Milli Mədəniyyətin Qorunması və İnkişafında Azərbaycan Prezidenti İlham Əliyevin Rolu

A- A A+

Müasir dövrdə mədəniyyət yalnız mənəvi həyat sahəsi deyil, eyni zamanda milli təhlükəsizliyin, ideoloji dayanıqlığın və dövlət suverenliyinin əsas sütunlarından biri kimi çıxış edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən mədəniyyət siyasəti bu baxımdan sistemli, məqsədyönlü və uzunmüddətli strateji xarakter daşıyır. Ərazi bütövlüyünün bərpasından sonra bu siyasət yeni məzmun qazanmış, Qarabağ və Şərqi Zəngəzurda mədəni həyatın dirçəldilməsi dövlətin prioritet istiqamətlərindən birinə çevrilmişdir. 2024-cü il 7 fevral prezident seçkilərinin bütün ölkə ərazisində, o cümlədən işğaldan azad edilmiş torpaqlarda keçirilməsi milli-mədəni suverenliyin siyasi və mənəvi təsdiqi kimi tarixə düşmüşdür.

Prezident İlham Əliyevin mədəniyyət siyasətinin əsasını onun dərin elmi-intellektual hazırlığı və dövlətçilik təfəkkürü təşkil edir. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda aldığı ali təhsil, tarix elmləri üzrə elmi fəaliyyəti və beynəlxalq münasibətlər sahəsində qazandığı biliklər mədəniyyətə sadəcə humanitar sahə kimi deyil, milli təhlükəsizliyin və ideoloji sabitliyin ayrılmaz hissəsi kimi yanaşmanı formalaşdırmışdır. Bu baxımdan mədəniyyət dövlət siyasətində ayrıca istiqamət deyil, ümumi inkişaf strategiyasının üzvi tərkib hissəsi kimi çıxış edir.

Azərbaycan mədəni irsinin qorunması və inkişafı İlham Əliyevin rəhbərliyi ilə dövlət siyasətinin prioritet sahələrindən birinə çevrilmişdir. Muğam, aşıq sənəti, xalçaçılıq və digər maddi və qeyri-maddi mədəni irs nümunələrinin qorunması, beynəlxalq səviyyədə tanıdılması və gələcək nəsillərə ötürülməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilmişdir. İşğal dövründə dağıdılmış məscidlərin, muzeylərin və tarixi abidələrin bərpası isə yalnız maddi infrastrukturu deyil, milli yaddaşı və tarixi ədaləti bərpa etmək baxımından xüsusi əhəmiyyət daşıyır.

2020-ci ildə Vətən müharibəsində qazanılan Qələbə Azərbaycan xalqının mədəni və mənəvi həyatında yeni mərhələnin əsasını qoydu. İlham Əliyevin Müzəffər Ali Baş Komandan kimi rəhbərliyi ilə əldə edilən Zəfər milli kimliyin möhkəmlənməsinə, tarixi yaddaşın yenidən formalaşmasına və Zəfər mədəniyyətinin yaranmasına səbəb oldu. Zəfər Gününün təsis edilməsi, Vətən Müharibəsi Memorial Kompleksi, Zəfər Parkı və Zəfər Muzeyinin yaradılması Qələbənin milli mədəni yaddaşda əbədiləşdirilməsinə xidmət edir və gənc nəslin vətənpərvərlik tərbiyəsində mühüm rol oynayır.

Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən Böyük Qayıdış siyasəti mədəni aspektdən xüsusi strateji əhəmiyyətə malikdir. Qarabağ və Şərqi Zəngəzura qayıdış təkcə əhalinin məskunlaşması deyil, eyni zamanda mədəni həyatın, təhsilin və ictimai mühitin bərpasıdır. Azad edilmiş ərazilərdə mədəniyyət mərkəzlərinin, təhsil müəssisələrinin və tarixi abidələrin yenidən qurulması bölgədə davamlı sosial-mədəni həyatın formalaşmasına şərait yaradır. Şuşanın yenidən Azərbaycanın mədəni paytaxtına çevrilməsi bu siyasətin rəmzi və praktik nəticəsidir.

Müzəffər Ali Baş Komandanın  mədəniyyət siyasətində humanizm və tolerantlıq prinsipləri mühüm yer tutur. Əfv və amnistiya aktları, şəhid ailələri və qazilərə göstərilən dövlət qayğısı, sosial dəstək mexanizmləri humanist dövlət modelinin praktik ifadəsidir. Multikulturalizm və mədəni müxtəlifliyin qorunması isə Azərbaycan cəmiyyətində milli birliyin və ictimai sabitliyin möhkəmlənməsinə xidmət edir. Bakı şəhərinin beynəlxalq humanitar və mədəniyyətlərarası dialoq mərkəzinə çevrilməsi bu siyasətin beynəlxalq miqyasda tanındığını göstərir.

Prezident İlham Əliyevin həyata keçirdiyi mədəniyyət siyasəti Azərbaycan dövlətçiliyinin ideoloji və mənəvi əsaslarını möhkəmləndirmişdir. Milli mədəni irsin qorunması, Zəfər mədəniyyətinin formalaşdırılması və Böyük Qayıdış çərçivəsində mədəni həyatın dirçəldilməsi Qalib xalqın Qalib liderə malik olduğunu bir daha təsdiqləyir. Bu siyasət Azərbaycanın yalnız hərbi və siyasi deyil, eyni zamanda güclü mədəni dövlət kimi gələcəyə inamla irəliləməsini təmin edir.

Gülxarə Əhmədova  Naxçıvan Muxtar

Respublikası Ali Məclisinin deputatı

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: