Ötən il Ankarada imzalanmış 120 bənddən ibarət Fəaliyyət Planı Hökumətlərimizin birgə səyləri nəticəsində 78 faiz icra edilib. İcrası qalan bəndlər isə yeni Fəaliyyət Planında öz əksini tapacaq.
NUHÇIXAN xəbər verir ki, bu fikri Baş nazir Əli Əsədov Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 12-ci iclasında deyib.
O qeyd edib ki, zamanın çağırışlarını nəzərə alaraq Fəaliyyət Planına mütəmadi yeni müddəalar əlavə olunur: “Bu gün də tərəfdaşlığımızın bütün aktual sahələrini əhatə edən 110 bəndlik Fəaliyyət Planını təsdiqləyəcəyik. Ümidvaram ki, yeni müddəaların icrası əməkdaşlığımızın daha da inkişaf etdirilməsinə müsbət təsir göstərəcək”.
Dekabrın 22-də isə 2-ci Azərbaycan-Türkiyə İnvestisiya Forumunun baş tutacağını vurğulayan Baş nazir əlavə edib: “Sevindirici haldır ki, bu tədbir artıq investisiya axınlarının artırılması üçün mühüm mexanizmə çevrilməkdədir”.
