2025 – Azərbaycanın sülhdən inkişaf mərhələsinə keçid ili

Jurnalist Anar Tağıyev yazır...

A- A A+

2025-ci il Azərbaycan üçün yalnız tarixi vəzifələrin yerinə yetirildiyi deyil, həm də sülh və bərpa proseslərinin sürətləndiyi bir il oldu. Prezident İlham Əliyevin liderliyi ilə ölkə Ermənistanla sülh gündəliyini gücləndirdi, işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpasını genişləndirdi, sosial-iqtisadi və infrastruktur layihələrini sürətləndirdi. Eyni zamanda, hüquqi dövlət quruculuğu, ordu islahatları, rəqəmsal inkişaf və süni intellekt sahələrində atılan addımlar Azərbaycanın dayanıqlı inkişaf yoluna çevrilməsini təmin etdi. 2025, Azərbaycanın sülhdən inkişafa keçidinin ili kimi tarixdə öz əksini tapdı.Prezident İlham Əliyevin hakimiyyəti dövrü Azərbaycan dövlətçiliyinin keyfiyyətcə yeni mərhələsi kimi xarakterizə olunur. Bu mərhələ Ulu Öndər Heydər Əliyev tərəfindən formalaşdırılmış siyasi kursun ardıcıl və məqsədyönlü şəkildə davam etdirilməsi, mövcud potensialın isə strateji nəticələrə çevrilməsi ilə səciyyələnir. Dövlət idarəçiliyində uzunmüddətli planlama, milli maraqlara əsaslanan qərarvermə və institusional möhkəmlənmə bu dövrün əsas xüsusiyyətləridir.

2003-cü ildən sonra Azərbaycanda iqtisadi müstəqilliyini gücləndirilmiş, sosial rifahın yüksəldilməsi, modern dövlət institutlarının qurulması və güclü ordu modelinin formalaşdırılması istiqamətində ardıcıl addımlar atılmışdır. Cənab Prezidentin rəhbərliyi ilə formalaşdırılan çevik və balanslaşdırılmış xarici siyasət ölkənin beynəlxalq mövqelərini möhkəmləndirmiş, Azərbaycan regional və qlobal proseslərdə etibarlı tərəfdaş kimi çıxış etməyə başlamışdır.

Ermənistan–Azərbaycan münaqişəsinin həlli Prezident İlham Əliyevin siyasi fəaliyyətinin mərkəzi istiqaməti olmuşdur. Uzun illər aparılan hərbi, diplomatik və iqtisadi hazırlıq 2020-ci ildə 44 günlük Vətən müharibəsində strateji nəticə vermiş, Azərbaycan ərazi bütövlüyünü bərpa etmişdir. Bu Qələbə yalnız hərbi uğur deyil, dövlətin bütün idarəetmə komponentlərinin – siyasi iradə, iqtisadi güc, ordu quruculuğu və milli həmrəyliyin sintezinin nəticəsi kimi qiymətləndirilə bilər.

Müharibədən sonrakı dövrdə Azərbaycanın suverenliyinin tam təmin olunması və regionda yeni güc balansının formalaşması Prezident İlham Əliyevin yaratdığı siyasi reallığın davamıdır. Azərbaycan Cənubi Qafqazda əsas təşəbbüskar və qərarverici aktora çevrilmiş, beynəlxalq münasibətlər sistemində mövqeyini əhəmiyyətli dərəcədə möhkəmləndirmişdir.

Nəticə olaraq, Prezident İlham Əliyevin rəhbərliyi dövrü güclü dövlət quruculuğu, milli maraqların təminatı və tarixi məqsədlərin reallaşdırılması baxımından analitik cəhətdən uğurlu idarəçilik modeli kimi dəyərləndirilə bilər. Bu dövr Azərbaycan dövlətçiliyinin davamlı inkişaf mərhələsi və strateji qələbələr mərhələsi kimi tarixə düşmüşdür.

2025-ci ilin yanvar–noyabr aylarının sosial-iqtisadi göstəriciləri Prezident İlham Əliyevin formalaşdırdığı uzunmüddətli, dayanıqlı və inklüziv inkişaf modelinin praktik nəticələrini aydın şəkildə ortaya qoyur. Qlobal iqtisadi qeyri-müəyyənliklərin və geosiyasi risklərin artdığı şəraitdə Azərbaycan iqtisadiyyatında makroiqtisadi sabitliyin qorunması, artımın struktur keyfiyyətinin yüksəlməsi və sosial rifah göstəricilərinin yaxşılaşması idarəetmənin effektivliyini təsdiqləyir.

İqtisadi artımın əsas mənbəyi kimi qeyri-neft/qaz sektorunun rolunun güclənməsi strateji şaxələndirmə siyasətinin uğurla icra olunduğunu göstərir. Sözügedən dövrdə qeyri-neft/qaz sektorunda 3,2%, qeyri-neft sənayesində isə 4,8% artım qeydə alınmışdır. Daha mühüm göstərici isə investisiya dinamikasıdır: qeyri-neft/qaz sektorunda əsas kapitala yönələn investisiyaların 8,3% artması, qeyri-neft sənayesində isə bu göstəricinin iki dəfəyə yaxın yüksəlməsi iqtisadi artımın istehsal, texnologiya və uzunmüddətli dəyər yaradılmasına əsaslandığını göstərir.

Maliyyə və fiskal dayanıqlılıq sahəsində əldə olunan nəticələr də diqqətəlayiqdir. Dövlət büdcəsinin 4,2 milyard manat profisitlə icra olunması, xarici dövlət borcunun ÜDM-ə nisbətdə 6,3%-ə enməsi borc risklərinin minimal səviyyədə saxlanıldığını və makroiqtisadi idarəetmənin yüksək keyfiyyətini nümayiş etdirir. Xarici ticarətdə 2,2 milyard dollardan çox müsbət saldo, qeyri-neft ixracının isə 7,3% artması ölkənin ixrac strukturunun genişləndiyini və rəqabət qabiliyyətinin yüksəldiyini təsdiqləyir.

Sosial-iqtisadi tarazlığın qorunması Prezident İlham Əliyevin idarəetmə modelinin əsas prioritetlərindən biri olaraq qalır. İnflyasiyanın 5,5% səviyyəsində saxlanılması fonunda əhalinin nominal gəlirlərinin 8,1%, orta aylıq əməkhaqqının isə 9,4% artması real gəlirlərin yüksəldiyini göstərir. Bank əmanətlərinin 11,5% artması vətəndaşların maliyyə sisteminə etimadının möhkəmləndiyini və gələcək gözləntilərin müsbət olduğunu əks etdirir.

Sosial siyasət sahəsində aparılan islahatlar sosial ədalət prinsipinin praktik tətbiqini təmin etmişdir. Pensiyaların indeksləşdirilməsi, minimum pensiyanın 320 manata çatdırılması, sosial müavinət və Prezident təqaüdlərinin əhatə dairəsinin genişləndirilməsi əhalinin sosial müdafiəsini gücləndirmişdir. 11 ay ərzində 185 min nəfərin işlə təmin olunması məşğulluq siyasətinin aktiv və nəticəyönümlü xarakter daşıdığını göstərir.

Nəqliyyat və logistika sektorunda müşahidə olunan artım Azərbaycanın geoiqtisadi mövqeyinin gücləndiyini təsdiqləyir. Yükdaşımaların 2%, sərnişin daşımalarının isə 5,6% artması, həmçinin qeyri-dövlət sektorunun bu sahədə payının 80%-ə çatması bazar mexanizmlərinin səmərəliliyini göstərir. Azərbaycanın regional nəqliyyat-logistika mərkəzinə çevrilməsi və Zəngəzur dəhlizinin açılması ilə bağlı əldə olunan razılaşma ölkənin regional inteqrasiya və sülh gündəliyində aparıcı rolunu strateji səviyyədə möhkəmləndirmişdir.

Ümumilikdə, 2025-ci ilin yanvar–noyabr aylarının nəticələri Prezident İlham Əliyevin iqtisadi və sosial idarəetmə modelinin dayanıqlı, balanslı və gələcəyə hesablanmış olduğunu təsdiqləyir. Bu model neft gəlirlərinin səmərəli idarə olunmasına, qeyri-neft sektorunun inkişafına, insan kapitalının gücləndirilməsinə və dövlətin strateji gücünün artırılmasına xidmət edir. Əldə olunan göstəricilər Azərbaycanın orta və uzunmüddətli inkişaf hədəflərinə doğru ardıcıl və inamlı şəkildə irəlilədiyini göstərir.

2026-cı il üzrə təsdiq edilmiş dövlət büdcəsi Prezident İlham Əliyevin iqtisadi idarəetmə modelində makroiqtisadi sabitliklə inkişaf prioritetlərinin balanslaşdırılmış şəkildə uzlaşdırıldığını aydın nümayiş etdirir. Büdcə gəlirlərinin 38,6 milyard manat, xərclərin isə 41,7 milyard manat səviyyəsində müəyyən edilməsi fiskal siyasətin məqsədyönlü və inkişafyönümlü xarakter daşıdığını göstərir. Büdcə kəsirinin idarəolunan səviyyədə saxlanılması isə dövlət maliyyəsinin uzunmüddətli dayanıqlılığına xidmət edir və fiskal risklərin artmasının qarşısını alır.

Büdcə xərclərinin struktur təhlili prioritetlərin strateji əsaslarla seçildiyini ortaya qoyur. Müdafiə və milli təhlükəsizlik xərclərinin 3,8% artırılması regionda davam edən geosiyasi risklər fonunda dövlətin təhlükəsizlik konsepsiyasına verdiyi əhəmiyyəti əks etdirir. Təhlükəsizliyin təmin edilməsi yalnız hərbi baxımdan deyil, eyni zamanda investisiya mühitinin qorunması və iqtisadi fəaliyyətin dayanıqlılığı baxımından da fundamental şərt kimi çıxış edir.

Eyni zamanda, 2026-cı il büdcəsində insan kapitalının inkişafına yönəlmiş xərclərin artımı fiskal siyasətin sosial-iqtisadi mahiyyətini gücləndirir. Təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat sahələrinə ayrılan vəsaitlərin artırılması dövlətin uzunmüddətli inkişaf strategiyasında insan resurslarının əsas prioritet olduğunu təsdiqləyir. Bu üç sahəyə ayrılan təxminən 12 milyard manatlıq vəsait sosial rifahın yüksəldilməsi ilə iqtisadi artım arasında qarşılıqlı əlaqənin qornduğunu göstərir.

İşğaldan azad edilmiş ərazilərin bərpasına ayrılan 3,5 milyard manatlıq vəsait 2026-cı il büdcəsinin strateji istiqamətlərindən biridir. Bu xərclər yalnız sosial və humanitar xarakter daşımır, eyni zamanda Qarabağ və Şərqi Zəngəzurun yeni iqtisadi məkan kimi formalaşdırılmasına, investisiya cəlbediciliyinin və məşğulluğun artırılmasına xidmət edir. Beləliklə, postmünaqişə dövrünün fiskal siyasəti iqtisadi reinteqrasiya və dayanıqlı inkişaf məqsədləri ilə uzlaşdırılır.

Xarici siyasət müstəvisində Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli və milli maraqlara əsaslanan diplomatik xətt Azərbaycanın beynəlxalq mövqelərini daha da möhkəmləndirmişdir. Bərabərhüquqlu əməkdaşlıq, strateji tərəfdaşlıqların genişləndirilməsi, beynəlxalq təşkilatlarda fəal iştirak və regional sülh təşəbbüsləri Azərbaycanın xarici siyasətinin əsas dayaqları kimi çıxış edir. Bu siyasətin nəticəsi olaraq Azərbaycan etibarlı, proqnozlaşdırılan və təşəbbüskar tərəfdaş kimi qəbul olunur.

2025-ci ildə əldə olunan diplomatik nailiyyətlər Prezident İlham Əliyevin sülh gündəliyinin real nəticələr verdiyini göstərir. Vaşinqtonda Azərbaycan və Ermənistan liderləri tərəfindən Birgə Bəyannamənin imzalanması regionda uzunmüddətli sabitliyin təmin olunması istiqamətində dönüş nöqtəsi kimi qiymətləndirilə bilər. Bu prosesin təşəbbüskarı kimi çıxış edən Azərbaycan Prezidenti müharibədə əldə etdiyi Qələbəni siyasi-diplomatik müstəvidə sülhün bərqərar olunması ilə tamamlayır.

ATƏT-in Minsk prosesinin ləğv olunması isə postmünaqişə dövrünün yeni siyasi reallıqlarının beynəlxalq səviyyədə qəbul edildiyini göstərir. Bu addım regionda köhnə və nəticəsiz mexanizmlərin aradan qalxması və Azərbaycanın yaratdığı yeni gündəliyin legitimləşməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Azərbaycanın Çin, BƏƏ, Vyetnam kimi ölkələrlə strateji tərəfdaşlıq səviyyəsinə yüksələn münasibətləri, Avropa İttifaqı ilə əlaqələrin canlanması, Türk Dövlətləri Təşkilatı, İƏT, AQEM və digər çoxtərəfli platformalarda fəal iştirakı ölkənin qlobal və regional diplomatiyada mövqelərinin genişləndiyini təsdiqləyir. Xankəndidə keçirilən İƏT Zirvə görüşü və onun çərçivəsində təşkil olunan tədbirlər Azərbaycanın artıq postmünaqişə reallığında beynəlxalq tədbirlərə ev sahibliyi edən sabit ölkə statusunu möhkəmləndirmişdir.

Nəticə etibarilə, 2026-cı il dövlət büdcəsi və paralel şəkildə yürüdülən fəal xarici siyasət Prezident İlham Əliyevin idarəetmə modelinin daxili inkişafla beynəlxalq mövqelərin qarşılıqlı şəkildə gücləndirilməsinə əsaslandığını göstərir. Bu model iqtisadi dayanıqlıq, sosial rifah, təhlükəsizlik və sülh gündəliyini vahid strateji çərçivədə birləşdirərək Azərbaycanın güclü dövlət kimi mövqeyini daha da möhkəmləndirir.

2025-ci il Prezident İlham Əliyevin xarici siyasət fəaliyyətində miqyas, intensivlik və nəticəlilik baxımından xüsusi yer tutur. İl ərzində həyata keçirilmiş çoxsaylı səfərlər, keçirilən yüksəksəviyyəli görüşlər və imzalanan strateji sənədlər Azərbaycanın regional və qlobal siyasətdə fəal təşəbbüskar aktor statusunun möhkəmləndiyini aydın şəkildə göstərir. Bu diplomatik fəallıq Prezident İlham Əliyevin formalaşdırdığı çoxvektorlu, milli maraqlara əsaslanan və nəticəyönümlü xarici siyasət modelinin praktik təzahürüdür.

İlin gedişində Yaxın Şərq, Avropa, Asiya, Mərkəzi Asiya və Amerika qitəsini əhatə edən geniş diplomatik coğrafiya Azərbaycanın xarici siyasətinin balanslı xarakterini nümayiş etdirir. BƏƏ, Türkiyə, Çin, ABŞ, Avropa İttifaqı ölkələri, Mərkəzi Asiya dövlətləri və İslam dünyası ilə paralel şəkildə intensiv əlaqələrin saxlanılması Azərbaycanın heç bir geosiyasi blokdan asılı olmayan, müstəqil qərarvermə imkanlarına malik dövlət olduğunu təsdiqləyir.

2025-ci ildə Prezident İlham Əliyevin beynəlxalq platformalarda iştirakı xüsusi əhəmiyyət kəsb edir. Davos Dünya İqtisadi Forumu, Qlobal Bakı Forumu, Antalya Diplomatiya Forumu, Avropa Siyasi Birliyi zirvələri, BMT Baş Assambleyası, İƏT və Türk Dövlətləri Təşkilatının zirvə görüşləri Azərbaycanın qlobal gündəliyin formalaşmasında fəal iştirak etdiyini göstərir. Bu platformalarda səsləndirilən mövqelər Azərbaycanı regional proseslərin obyektindən subyektinə çevirən siyasi xəttin davamlılığını əks etdirir.

İlin ən mühüm diplomatik nailiyyəti Vaşinqton Sammiti və onun nəticələri hesab oluna bilər. ABŞ Prezidenti Donald Trampın iştirakı ilə imzalanmış Birgə Bəyannamə, sülh sazişi layihəsinin paraflanması və ATƏT-in Minsk prosesinin ləğvi postmünaqişə dövrünün beynəlxalq legitimliyini təmin edən əsas siyasi hadisələrdəndir. Bu prosesdə Prezident İlham Əliyev həm qalib müharibənin lideri, həm də sülh təşəbbüskarı kimi çıxış edərək Azərbaycanın regional sabitliyin əsas təminatçısı olduğunu nümayiş etdirmişdir.

Xarici siyasətin mühüm istiqamətlərindən biri də geoiqtisadi və nəqliyyat diplomatiyası olmuşdur. TRIPP layihəsi, Orta Dəhlizin inkişafı, Zəngəzur və Trans-Xəzər marşrutları ilə bağlı aparılan intensiv danışıqlar Azərbaycanın Avrasiya məkanında əsas tranzit və logistika mərkəzinə çevrilməsi strategiyasının tərkib hissəsidir. Bu layihələr yalnız iqtisadi deyil, eyni zamanda siyasi və təhlükəsizlik baxımından da regional inteqrasiyanı gücləndirən faktorlardır.

2025-ci ildə Qarabağ və Şərqi Zəngəzur diplomatiyanın mərkəzi məkanlarından birinə çevrilmişdir. Xankəndi, Şuşa, Laçın və Ağdamda keçirilən beynəlxalq tədbirlər, zirvə görüşləri və açılış mərasimləri Azərbaycanın postmünaqişə reallığını dünyaya nümayiş etdirməklə yanaşı, bölgənin sülh, əməkdaşlıq və inkişaf məkanına çevrildiyini təsdiqləmişdir. Bu, Prezident İlham Əliyevin “sülh üzərində qurulan inkişaf” konsepsiyasının praktik nəticəsidir.

Bütövlükdə, 2025-ci ildə Prezident İlham Əliyevin həyata keçirdiyi intensiv diplomatik fəaliyyət Azərbaycanın beynəlxalq nüfuzunun keyfiyyətcə yeni mərhələyə yüksəldiyini göstərir. Azərbaycan bu gün regional prosesləri yönləndirən, qlobal tərəfdaşlıqlarda etibarlı mövqe tutan və beynəlxalq münasibətlər sistemində söz sahibi olan dövlətdir. Xarici siyasətdə əldə olunan bu nəticələr daxili iqtisadi dayanıqlıq, təhlükəsizlik və sosial inkişafla üzvi şəkildə uzlaşaraq Prezident İlham Əliyevin idarəetmə modelinin bütövlüyünü və strateji effektivliyini bir daha təsdiqləyir.

2025-ci il Azərbaycan üçün postmünaqişə mərhələsinin dərinləşdiyi, xarici siyasətdə isə nəticəyönümlü diplomatiyanın üstünlük qazandığı il kimi yadda qalır. Prezident İlham Əliyevin fəaliyyət xətti il ərzində üç əsas istiqamət üzrə formalaşıb: Ermənistanla sülh gündəliyinin institusional möhkəmlənməsi, separatizmə hüquqi sonun qoyulması və Qarabağ–Şərqi Zəngəzurun sistemli bərpası.

