12 dekabr – Ümummilli Lider Heydər Əliyevin anım günüdür

A- A A+

Xalqımız 12 dekabrı Ümummilli Lider Heydər Əliyevin anım günü kimi hər il böyük ehtiram və dərin minnətdarlıq hissi ilə qeyd edir. Tarixə öz adını əbədi həkk etmiş bu nadir şəxsiyyətin, qüdrətli siyasi xadimin həyat və fəaliyyəti hər bir Azərbaycan vətəndaşı üçün qürur mənbəyidir. Millətlərin taleyində xilaskar rolunu oynayan dahi insanlar olur. Belə şəxsiyyətlər öz qətiyyətləri, müdrikliyi və iradələri ilə xalqını arxasınca apararaq ən məsul anlarda həlledici söz sahibi olurlar.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev də müasir dünya tarixinə parlaq iz qoymuş, fitri istedadı, qeyri-adi zəkası və müdrik dövlətçilik məktəbi ilə seçilən böyük şəxsiyyətdir. Onun həyat yolu və fəaliyyəti yüksək insani dəyərləri özündə ehtiva edən nümunəvi bir məktəbdir. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər tariximizə intibah, milli tərəqqi, milli oyanış və nəhayət, müstəqil dövlət quruculuğunun möhtəşəm dövrü kimi daxil olub.

Uzaqgörən siyasəti, imzaladığı fərman və sərəncamları, keçirdiyi görüşləri və dərin məzmunlu nitqləri ilə Heydər Əliyev ölkəmizin sərhəd siyasətinin və sərhədlərin mühafizəsi strategiyasının əsaslarını böyük dəqiqliklə müəyyənləşdirib. Bu siyasi kurs bu gün də uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Vətən müharibəsində qazandırdığı möhtəşəm qələbə bunun ən parlaq nümunəsidir. 44 günlük savaş zamanı cənab İlham Əliyev həm hərb meydanında müzəffər sərkərdə, həm də diplomatik cəbhədə böyük strateq kimi çıxış edərək Azərbaycanın haqq səsini dünyaya çatdırdı, bütün təzyiqlərə mərdliklə sinə gərdi və xalqı ilə vəhdətdə olan lider obrazını daha da möhkəmləndirdi.

Bu gün ölkəmizin həm daxili, həm də xarici siyasətdə əldə etdiyi uğurlar Prezident İlham Əliyevin və onun yaxın silahdaşı, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Ulu Öndərin ideyalarının davamı və təntənəsidir.

Uzun müddət ABŞ-ın Klivlend Klinikasında müalicə olunan Heydər Əliyev 2003-cü il dekabrın 12-də vəfat edib. Həmin tarixdən etibarən 12 dekabr xalqımız tərəfindən Ümummilli Lider Heydər Əliyevin anım günü kimi qeyd olunur.

Allah rəhmət eləsin!

Nurtac İsmayılova 

NUHÇIXAN

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: