Milli Məclisin növbəti plenar iclası keçirilib, 10 məsələ müzakirə olunub

A- A A+

Dekabrın 16-da Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib.

NUHÇIXAN xəbər verir ki, iclasda əvvəlcə cari məsələlərin müzakirəsi keçirilib.

Müzakirələr zamanı komitə sədri Şahin İsmayılov, deputatlar Razi Nurullayev, Aqil Abbasov, Bəhruz Məhərrəmov, Elman Nəsirov, Azər Badamov, Əli Məsimli, Məlahət İbrahimqızı, Tural Gəncəliyev, Asif Əsgərov çıxış edərək, gündəmdə olan bəzi məsələlər barədə öz fikirlərini bölüşüblər.

Çıxışlarda bu günlərdə Prezident İlham Əliyevin humanizm və mərhəmət ənənələrinə sadiq qalaraq irəli sürdüyü amnistiya elan edilməsi təşəbbüsünün əhəmiyyəti barədə fikirlər səsləndirilib. Deputatlar ölkə Prezidentinin amnistiya təşəbbüsünü dəstəklədiklərini bildiriblər. Bu addımı Prezidentin və dövlətimizin öz vətəndaşlarına diqqət və qayğısının bariz nümunəsi kimi yüksək dəyərləndiriblər.

Sonra Milli Məclisin sədri Sahibə Qafarova bu gün 10 məsələnin müzakirə ediləcəyini bildirib. O, gündəliyin ilk 3 məsələsinin beynəlxalq sənədlərin təsdiqi ilə bağlı qanun layihələrinin olduğunu deyib. Parlamentin sədri “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələbinə uyğun olaraq, həmin qanun layihələrinin bir oxunuşda baxılaraq qəbul ediləcəyini söyləyib.

Daha sonra parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyi arasında qarşılıqlı hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında qanun layihəsini təqdim edib.

Müzakirələr zamanı çıxış edən komitə sədri Siyavuş Novruzov, deputatlar Hikmət Məmmədov, Bəhruz Məhərrəmov, Sahib Alıyev məsələyə dair fikirlərini söylədikdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Zaur Şükürov “Kosmonavtların xilas edilməsi, kosmonavtların geri qaytarılması və kosmik fəzaya çıxarılmış obyektlərin geri qaytarılması haqqında Saziş”ə qoşulmaq barədə qanun layihəsinə dair məlumat verib.

Diqqətə çatdırılıb ki, Saziş 1968-ci il aprelin 22-də imzalanıb. Saziş kosmik gəminin şəxsi heyətinin qəzaya uğraması, təcili və gözlənilmədən eniş etməsi barədə məlumat alan tərəfin vəzifələrini müəyyən edir, bu sahədə yarana biləcək münasibətlərin səmərəli şəkildə tənzimlənməsini nəzərdə tutur.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov sənəd barədə bu komitənin müsbət rəyini açıqlayıb.

Deputatlar Müşfiq Məmmədli və Ülviyyə Həmzəyeva bəzi fikir və təkliflərini səsləndirdikdən sonra qanun layihəsi qəbul edilib.

Deputat Zaur Şükürov, həmçinin “Azərbaycan Respublikası Hökuməti ilə Ruanda Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsini diqqətə çatdırıb.

Bildirilib ki, Saziş 2025-ci il sentyabrın 20-də Bakı şəhərində imzalanıb, 25 maddə və marşrut cədvəlini əks etdirən Əlavədən ibarətdir.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov məsələ barədə fikirlərini açıqlayaraq, sənədin Azərbaycanın milli maraqlarına uyğun olduğunu deyib və rəhbərlik etdiyi komitənin müsbət rəy verdiyini söyləyib.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Parlamentin sədri Sahibə Qafarova növbəti iki məsələnin Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olduğunu və mahiyyətcə bir-birinə bağlı olduğunu deyib.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov “Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında” qanun layihəsini təqdim edib, Mülki Məcəllədə, Ticarət Gəmiçiliyi Məcəlləsində, “Nəqliyyat haqqında” və “Avtomobil nəqliyyatı haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinə dair məlumat verib.

Hər iki qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Daha sonra Azər Əmiraslanov "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında", "Ətraf mühitin mühafizəsi haqqında", "Dövlət rüsumu haqqında", "Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında" və "Standartlaşdırma haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib.

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Naqif Həmzəyev məsələnin bu komitədə dəstəkləndiyini bildirdikdən sonra qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.

Sonra Sahibə Qafarova digər 4 məsələnin birinci oxunuşda qanun layihələri olduğunu bildirib.

Azər Əmiraslanov “Dövlət rüsumu haqqında” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib.

Qeyd olunub ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanunun 6-cı və "Dövlət rüsumu haqqında" qanunun 26-cı maddələrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsinə görə tutulan dövlət rüsumunun dərəcələrini müəyyən edilir.

Bildirilib ki, layihədə təklif olunan dəyişiklik sosial cəhətdən həssas əhali kateqoriyasının – müharibə ilə əlaqədar, 20 Yanvar hadisələri ilə əlaqədar, hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar, o cümlədən “Çernobıl” AES-də hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin, habelə şəhid ailəsi statusu almış şəxslərin həmin xidmətlərə və hüquqi hərəkətlərə görə dövlət rüsumundan azad olunmasını nəzərdə tutur.

Daha sonra komitə sədri Azər Əmiraslanov Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi barədə məlumat verib.

O bildirib ki, layihə vergi rezidentliyinin müəyyən olunması üçün Vergi Məcəlləsində müvafiq dəyişikliyin edilməsini nəzərdə tutur.

Qanun layihələri birinci oxunuşda qəbul edilib.

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Vergi Məcəlləsində, “Sosial sığorta haqqında” və “Dövlət qulluğu haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib.

Qeyd olunub ki, sənəddə təklif edilən dəyişikliklər Azərbaycan Respublikasında dövlət qulluğunun hüquqi və sosial təminatına dair bir sıra məsələlərin daha təkmil tənzimlənməsini nəzərdə tutur.

Məsələ barədə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov, Əmək və sosial siyasət komitəsinin üzvü Soltan Məmmədov bu komitələrin rəylərini açıqladıqdan sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Sonra Əmək və sosial siyasət komitəsinin üzvü Soltan Məmmədov Əmək Məcəlləsində, Cinayət Məcəlləsində, Vergi Məcəlləsində, Cəzaların İcrası Məcəlləsində, “Həmkarlar ittifaqları haqqında”, “Sosial sığorta haqqında”, “Bələdiyyələrin statusu haqqında”, “Valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında”, “Narkoloji xidmət və nəzarət haqqında”, “Gənclər siyasəti haqqında”, “Yaşayış minimumu haqqında”, “Ünvanlı dövlət sosial yardımı haqqında”, “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında”, “İşsizlikdən sığorta haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında”, “Məşğulluq haqqında” və “Hesablama Palatası haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib.

O bildirib ki, layihə 18 qanun üzrə 178 maddədə 457dəyişikliyi ehtiva edir. Dəyişikliklərin əksəriyyəti Əmək Məcəlləsinə aiddir, digər 17 qanuna təklif edilən dəyişikliklər isə Əmək Məcəlləsində nəzərdə tutulan dəyişikliklər çərçivəsində hazırlanıb, uyğunlaşdırma və dəqiqləşdirmə xarakteri daşıyır.

Sonra Soltan Məmmədov layihədə təklif olunan dəyişikliklərin mahiyyəti barədə geniş məlumatı deputatların diqqətinə çatdırıb.

İclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov, Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov, Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov bu komitələrin qanun layihəsi barədə rəylərini açıqlayıblar.

Müzakirələrdən sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: