31 Mart - Azərbaycanlıların Soyqırımı Günüdür

A- A A+

Ümummilli liderimiz Heydər Əliyevin ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıdışından sonra ermənilərin xalqımıza qarşı törədikləri soyqrımların mahiyyəti tam açılmış, həmin hadisələrə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilmişdir. Dahi şəxsiyyət torpaqlarımızın işğalının qarşısını almış, güclü dövlət və güclü ordu yaratmış, Azərbaycanın haqq səsinin dünyaya çatdırılması və erməni saxtakarlığının ifşası istiqamətində tədbirlər görmüşdür. Ulu öndərin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanında ermənilərin Azərbaycan xalqına qarşı apardığı soyqırımı siyasəti dərindən təhlil olunmuşdur. Həmin Fərmanda deyilir: “Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. Bu hadisənin yalnız birinə - 1918-ci il mart qırğınına siyasi qiymət vermək cəhdi göstərilmişdir. Azərbaycan Respublikası bu gün soyqırım hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir”.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin azərbaycanlıların soyqırımının 100 illiyi haqqında 2018-ci il 18 yanvar tarixli Sərəncamında qeyd olunur ki: “Erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirmişlər. Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 100 il bundan əvvəl – 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnaq-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır. Həmin günlərdə Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilmişdir. Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirmişlər...”.

Azərbaycan türkləri bir əsrdə bir neçə dəfə fəlakətə məruz qalmış, soyqırımına, deportasiyaya uğramış və hələ də bunun acısını yaşamaqdadır.  O dövrün yazılı mənbələri və arxiv materialları 1905-1907-ci illərdə Azərbaycanın bir çox bölgələrində - Bakıda, Gəncədə, Naxçıvanda, İrəvanda, Şuşada ermənilərin Rusiyanın yardımı ilə soyqırımı gerçəkləşdirdiklərini sübut edir. 1905-ci il hadisələrinin şahidi olan M.S.Ordubadi “Qanlı illər” adlı əsərində münaqişənin ortaya çıxmasının səbəblərini belə izah edir: 1) Erməni Daşnaksütyun komitəsinin müstəbid idarə üsulunu təşkil etməsi, qızışdırıcı mövqe tutması; 2) Məhəlli hökumət məmurlarının etinasızlığı və Çar üsul-idarəsinin ikili oyunu; 3) Müsəlman əhalinin elmsizliyi və baş verən siyasi hadisələrdən bixəbər olması və 4) Ermənilərin avtonomiya – idarə muxtariyyəti həvəsində olmaları.

Amerikalı alim Castin Makkarti isə münaqişənin hansı səbəblərdən ortaya çıxması ilə bağlı yazır ki, çar Rusiyası hər iki millət arasında baş verən münaqişəni öz maraqları baxımından faydalı görürdü. Tarixi sənədlərdə erməni daşnakları ilə birlikdə çar məmurlarının da milli münaqişəni bilavasitə qızışdırdıqları, evlərin, mağazaların talan edilməsində, qətliamların törədilməsində birbaşa rol oynadıqları yer almaqdadır.

 

Ermənilərin azərbaycanlılara qarşı soyqrım siyasəti 1905-1907-ci illərlə məhdudlaşmamış, 1918-ci ildə də davam etmişdir. Məhz bunun nəticəsidir ki, 1918-ci ilin mart hadisələrində hədsiz sayda azərbaycanlı erməni zülmünün qurbanı olmuşdur. 1918-ci il mart ayının 30-da Bakı Sovetinin rəhbərlik etdiyi bolşevik-daşnak hərbi dəstələri Bakı şəhərində türk-müsəlman əhaliyə qarşı soyqırımı həyata keçirməyə başladı. Üç gün davam edən Bakı qırğınları zamanı əksinqilabçı və müsavatçı adı ilə 12 min nəfər dinc əhali amansızlıqla qətlə yetirildi. Bolşevik-daşnak qüvvələri tərəfindən o dövrün gözəl memarlıq abidəsi olan Müsəlman Xeyriyyə Cəmiyyətinin yerləşdiyi “İsmailiyyə” binası, Şərqin ilk teatrı olan “Tağıyev teatrı”, “Açıq söz” və “Kaspi” qəzetlərinin redaksiyaları yandırıldı və “Təzə pir” məscidi dağıdıldı.

Qocaya, qadına, hətta körpə uşaqlara belə aman verməyən daşnak quldurlarının Bakı şəhərində dinc əhaliyə qarşı hansı məqsədlə soyqırım törətdiklərini bu qırğınlara rəhbərlik edən S.Şaumyan 13 aprel 1918-ci ildə rəsmi hesabatında açıq şəkildə belə izah etmişdi: “Biz buna şüurlu şəkildə yol verdik... Biz döyüşlərdə parlaq qələbə qazanmışıq. “Daşnaksütun” partiyasının köməyi ilə müsəlman “əksinqilabı” ləğv edilmişdir... Əgər müsəlman “əksinqilabı” qalib gəlsəydi, Bakını Azərbaycanın paytaxtı elan edərdi. Və Zaqafqaziya Rusiya üçün itirilmiş olardı”.

1918-ci ilin soyqrımı təkcə Bakı şəhəri ilə məhdudlaşmamış, aprel ayının əvvəllərindən Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan və digər bölgələrdə də bolşevik-daşnak hərbi qüvvələri tərəfindən böyük qətliam və talanlar törədilmişdi. Ümumiyyətlə, 1918-ci ilin mart-aprel ayları ərzində Azərbaycanda 52 min nəfər əhali soyqrıma məruz qalmışdı.

Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdən sonra Milli hökumət erməni-daşnak qüvvələrinin Bakıda və Azərbaycanın digər bölgələrində törətdiyi cinayətləri araşdırmaq üçün 1918-ci il iyulun 15-də Fövqəladə Təhqiqat Komissiyası yaratdı. Həmin komissiya törədilən qətliamlara aid sənədlər topladı. Bu sənədlər toplusu 36 cilddən ibarət idi.

Azərbaycan Xalq Cümhuriyyəti azərbaycanlılara qarşı törədilmiş soyqırımı qeyd etmək üçün martın 31-ni ümummilli matəm günü elan etdi və bu hadisə 1919, 1920-ci illərdə qeyd olundu.

Azərbaycanın sovetləşməsi və bolşeviklərin hakimiyyətə gəlməsindən sonra 31-i Martın qeyd edilməsinə yol verilmədi.

Ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanı ilə 31 Mart azərbaycanlıların soyqırım günü elan edildi və bu hər il qeyd olunur.

Azərbaycanın bütün bölgələrində – Bakıda, Şamaxıda, Qubada, Gəncədə, Lənkəranda, Qarabağda eyni qayda və ssenari ilə əhali ağır işgəncələrlə qətlə yetirilirdi. Dro, Njde, Hamazasp, Yapon, Andranik kimi cəlladlar Azərbaycan xalqının qanına susamışdılar. Bir məsələni xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan Xalq Cümhuriyyəti rəhbərliyi müəyyən səbəblərdən və çətinliklərdən Naxçıvana lazımi dəstək verə bilmirdi. Naxçıvan əhalisi özü ermənilərə müqavimət göstərir, hətta erməni ordularını məğlub edirdilər. Ancaq bununla birlikdə, ermənilər tərəfindən törədilən cinayətlər Naxçıvandan da yan keçmədi. 

