həqiqətləri bu gün aydın görür və deyir. 1990-cı illərdə Naxçıvanın blokadaya düşməsini, insanların burda çətinliklə yaşadığını və Ulu Öndər Heydər Əliyevin ətrafında sıx birləşərək Naxçıvanın düşmən işğalından qoruduğunu və dövlətçiliyin təməl daşlarının  buradan atıldığını hər zaman dilə gətirir. Sahib indi  o zamankı xəyalların bu gün gerçəyə çevrildiyinin şahidi olur. Və ən əsası - Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə Azərbaycan Ordusunun qazandığı tarixi qələbənin dəyərini, mənasını bütün varlığı ilə dərk edir.

Sahib indi daha yaxşı bilir ki, o vaxt susdurulan qatar səsi, əslində, bir xalqın taleyində yandırılan işığın boğulması demək idi. İndi o bilir ki, 1990-cı illərdə Ermənistanın təcavüzü nəticəsində bu yolun bağlanması o illərin dərdi, bir bölgənin iqtisadi nəfəsinin kəsilməsi idi. Atasından, anasından eşidib bildiyinə görə, Bakı-İrəvan qatarı bu kəndlərin iqtisadi vəziyyətinə müsbət mənada ciddi təsir göstərirdi.

Amma zaman hər şeyi öz yerinə qoyur...

Bu gün Sahib anlayır ki, həmin dəmir yolu təkcə relslər və vaqonlardan ibarət deyilmiş. Bu yol Urumçidən başlayıb Londonda bitən böyük bir coğrafi nəqliyyat damarının, türk dünyasını Avropaya bağlayan strateji nəqliyyat xəttinin bir hissəsidir. Bu yol Azərbaycanın təkcə xəritədə deyil, qlobal nəqliyyat arteriyalarında öz yerini möhkəmləndirməsinin simvoludur. Bu gün ölkəmizin geniş coğrafiyasında bu yol yenidən bərpa olunur, müasir standartlara uyğunlaşdırılır. Ordubad rayonunun Salamməlik stansiyasında tikinti işlərinə start verilməsi bunun bariz nümunəsidir.

188 km-lik yeni dəmir yolu xətti Azərbaycanı sabahın logistik mərkəzinə çevirəcək.

Təmir və yenidənqurma işləri başa çatdıqdan sonra xəttin illik yükötürmə qabiliyyəti 15 milyon ton olacaq – bu artıq iqtisadiyyatın yeni nəfəsidir.

2025-ci il avqustun 8-də Vaşinqtonda Prezident İlham Əliyev tərəfindən imzalanmış “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP)” razılaşması isə bütün bölgənin taleyini dəyişəcək beynəlxalq hadisələrdən biri oldu.

Bu marşrut çərçivəsində Zəngəzur dəhlizinin bərpası həm Orta Dəhliz, həm Şimal–Cənub nəqliyyat xətti üçün strateji halqa rolunu oynayacaq.

Sonuncu dayanmış qatarla sanki zaman dayanmışdı…

Amma bu gün o dayanan vaqonlardan yeni bir dövr başlayır — qalibiyyətin dövrü.

Arada keçən illər yalnız vaxt deyil, həm də dönüşdür — dövlətin gücü, ordunun qüdrəti, xalqın iradəsidir.

Bu günün reallıqları təkcə Sahibi deyil, yüzlərlə investoru, qlobal şirkətləri, böyük layihələri o torpaqlara qaytarır.

Bir vaxtlar susan stansiyalara indi ümid qayıdır.

Və bütün bunların fonunda Azərbaycan yenə verdiyi sözün üstündədir.

Qalib, təhlükəsizliyi təmin edən, geosiyasi sabitliyə töhfə verən ölkə kimi öz öhdəliklərinə sadiqdir.

Bunun təməlində isə Ulu Öndər Heydər Əliyevin uzaqgörənliyi, strateji düşüncəsi və yaratdığı inkişaf fəlsəfəsi dayanır. Onun xəyalları bu gün gerçəyə çevrilir-azad, suveren, güclü Azərbaycan.

Məhz O, bu gün yenidən dirçələn yolların, canlanan stansiyaların, böyük logistik layihələrin ideoloji memarıdır.

İndi qatar səsi yoxdursa belə — bu millətin yol səsi var.

Azərbaycanın yolu açıqdır.

Bu yol qalibiyyətə, təhlükəsizliyə və gələcəyə gedir.

Nicat Quliyev

Naxçıvan televiziyasının baş redaktoru

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: