Azərbaycan qələbəyə dünyanın bir nömrəli ofisində siyasi möhür vurub

A- A A+

“Sülh şəraitində yaşamaq nə deməkdir, bunu öyrənirik”. Bu sözləri ötən gün yerli kanallara müsahibə verərkən ölkə başçısı səsləndirib. Prezidentin səsləndirdiyi fikirlər həm ötən ilin mənzərəsini, həm də Azərbaycanın yeni geosiyasi mərhələyə keçidini təsdiqləyir.

Otuz ildən artıq davam edən münaqişə dövrünün başa çatması Azərbaycan üçün təkcə hərbi qələbə kimi deyil, həm də strateji və diplomatik qələbənin başlanğıcı kimi qiymətləndirilə bilər. Dövlət başçısının vurğuladığı kimi:
“Azərbaycan döyüş meydanında əldə etdiyi parlaq Qələbəyə siyasi müstəvidə və qeyd etdiyim kimi, dünyanın bir nömrəli ofisində siyasi möhür vurdu. Bu, təbii ki, müstəqillik tariximizdə yaddaqalan hadisələrdən biri olacaq, bəlkə də birincilər sırasında olacaq”.

Artıq sülh və əmin-amanlıq şəraitində yaşayan Azərbaycanda daxili sabitliyin möhkəmlənməsi, təhlükəsizliyin təmin olunması və iqtisadi perspektivlərin genişlənməsi sülh dövrünün əsas reallıqlarıdır. Ölkə başçısının fikirlərindən aydın olur ki, sülh təkcə hərbi risklərin aradan qalxması deyil, eyni zamanda iqtisadi planlamada, dövlətin daxili və xarici siyasətində mühüm rol oynayan amildir.

2025-ci il Azərbaycan–Amerika münasibətlərinin yeni mərhələyə qədəm qoyması baxımından beynəlxalq siyasətdə xüsusi əhəmiyyət daşıyır. 907-ci düzəlişin faktiki olaraq gündəlikdən çıxarılması Azərbaycanın regional güc kimi qəbul olunmasının və ABŞ kimi nüfuzlu aktor üçün strateji tərəfdaş statusu qazanmasının göstəricisidir. Prezident Tramp administrasiyasının praqmatik yanaşması Bakı ilə Vaşinqton arasında əməkdaşlığı ideoloji maneələr üzərindən deyil, qarşılıqlı maraqlar müstəvisində formalaşdırır. Xüsusilə Zəngəzur dəhlizinin açılması ilə bağlı beynəlxalq səviyyədə formalaşan ümumi razılıq Azərbaycanın regional nəqliyyat və logistika mərkəzinə çevrilməsi istiqamətində mövqelərini daha da möhkəmləndirir. Ermənistanla normallaşma prosesi çərçivəsində Cənubi Qafqazda uzunmüddətli sabitliyin təmin olunması artıq qaçılmaz görünür. Prezident Trampın bu prosesdə şahid qismində iştirakı isə sənədlərin beynəlxalq əhəmiyyətini daha da artırır.

Ölkə başçısı müsahibəsində vurğuladı ki, Azərbaycanın xarici siyasəti artıq regional çərçivələri aşaraq qlobal miqyasda sistemli və çoxşaxəli xarakter alıb. Çinlə imzalanmış hərtərəfli strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə, Azərbaycanın D-8 təşkilatına üzv qəbul edilməsi, Mərkəzi Asiya Məşvərət Şurasına tamhüquqlu üzvlüyü, Xankəndidə keçirilmiş ECO Zirvə Görüşü, Qəbələdə Türk Dövlətləri Təşkilatının Zirvə Görüşü onu deməyə əsas verir ki, ölkəmiz “canlı körpü” rolunu artıq yalnız nəzəri deyil, praktik müstəvidə də icra edir. İnkişaf etmiş ölkələrlə tərəfdaşlıq, nüfuzlu beynəlxalq təşkilatlara üzvlük, işğaldan azad edilmiş şəhərlərdə beynəlxalq tədbirlərin təşkili Azərbaycanın yeni geosiyasi statusunu formalaşdırır. Artıq Azərbaycan hadisələrin gedişatına uyğunlaşan deyil, proseslərə təsir göstərən ölkə kimi çıxış edir.

Unutmayaq ki, 2025-ci il Azərbaycan üçün yeni siyasi reallıqların formalaşdığı mühüm mərhələ oldu. Ölkənin artan beynəlxalq nüfuzu, sülh gündəliyinin ön plana çıxması və strateji təşəbbüslərin genişlənməsi qarşıdakı illər üçün də davamlı inkişafın əsasını qoyaraq Azərbaycan dövlətçiliyinin tarixində əlamətdar mərhələ kimi yadda qalacaq.

Ölkə başçısının təkcə bu müsahibəsində onlarla mühüm tezis yer alır. Məlumatlar dolğun, istiqamətlər müxtəlif, cavablar isə əhatəlidir. Hətta jurnalistlərin bir-birini təkrarlayan suallarına belə hər dəfə fərqli və daha dərin cavablar verən Prezident bir daha göstərdi ki, sözlə əməl üst-üstə düşür.

Bəs biz, jurnalistlər üçün bu müsahibədən hansı nəticə çıxır? Əlbəttə ki, əsas vəzifəmiz bu tezisləri düzgün təhlil etmək, onları obyektiv şəkildə ictimaiyyətə çatdırmaq və bu işə formal prinsip deyil, peşəkar əqidə ilə yanaşmaqdır.

Qoy həmişə Günəş olsun!

Fariz Əhmədov

Naxçıvan televiziyasının baş redaktoru

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: