Digi24: Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat bağlantısının təmini Qərb investisiyalarının Cənubi Qafqaza daxil olmasına şərait yarada bilər
Rəsmi Vaşinqtonun əsas məqsədlərindən biri Azərbaycanın regional nəqliyyat və iqtisadi şəbəkələrə inteqrasiyasını genişləndirməklə yanaşı, Ermənistanın təhlükəsizlik və suverenlik narahatlıqlarının beynəlxalq mexanizmlərlə balanslaşdırılmasını təmin etməkdir.
NUHÇIXAN xəbər verir ki, Rumıniyanın “Digi24” televiziya kanalının internet səhifəsində bu barədə analitik məqalə yayımlanıb.
Analitiklərin fikrincə, strategiyanın əsas elementlərindən biri Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat bağlantısının təmin olunmasıdır. Bu addım regionda ticarət dövriyyəsinin artmasına, logistika marşrutlarının şaxələndirilməsinə və Qərb investisiyalarının Cənubi Qafqaza daxil olmasına şərait yarada bilər. Eyni zamanda, bu yanaşma regional iqtisadi əməkdaşlığın institusional əsaslarının möhkəmləndirilməsinə yönəlib.
Məqalədə nəqliyyat və kommunikasiya xətlərinin açılması fonunda təhlükəsizlik məsələlərinin beynəlxalq hüquqi mexanizmlər və müşahidə formatları vasitəsilə tənzimlənməsi regionda uzunmüddətli sabitliyin təmin olunması baxımından mühüm amil kimi qiymətləndirilir.