İlin əsas siyasi xətti Ermənistanla münasibətlərdə dialoqun formaldan praktik mərhələyə keçməsidir. İyulun 9–10-da BƏƏ-də Prezident İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüş, ardınca avqustun 7–8-də Vaşinqtonda ABŞ-ın vasitəçiliyi ilə baş tutan üçtərəfli sammit bu prosesin kulminasiya nöqtəsi oldu.

Vaşinqtonda imzalanan Birgə Bəyannamə və sülh sazişi layihəsinin paraflanması region üçün yeni siyasi reallıq formalaşdırdı. Xüsusilə ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı birgə müraciət illərlə nəticəsiz qalan vasitəçilik mexanizminin tarixə qovuşduğunu göstərdi. 1 dekabrda Minsk prosesinin tam başa çatması Prezident İlham Əliyevin “münaqişədən sonrakı dövrü idarə edən lider” obrazını beynəlxalq mediada daha da gücləndirdi.

Sülh gündəliyinin mühüm komponentlərindən biri də “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsidir. Bu təşəbbüs sülhün yalnız siyasi razılaşma deyil, regional kommunikasiya və iqtisadi inteqrasiya vasitəsi kimi təqdim olunmasına xidmət edir.

2025-ci ilin yanvarından Bakı Hərbi Məhkəməsində separatçılar üzərində keçirilən məhkəmə prosesi media gündəmində xüsusi yer tutur. Proses Azərbaycan tərəfindən 30 illik işğal dövründə törədilmiş cinayətlərin hüquqi müstəvidə sənədləşdirilməsi kimi təqdim olunur.

Bu məhkəmə həm daxili auditoriya, həm də beynəlxalq ictimaiyyət üçün mühüm mesaj daşıyır: separatizmə siyasi yox, hüquqi cavab verilir. Media narrativində bu proses ədalətin bərpası, dövlət suverenliyinin təsdiqi və gələcəkdə oxşar risklərin qarşısının alınması kimi çərçivələnir.

Media baxımından 2025-ci ilin ən geniş mövzularından biri Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və inkişaf prosesidir. Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə davamlı səfərləri, yeni infrastruktur layihələrinin açılışı və beynəlxalq tədbirlərin təşkili bu bölgələri postmünaqişə inkişaf modelinin vitrini kimi önə çıxarır.

Xankəndidə İƏT-in 17-ci Zirvə görüşünün keçirilməsi, Şuşa Beynəlxalq Media Forumu və Laçının MDB-nin mədəniyyət paytaxtı elan olunması Qarabağın beynəlxalq legitimliyinin media müstəvisində möhkəmlənməsinə xidmət edir.

“Böyük Qayıdış” proqramı çərçivəsində artıq on minlərlə insanın bölgəyə köçməsi, minatəmizləmə işlərinin sürətlə aparılması və sosial infrastrukturun qurulması humanitar gündəmin iqtisadi reinteqrasiya ilə əvəz olunduğunu göstərir.

Qarabağ və Şərqi Zəngəzurda sənaye parkları, kənd təsərrüfatı layihələri, turizm infrastrukturu və “Yaşıl Enerji Zonası” konsepsiyası Prezident İlham Əliyevin regionu yalnız bərpa edilən deyil, gələcək üçün modelləşdirilən məkan kimi təqdim etdiyini göstərir.

Media diskursunda bu yanaşma Azərbaycanı postmünaqişə bərpası üzrə regional nümunə kimi təqdim etməyə imkan yaradır.

2025-ci ilin media analitik mənzərəsində Prezident İlham Əliyev nəticə əldə edən Lider, Azərbaycan isə postmünaqişə dövrünü idarə edə bilən dövlət kimi təqdim olunur. Sülh gündəliyi, hüquqi ədalət mexanizmləri və genişmiqyaslı bərpa prosesləri bir-birini tamamlayan vahid narrativ yaradır: münaqişə bitib, inkişaf mərhələsi başlayıb.

2025-ci il Azərbaycanda postmünaqişə mərhələsinin yalnız bərpa ilə deyil, eyni zamanda informasiya siyasəti, təhlükəsizlik, hüquqi dövlət quruculuğu və rəqəmsal transformasiya ilə dərinləşdirildiyi il kimi yadda qalır. Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşan idarəetmə modeli bu istiqamətlərin bir-birini tamamlayan vahid strategiya çərçivəsində inkişaf etdiyini göstərir.

İşğaldan azad edilmiş ərazilərlə bağlı aparılan kommunikasiya siyasəti Azərbaycanın postmünaqişə reallığını beynəlxalq auditoriyaya çatdırmaq baxımından mühüm rol oynayıb. 2020–2025-ci illərdə yüzlərlə mediatur, infotur və diplomatik səfərin təşkili Qarabağ və Şərqi Zəngəzurun təkcə bərpa olunan deyil, yeni inkişaf mərhələsinə qədəm qoyan ərazi kimi təqdimatını təmin edib. Xarici jurnalistlər, səyyahlar və diplomatlar vasitəsilə yayılan məlumatlar informasiya müharibəsində Azərbaycanın mövqelərini gücləndirib.

Bu informasiya xətti güclü ordu quruculuğu ilə paralel aparılıb. Dövlət büdcəsində müdafiə xərclərinin prioritet olması, yerli hərbi sənaye kompleksinin inkişafı və müasir silah sistemlərinin tətbiqi Azərbaycanın təhlükəsizliyini təmin edən əsas faktorlardandır. 2025-ci ildə Qələbənin 5 illiyinə həsr olunan beynəlxalq iştiraklı hərbi parad Azərbaycanın regional güc statusunu açıq şəkildə nümayiş etdirdi.

Hüquqi dövlət quruculuğu isə idarəetmə modelinin ideoloji və institusional əsasını təşkil edir. Korrupsiyaya qarşı mübarizə, vətəndaş cəmiyyətinin gücləndirilməsi, söz və məlumat azadlığının təmin olunması Prezident İlham Əliyevin milli maraqlara söykənən siyasi xəttinin əsas komponentləridir. Bu yanaşma ictimai etimadın və vətəndaş həmrəyliyinin qorunmasında həlledici rol oynayır.

2025-ci il həm də rəqəmsal inkişaf və süni intellekt siyasətində dönüş nöqtəsi kimi qiymətləndirilə bilər. Rəqəmsal İnkişaf Konsepsiyasının və Süni İntellekt Strategiyasının qəbulu dövlət idarəçiliyində effektivliyin artırılmasına, media və kommunikasiya sahəsində yeni texnoloji imkanların tətbiqinə şərait yaradıb. AI əsaslı təlimlər, etik çərçivələrin müəyyənləşdirilməsi və gənclər üçün yeni peşə istiqamətlərinin təşviqi bu sahənin uzunmüddətli inkişafına hesablanıb.

Milli-mənəvi dəyərlərin qorunması və multikulturalizm siyasəti isə sosial sabitliyin əsas dayağı olaraq qalır. Prezident İlham Əliyevin təşəbbüsü ilə tolerantlıq və İslam həmrəyliyi beynəlxalq miqyasda Azərbaycanın “yumşaq güc” elementinə çevrilib.

QHT və media sahəsində əldə olunan nəticələr də diqqətəlayiqdir. Qlobal platformaların Bakıda formalaşması, beynəlxalq media forumlarının təşkili və jurnalistlərin peşəkarlığının artırılması üzrə proqramlar Azərbaycanın regional informasiya mərkəzinə çevrilmək iddiasını gücləndirir.

Ümumilikdə, 2025-ci il göstərdi ki, Azərbaycan postmünaqişə dövrünü yalnız fiziki bərpa mərhələsi kimi deyil, təhlükəsizlik, hüquq, informasiya və texnologiya üzərində qurulan yeni inkişaf modeli kimi dəyərləndirir. Bu model ölkənin həm daxili dayanıqlığını, həm də beynəlxalq mövqelərini möhkəmləndirən əsas strateji çərçivədir.

 

Anar Tağıyev

NUHÇIXAN İnformasiya Agentliyinin

baş redaktoru

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: