Ermənistanın baş naziri Nikol Paşinyan münaqişənin həlli ilə bağlı Vyanada keçirilən görüşü müsbət dəyərləndirdiyi halda, müdafiə naziri David Tonoyanın məsuliyyətsiz çıxışı bu ölkə hakimiyyətində mövcud hərc-mərcliyin, ikitirəliyin və özbaşınalığın əyani sübutudur.
NUHÇIXAN xəbər verir ki, bunu martın 30-da Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı Ermənistanın müdafiə naziri David Tonoyanın Nyu-Yorkun erməni diasporunun nümayəndələri ilə görüşdə “ərazilər əvəzinə sülh formatını dəyişərək yeni ərazilər uğrunda yeni müharibə prinsipinə üstünlük verəcəyik. Biz hücum bölmələrinin sayını artıracağıq ki, döyüş əməliyyatlarını düşmən ərazisində apara bilək” fikrini AZƏRTAC-a şərh edərkən deyib.
V.Dərgahlı bildirib ki, Ermənistan ordusunda hökm sürən acınacaqlı vəziyyətdən yaxşı xəbərdar olan D.Tonoyan bunu ölkə rəhbərliyi və ictimaiyyətindən müxtəlif üsullarla gizlətməyə çalışır. Eyni zamanda, baş nazir N.Paşinyan ordu rəhbərliyini toplayaraq qapalı iclas keçirməklə Ermənistan silahlı qüvvələrinin cinayət aləminin qaydaları ilə idarə olunduğunu və bunun böyük problemə çevrildiyini bildirib. İş o həddə çatıb ki, N.Paşinyan Mehridə baş verən əsgər qiyamından, arxa cəbhədə yerləşən bölmələrdə qeyri-döyüş itkilərinin sayının artmasından ciddi narahatlığını ifadə edib. O, Ermənistan müdafiə nazirliyi və baş qərargahındakı korrupsiya, oğurluq, rüşvətxorluq halları barədə ictimaiyyətə məlumat verib.
“D.Tonoyan bu cür absurd və sərsəm bəyanatlar verməklə Ermənistanın işğalçı mahiyyətini bir daha rəsmi surətdə nümayiş etdirir. Bu da Azərbaycanın ərazi bütövlüyünə qarşı rəsmi Yerevan tərəfindən yeni təhdidlərin ifadə olunması kimi dəyərləndirilir. BMT-nin sülhün dəstəklənməsinə həsr olunmuş tədbirində iştirak edən müdafiə nazirinin erməni diasporunun nümayəndələri ilə görüşdə bu cür aqressiv və irticaçı fikirlər səsləndirməsi sülh və təhlükəsizliyin təmin edilməsinə yönəldilən beynəlxalq hüququn norma və prinsiplərinə Ermənistanın hörmətsizliyinin təzahürüdür. Nyu-Yorkun erməni icması qarşısında çıxış edən D.Tonoyanın əsas məqsədi heç şübhəsiz onlarda çaşqınlıq yaratmaq, oğurladığı və talan etdiyi maliyyə vəsaitlərinin yerini doldurmaq üçün erməni diasporundan əlavə pul dilənməkdir”, - deyə mətbuat xidmətinin rəhbəri bildirib.
Polkovnik V.Dərgahlı xüsusi vurğulayıb ki, ərazilərin azad edilməsi üzrə qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün Azərbaycan Ordusu malik olduğu bütün qüvvə və gücünü düşmənin üzərinə yönəltməyə qadirdir və hazırdır.