Naxçıvanda azərbaycanlılara qarşı törədilən soyqırımda Andranik Ozanyan, Dro, Njde, Doluxanov, Yapon və digər erməni cəlladlarının başçılıq etdikləri dəstələr böyük rol oynamışlar. Özünəməxsus vəhşiliyi ilə Andranik öz adını ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı tarixinə xüsusi nifrətlə yazmışdır. Mənbələr onun kimliyi haqqında o qədər də dolğun məlumat verməsə də, törətdiyi cinayətlər barədə kifayət qədər məlumatlar vardır. Andranikin Naxçıvana hücumu 1918-ci ilin iyun ayına təsadüf edir. Naxçıvana hərbi yürüşlərindən əvvəl o, Türkiyənin Ərzurum, Alaça, İlgə, Yaşılyaylada türk qatili kimi tanınmış, Ərzurum soyqırımının əsas təşkilatçılarından olmuş, Araz çayı sahilindəki 4 min nəfərə yaxın əhalisi olan Yaycı kəndini yerlə yeksan etmiş, kənd əhalisinin 2000-2500 nəfərini qətlə yetirmiş və Araz çayına tökmüşdü.

Yaycıdan Ordubada doğru irəliləyən Andranik qarşısına çıxan azərbaycanlı kəndlərini dağıda-dağıda bu məsafədə 2 min azərbaycanlını öldürmüşdür. Ordubad ətrafı, Əlincəçay boyu, Şahbuz kəndlərinin əhalisi tərksilah olunub, xeyli hissəsi qətlə yetirilmişdir. Nursu, Kolanı, Hənzər, Mahbudoba, Əbrəqunus, Qazançı, Paradaş, Xanağa, Bənəniyar, Camaldın, Ərəzin, Kırna kəndlərində də dəhşətli qırğınlar törədilmişdir.

Tarixi sənədlərdə Şərur bölgəsinə bağlı 45 kəndin də erməni daşnaklarının hücumuna, əhalisinin soyqırıma məruz qaldığı göstərilir. Müsəlmanlar tərəfindən ələ keçirilən ermənilər Naxçıvanda və onun bütün kəndlərində azərbaycanlıların qətlə yetirilicəkləri və hamısının Araz çayına atılacaqlarına dair əmr aldıqlarını etiraf etmişdilər. Erməni dəstələrinə yazılı olaraq göndərilən əmrdə aşağıdakı ifadələr yer alırdı: “Şərur əhalisini Araz çayına atmaq üçüncü alay komandanlığının əsas vəzifəsidir”.

Digər bir fakt: Andranikin qoşunları Sirab kəndinə istiqamət aldığı vaxt Sirab kəndi ətrafında çoxlu qaçqın toplaşmışdı. Onlar kəndin özündən, habelə uzaq və ətraf kəndlərdən gələnlər idi. 15 mindən artıq erməni quldurlarının silahsız, müdafiəsiz insanların üzərinə hücumu nəticəsində bir gün ərzində 10 mindən artıq günahsız insan qətlə yetirildi.

Andranikin dəstəsi Naxçıvan və onun ətraf kəndlərində törətdiyi vəhşiliklərdən sonra 1918-ci ilin sentyabr ayında Sisyana, noyabr ayında isə Gorusa gəlir və orada məskən salır. Bu tarixdən Zəngəzurun və bütün Qarabağın qara günləri başlayır. Sisyandan başlamış Şuşayadək Azərbaycan kəndlərini oda yaxıb viran qoymuş, sonra Dərələyəzə qayıtmış, Keşişkənddə Yapon adlı digər erməni daşnakı ilə birləşərək Çivə kəndinə hərəkət etmiş, yolüstü Əmov kəndində qırğın təşkil etmişdir. Ermənilərin məqsədi Şuşadan başlamış Aralıq dənizinədək uzanan əraziləri nəzarət altına almaq idi. Bu minvalla Azərbaycan və Türkiyənin 6 əyaləti "Böyük Ermənistan"ın tərkibinə daxil olmalı, yəni "Dənizdən dənizə" terrorçu, hərbiləşdirilmiş Daşnak Partiyasının ruhuna uyğun hökumət yaradılmalı idi.

