Cəmiyyətin mənəvi dayaqları - Birlik, bərabərlik və həmrəylik

A- A A+

Azərbaycan xalqı zəngin və şərəfli dövlətçilik tarixinə malikdir. Tarixin bütün mərhələlərində xalqımız birlik, bərabərlik və həmrəylik nümayiş etdirərək dövlətimizin möhkəmlənməsinə, cəmiyyətimizin inkişafına mühüm töhfələr vermişdir. Həmrəylik xalqın daxilində formalaşan, heç bir sənədlə tənzimlənməyən, lakin böyük gücə malik mənəvi dəyərdir.

Birlik, bərabərlik və həmrəylik insan cəmiyyətinin formalaşmasında və inkişafında mühüm rol oynayan ali mənəvi dəyərlərdir. Bu anlayışlar təkcə sosial münasibətləri deyil, həm də xalqın daxili gücünü, milli ruhunu və gələcəyə inamını ifadə edir. Birlik insanların ortaq məqsəd və ideallar ətrafında birləşməsidir. Bərabərlik hər bir fərdin cəmiyyətdə dəyərli və hüquqlu olduğunu qəbul etməkdir. Həmrəylik isə bu iki anlayışın nəticəsi olaraq, insanların bir-birinə mənəvi dayaq olması, çətin anlarda bir yumruq kimi birləşməsidir.

Bu dəyərlər yalnız qanunlar və ya qaydalarla formalaşmır. Onlar xalqın tarixi yaddaşında, mədəniyyətində və düşüncə tərzində kök salır. Tarix göstərir ki, birlik və həmrəylik olan cəmiyyətlər daha güclü, daha davamlı və daha iradəli olmuşdur. Azərbaycan xalqı da əsrlər boyu bu mənəvi dəyərlərə sadiq qalaraq varlığını qoruyub saxlamış, dövlətçilik ənənələrini yaşatmışdır.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü məhz bu fəlsəfi dəyərlərin təcəssümü kimi meydana çıxmışdır. Ulu Öndər, dahi şəxsiyyət, Azərbaycan xalqının dəyərli oğlu Heydər Əliyevin təşəbbüsü və siyasi iradəsi ilə bu əlamətdar günün təsis edilməsi xalqımızın milli birliyinin möhkəmləndirilməsinə xidmət edən mühüm tarixi addım olmuşdur. 31 dekabr tarixində yeni il gününün bu bayram üçün seçilməsi təsadüfi deyil və dərin rəmzi məna daşıyır.

 Yeni il dünyanın hər yerində yenilənmə, ümid və gələcəyə baxış bayramıdır. Köhnə ilin başa çatması və yeni ilin başlanması insanlarda yeni arzular, yeni məqsədlər yaradır. Məhz bu ümumbəşəri duyğular fonunda dünya azərbaycanlılarının həmrəyliyinin qeyd olunması xalqımızın birliyini daha da dərin mənəvi məzmunla zənginləşdirir.

31 dekabr həm də dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların eyni anda eyni duyğuları paylaşdığı gündür. Harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı bu gün öz milli kimliyini daha dərindən hiss edir, Vətənlə mənəvi bağlarını yenidən möhkəmləndirir. Yeni ilin astanasında qeyd olunan Həmrəylik Günü keçmişi xatırlamaqla yanaşı, gələcəyə birlikdə addımlamaq ideyasını təbliğ edir.

Bu bayram göstərir ki, Azərbaycan yalnız coğrafi məkan deyil, eyni zamanda ortaq yaddaş, dil, mədəniyyət və mənəvi dəyərlər sistemidir. Xalqımızın əsrlər boyu formalaşmış milli adət-ənənələri, ailə dəyərləri, dilə və mədəni irsə bağlılığı, qarşılıqlı hörmət və vətənpərvərlik ruhu bu birliyin əsasını təşkil edir. Məhz bu mədəni-mənəvi sərvətlər azərbaycanlıları dünyanın harasında yaşamasından asılı olmayaraq bir-birinə bağlayır, onları eyni ideallar ətrafında birləşdirir.

Birlik, bərabərlik və həmrəylik isə bu dəyərlər sisteminin əsas fəlsəfi dayaqlarıdır. Məhz bu dəyərlər sayəsində Azərbaycan xalqı bu gün də güclü, mütəşəkkil və gələcəyə inamla baxan bir xalq kimi varlığını davam etdirir. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü bir daha sübut edir ki, biz milli kimliyimizə, mədəni-mənəvi dəyərlərimizə sahib çıxaraq birlikdə daha güclü gələcək qurmaq əzmindəyik. Bu əlamətdar gün münasibətilə bütün Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edir, ölkəmizə sülh, rifah və firavan gələcək diləyirəm!

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm! Bu əlamətdar gün xalqımızın birliyinin, milli-mənəvi dəyərlərə bağlılığının və güclü həmrəyliyinin parlaq təcəssümüdür. Uca Allahdan ölkəmizə davamlı sülh, sabitlik, rifah və parlaq gələcək arzulayıram. Qoy Azərbaycan dünyada daim birlik, qüdrət və tərəqqi rəmzi kimi tanınsın!

GÜLXARƏ MƏNAF QIZI ƏHMƏDOVA

NAXÇIVAN MUXTAR RESPUBLIKASI ALİ MƏCLİSİNİN DEPUTATI

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: