Müdafiə Nazirliyi ilə İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Aparatı arasında "Ombudsman institutunun fəaliyyəti və hərbi qulluqçuların hüquqlarının qorunması istiqamətində görülən işlər" mövzusunda, həmçinin insan hüquqlarının müdafiəsi vəziyyətinin araşdırılması məqsədilə 2026-cı il üzrə birgə tədbirlər planı imzalanıb.
Bu barədə NUHÇIXAN-a nazirlikdən məlumat verilib.
Bildirilib ki, cari il ərzində həyata keçirilməsi planlaşdırılan tədbirlərin keçiriləcəyi tarixlər, məkanlar və məsul şəxslər müəyyən edilib.
Plan çərçivəsində Müdafiə Nazirliyinin tabeliyində olan qoşun (qüvvə) növləri, birlik, birləşmə və hərbi hissələrdə, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində müxtəlif tədbirlər təşkil olunacaq.
Tədbirlər zamanı hərbi qulluqçuların hüquqlarının müdafiəsi və insan hüquqlarının təmin olunması vəziyyəti ilə bağlı görüşlər keçiriləcək, müxtəlif mövzularda məruzələr təqdim ediləcək və şəxsi heyəti maraqlandıran suallar ətrafında geniş fikir mübadiləsi aparılacaq.
