Azərbaycan Prezidenti: Biz Konqresin tamamilə absurd sayılan 907-ci düzəlişi aradan qaldıracağını gözləyirik
Tramp administrasiyasının hakimiyyətə gəlməsi ilə vəziyyət tamamilə dəyişib. İndi Amerika-Azərbaycan münasibətləri yeni səviyyəyə qalxıb və biz gözləyirik ki, Konqres bu ədalətsiz, keçmişdən qalan, bu gün tamamilə absurd sayılan düzəlişi aradan qaldıracaq.
NUHÇIXAN xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsi zamanı 907-ci düzəlişlə bağlı suala cavabında bildirib.
Bu gün Azərbaycan ərazisindən Ermənistana müxtəlif yerlərdən yüklərin getdiyini, yolların açıldığını və hətta Azərbaycanın neft məhsullarının Ermənistana ixrac edildiyini diqqətə çatdıran dövlətimizin başçısı deyib: “Əgər 907-ci düzəlişin formal səbəbi blokada idisə, bu gün bu yoxdur. Ona görə əlbəttə, biz gözləyirik ki, Tramp administrasiyası öz imkanlarından istifadə edərək Konqres üzvlərini, xüsusilə Respublikaçılar partiyasının üzvlərini inandıra biləcək ki, bu düzəliş tamamilə aradan qaldırılmalıdır və buna ümid etmək üçün bizim kifayət qədər səbəblərimiz var”.