Arxiv materiallarında yuxarıda adları çəkilən erməni komitəçilərinin, xüsusilə də Andranik Ozanyanın silahlı dəstələrinin İrəvan əyalətində 200-dən çox, Naxçıvan, Şərur-Dərələyəz və Ordubad nahiyələrində də 50-dən çox müsəlman kəndlərinə silahlı hücumlar təşkil etdiklərinə, kənd əhalisinin böyük əksəriyyətinin qətlə yetirildiyinə dair məlumatlar yer almaqdadır.

Mənbələrdən əldə edilən məlumatlara görə, 1918-1920-ci illər arasında Naxçıvanda 73 min 727 azərbaycanlı ermənilər tərəfindən qətlə yetirilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun qeyd etdiyi kimi, “Yüz il bundan əvvəl - 1918-1920-ci illərdə ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş ikinci sоyqırımı həm miqyası, həm də vəhşiliyi etibarı ilə bəşəriyyət tarixində ən qanlı cinayətdir. Onun mahiyyətini başa düşmək üçün faktlara diqqət yetirmək kifayətdir: Bakı quberniyasında 229, Gəncə quberniyasında 272, İrəvan quberniyasında 211, Zəngəzurda 115, Qarabağda 157, Qars əyalətində 92, İqdırda 60, Vedibasarda 118 Azərbaycan kəndi tamamilə dağıdılmış, əhalisinin əksəriyyəti öldürülmüşdü. O dövrdə azərbaycanlıların yaşadıqları еlə bir ərazi yоx idi ki, оrada еrməni talanı və vəhşiliyi həyata keçirilməsin. Bu illərdə Azərbaycandan ayrı düşmüş Naxçıvanda da soyqırımlar törədilmişdir. Arxiv sənədlərindən aydın olur ki, 1910-cu ildə Naxçıvanda 146 min nəfər əhali yaşayırdısa, 1921-ci ildə burada yaşayanların sayı 74 min azalaraq 72 min nəfər olmuşdu. Azərbaycanın Ədliyyə Komissarı, görkəmli diplomat Behbud ağa Şahtaxtinski Azərbaycan İnqilab Komitəsinin 1921-ci il 19 aprel tarixli iclasında Naxçıvandakı vəziyyətə dair çıxışında bildirirdi ki, ermənilər Naxçıvan, Ordubad və Şərur-Dərələyizdə 240 kəndi dağıdaraq xarabalığa çevirmiş, əhalisini öldürmüş, əmlaklarını qarət etmişlər”.

Çoxsaylı tarixi sənədlər sübut edir ki, 1905-1907, 1918-1920 və sonrakı illərdə Qafqazda öz tarixi etnik ərazilərində etnik təmizləmə və soyqırımı siyasətinə məruz qalmış minlərlə azərbaycanlı kütləvi surətdə qətlə yetirilmiş, ata-baba yurdlarından didərgin salınmışdır. Təəssüf ki, 1988-ci ildə başlayaraq Azərbaycan torpaqlarının işğal edilməsi, növbəti soyqırımı siyasəti dünya dövlətlərinin sükutu ilə qarşılanmışdır. Məhz böyük dövlətlərin gizli və açıq dəstəyinin nəticəsidir ki, keçmişdə olduğu kimi, ötən əsrin sonlarında da ermənilər eyni ssenari üzrə cinayətlər törətmiş, Azərbaycanın 20 faiz ərazisi Ermənistanın işğalı altına düşmüşdür.

Erməni millətçiləri və itirilən torpaqların himayədarları birmənalı şəkildə bilməlidirlər ki, Azərbaycan xalqı torpaqlarının itirilməsi faktı ilə heç vaxt barışmayacaq, itirilən torpaqların geri qaytarılması üçün bütün səyləri ilə mübarizə aparacaqdır.

 

Emin ŞIXƏLİYEV

AMEA Naxçıvan Bölməsinin şöbə

müdiri, tarix üzrə fəlsəfə doktoru

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: