DÜNYA HƏRB VƏ DİPLOMATİYA TARİXİNƏ ADINI YAZDIRAN LİDER

A- A A+

Müasir dünya lideri modelinin siması Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin adı müstəqil Azərbaycanın siyasi tarixinə davamlı inkişafın, güclənən dövlətçilik ənənələrinin, qlobal miqyasda artan nüfuzun müəllifi kimi düşdü. Dövrümüzün mürəkkəb siyasi reallıqları fonunda Azərbaycanı dünyanın sayılıb-seçilən dövlətləri sırasına çıxaran İlham Əliyev bütün platformalarda milli maraqlarımızı qətiyyətlə müdafiə edir. Ulu öndər Heydər Əliyevin siyasi kursunun davamçısı, Azərbaycanı xaos dövrünün çətinliklərindən, ziddiyyətlərindən xilas edərək sabitlik, inkşaf dövrünə çıxaran ölkə başçısı diplomatiya sahəsində olduğu kimi hərbi sahədə də misli görülməmiş uğurlara imza atdı. Uzun illər apardığı məqsədyönlü işin nəticəsində 2020-ci ildən sonra ölkəmizdə tarixi reallıqlar dəyişdi. Azərbaycan özünün ərazi bötüvlüyünü, suverenliyini bərpa edərək 30 illik işğala son qoydu. Prezident İlham Əliyev deyirdi: “Mən dəfələrlə demişdim ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq. Dəfələrlə demişdim ki, nəyin bahasına olursa-olsun biz öz torpaqlarımızı geri qaytaracağıq. Dəfələrlə demişdim ki, düşmən öz xoşu ilə torpaqlarımızdan çıxmasa, biz onu torpaqlarımızdan qovacağıq və belə də oldu. Biz Birinci Qarabağ müharibəsindəki məğlubiyyətlə barışmadıq, güc topladıq, bütün gücləri səfərbər etdik, ordumuzu gücləndirdik, ölkə iqtisadiyyatını gücləndirdik, ölkəmizin nüfuzunu qaldırdıq və öz tarixi missiyamızı şərəflə yerinə yetirdik”. Doğurdan da, ölkə başçısı “Nəyi, nə zaman və necə?” etmək lazım olduğunu düzgün müəyyənləşdirdi və onun rəhbərliyi ilə güclənmiş, peşəkarlaşmış Müzəffər Azərbaycan Ordusu uzun illərin torpaq həsrətinə son qoydu. Bu gün işğaldan azad olunmuş ərazilərdə böyük abadlıq, quruculuq layihələri həyata keçirilir. Şəhərlər, kəndlər yenidən qurulur, güclü və müasir infrastruktur yaradılır. Ölkə başçımızın uğurlu siyasətinin nəticəsi olaraq artıq həmin ərazilərdə maddi və mənəvi genosidə son qoyulub, o ərazilərə həyat yenidən qayıdıb. Milli maraqlara söykənən uğurlu xarici və daxili siyasət ilə Prezident İlham Əliyev unikal, dünya liderləri arasında bənzəri olmayan, ədalətli, təvazökar, ənənələrinə bağlı, eyni zamanda da müasir bir şəxsiyyət kimi xarakterizə oluna bilər.

Prezident İlham Əliyevin yürütdüyü uğurlu xarici siyasətin əsas istiqamətlərindən biri Qarabağ məsələsinin beynəlxalq hüquq çərçivəsində həlli oldu. Əlbəttə, qələbə yalnız hərb meydanında deyil, həm də diplomatiya ilə qazanılır. Məhz seçilmiş düzgün strategiya və diplomatik həmlələr, informasiya cəbhəsində peşəkar gedişlər qələbəni şərtləndirdi. Ölkə başçısı həmişə beynəlxalq platformalarda Azərbaycanın mövqeyini qətiyyətlə və açıq şəkildə ifadə edir. Bu da Azərbaycanın beynəlxalq münasibətlər sistemində yerini müəyyənləşdirir.

Prezident İlham Əliyevin xarici siyasətinin ən qabarıq cəhətlərindən biri ondan ibarətdir ki, o, həm Şərq, həm də Qərb dövlətləri ilə qarşılıqlı hörmətə əsaslanan balanslaşdırılmış münasibətlər qurub. Beləliklə də öz milli maraqlarını heç nəyə güzəştə getməyən Azərbaycan regionun aparıcı ölkəsi olmaqla yanaşı, beynəlxalq aləmdə də söz sahibi dövlətlərdən birinə çevrilib. Hələ 2019-cu ildə Prezident İlham Əliyev ölkəmizin xarici siyasəti ilə bağlı deyirdi: “Hesab edirəm ki, Azərbaycan xarici siyasətlə bağlı nümunəvi ölkə sayıla bilər. Bizim xarici siyasətimiz daxili siyasətimizin məntiqi davamıdır. Uğurlu xarici siyasət aparmaqla biz özümüzü mümkün olan xarici risklərdən qoruyuruq və buna nail oluruq. Bəzən bizim xarici siyasətimizi tarazlaşdırılmış siyasət kimi qələmə verirlər. Ancaq mən hesab edirəm ki, bizim xarici siyasətimiz milli maraqlar üzərində qurulub. Milli maraqlar diktə edir ki, biz bütün ölkələrlə işgüzar, bərabərhüquqlu, bir-birinin işinə qarışmamaq şərti ilə münasibətlər quraq və qurmuşuq – qonşularımızla, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrlə, eyni zamanda, Avropa ölkələri ilə. Yəni, biz buna nail ola bilmişik, eyni zamanda, öz milli maraqlarımızı həmişə lazımi səviyyədə qoruyuruq və qoruyacağıq”.

Prezidentin xarici siyasətinin əsas istiqamətlərindən biri də enerji diplomatiyasıdır. Əsası 1994-cü ildə “Əsrin müqaviləsi” ilə qoyulan bu diplomatiya Azərbaycanın xarici əlaqələrinin genişlənməsinə imkan vermişdir. Ölkəmiz dünyada etibarlı tərəfdaş kimi tanınır və qəbul olunur. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi kimi layihələr Azərbaycana yalnız iqtisadi qazanc deyil, eyni zamanda güclü siyasi mövqe də qazandırdı. Ölkəmizin dünya enerji bazarına inteqrasiyasını təmin etdi, yeni investisiyaların cəlbinə imkan yaratdı və siyasi müstəqilliyimizi möhkəmləndirdi.

Prezident İlham Əliyevin xarici siyasətinin əsas prioritetlərindən biri də türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsidir. Məhz Azərbaycan Prezidentinin təşəbbüsləri və səyləri nəticəsində son illərdə bu ölkələr arasında əlaqələr şaxələnib. Bu əlaqələr həm siyasi, həm iqtisadi, həm də mədəni çərçivədə genişlənməkdədir. 2009-cu ildə Naxçıvanda keçirilən Zirvə görüşündən sonra Türk Dövlətləri Təşkilatının üzvləri arasında əməkdaşlıq əlaqələri müxtəlif sahələrdə təsisatlanıb. Prezident İlham Əliyevin bu ölkələrə səfərləri və bu səfərlər çərçivəsində imzalanan sənədlər əməkdaşlığa töhfələr verməkdədir.  

Hər bir dövlətin gələcək inkişafında onun daxili siyasəti həlledici rol oynayır. Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycanda həyata keçirilən daxili siyasət sabitliyin qorunması, institusional islahatların dərinləşdirilməsi və milli maraqlara əsaslanan idarəetmə modeli ilə səciyyələnir. Bu siyasət real nəticələrə əsaslanır və uzunmüddətli strateji hədəflərə yönəlmişdir. Ölkə rəhbərinin daxili siyasəti əsas etibarilə Azərbaycanın gələcək inkişafına hədəflənmiş islahatlarla səciyyələnir. Bu islahatlar bütün sahələri əhatə edir. Ölkə daxilində ictimai-siyasi sabitliyin təmin edilməsi, idarəçiliyin təkmilləşdirilməsi, şəffaflığın artırılması əsas prioritet istiqamətlərdəndir. 

Müasir dövrün reallıqlarında Prezident İlham Əliyevin daxili siyasətinin böyük bir qolunu da quruculuq siyasəti təşkil edir. Bu, bütün ölkəni əhatə etsə də, onun əsas istiqaməti işğaldan azad olunmuş ərazilərə yönəlmişdir. 2020-ci ildə əldə olunan tarixi Zəfər Azərbaycan dövlətçiliyinin yeni inkişaf mərhələsini başlatdı. Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işləri təkcə fiziki infrastrukturun deyil, həm də milli ruhun dirçəlişinin rəmzinə çevrildi. Bu ərazilər artıq dağıntıların yox, quruculuğun, həyatın və gələcəyə inamın məkanıdır. Burada müasir texnologiyalara əsaslanan genişmiqyaslı infrastruktur layihələri həyata keçirilir. Kəndlər, şəhərlər yenidən qurulur, yollar çəkilir, körpülər, tunellər salınır, hava limanları inşa edilir. Bütün bunlar dövlətimizin gücünü, iradəsini nümayiş etdirir. Füzuli, Zəngilan və Laçında beynəlxalq hava limanlarının istifadəyə verilməsi regionun strateji və iqtisadi əhəmiyyətini daha da artırıb. 

Azad olunmuş torpaqların minalardan təmizlənməsi, burada mədəni və tarixi irsin bərpası da dövlət siyasətinin əsas istiqamətlərindəndir. Dağıdılmış məscidlərin, tarixi abidələrin, mədəniyyət ocaqlarının yenidən qurulması Prezident İlham Əliyevin milli irsə və tarixi ədalətə verdiyi önəmin bariz göstəricisidir.

Müasir Azərbaycan dövlətinin inkişaf strategiyasında sosial siyasət prioritet istiqamətlərdən biri kimi xüsusi yer tutur. Prezident İlham Əliyevin rəhbərliyi dövründə həyata keçirilən sosial yönümlü islahatlar dövlət-vətəndaş münasibətlərində yeni mərhələnin əsasını qoydu, sosial ədalət və rifah anlayışlarını real məzmunla zənginləşdirdi. Bu islahatların əsasında insan amili dayanır. Ölkə başçısının bu sahədə imzaladığı fərman və sərəncamlar əhalinin sosial müdafiəsini gücləndirdi, aztəminatlı ailələrin, həssas qrupdan olan şəxslərin həyat şəraitini yaxşılaşdırdı. Açılan, təmir olunan səhiyyə və təhsil müəssisələri əhalinin sağlamlığına və gələcək inkişafa yönəlmiş starteji addımlardır.

Regionaların sosial-iqtisadi inkişafı proqramları, ölkədə yeni iş yerlərinin açılması, özünüməşğulluq layihələrinin həyata keçirilməsi minlərlə insanın əmək bazarına cəlb olunmasına şərait yaratdı. Regionların sosial-iqtisadi inkişafı ölkəmizdə yeniləşmə, davamlı inkişaf, sosial-iqtisadi tarazlıq, modern islahatlar və digər sistemli hədəflərin reallaşmasında mühüm rola malikdir. Regionların sosial-iqtisadi inkişafına dair həyata keçirilən dövlət proqramları sayəsində bölgələrdə inkişaf prosesləri sürətləndi, kənd təsərrüfatının müxtəlif sahələri ilə bağlı konkret proqramlar icra olundu. İşsizliyin və yoxsulluğun səviyyəsi aşağı düşdü. Ölkədə qeyri-neft sektorunun inkişafı üçün güclü zəmin formalaşdı. Sosial sahədən danışarkən şəhid ailələri, qazilər, müharibə veteranları ilə aparılan iş də xüsusi qeyd olunmalıdır. Bu kateqoriyadan olan insanların ev şəraitinin yaxşılaşdırılması, avtomobillərlə təminatı, sosial problemlərinin həlli istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər davamlı şəkildə həyata keçirilir. Cənab Prezidentin vətəndaşların rifahını dövlət siyasətinin əsas məqsədi kimi müəyyən edən yanaşması müasir Azərbaycan cəmiyyətinin dayanıqlı inkişafının başlıca təminatlarından biridir.   

Bütün bu qeyd olunanlar Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşmış müasir Azərbaycanın simasının ancaq bir hissəsinin əksidir. Bütövlükdə onu yalnız irihəcmli əsərlər vasitəsilə hərtərəfli təsvir etmək mümkündür. Bu gün Azərbaycan gələcəyin çağırışlarına cavab verən müasir dövlət modelini ortaya qoyur. Bu dövlət gücünü birlikdən, inkişafını müstəqil siyasətdən alaraq gələcəyə inamla irəliləyir.

 

Nuray Əliyeva

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı,

filologiya elmləri doktoru

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: