Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib

A- A A+

Yanvarın 19-da Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin cari ilin yaz sessiyasında ilk iclası keçirilib.

NUHÇIXAN xəbər verir ki, komitənin sədri Əli Hüseynli iclasın gündəliyinə ümumilikdə 5 məsələnin daxil edildiyini deyib. Bildirib ki, bunlara ötən payız sessiyası dövründə görülmüş işlər barədə hesabat, qarşıdakı yaz sessiyası üçün iş planı, həmçinin 3 qanun layihəsinin müzakirəsi daxildir.

Əli Hüseynli 2025-ci ilin payız sessiyası ərzində rəhbərlik etdiyi komitənin fəaliyyəti ilə bağlı hesabatı təqdim edərək qeyd edib ki, həmin dövrdə komitə tərəfindən bir sıra mühüm qanunvericilik aktları müzakirə olunaraq Milli Məclisdə qəbul edilib.

Komitə sədri 2026-cı ilin yaz sessiyası üçün hazırlanmış iş planı haqqında məlumat verərkən bildirib ki, sessiya dövründə qanunvericilik təşəbbüsü qaydasında təqdim ediləcək yeni qanun layihələrinə, eləcə də mövcud qanunlara dəyişikliklərin edilməsi barədə qanunvericilik aktlarına baxılması nəzərdə tutulur.

İclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin 2025-ci ilin payız sessiyası dövründə gördüyü işlər barədə hesabat qənaətbəxş hesab olunub, 2026-cı ilin yaz sessiyası üçün iş planı təsdiqlənib.

Sonra iclasda gündəlikdəki qanun layihələrinin müzakirəsi keçirilib.

Əli Hüseynli “Yol hərəkəti haqqında” və “Avtomobil yolları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı bildirib ki, dəyişikliklər yol hərəkəti qaydalarının təkmilləşdirilməsi məqsədilə hazırlanıb. Belə ki, layihədə “avtomagistral” anlayışı yeni, daha dəqiq və təkmil redaksiyada verilir və ödənişli avtomagistrallarda sürət həddinin tənzimlənməsi təklif olunur. Komitə sədri ödənişli avtomagistrallarda yüksək sürət həddinin saatda 130 kilometr müəyyən edilməsini insanların həyat və sağlamlığının qorunması, yol hərəkətinin təhlükəsizliyinin təmin olunması baxımından balanslaşdırılmış və əsaslandırılmış hədd kimi xarakterizə edib.

Komitə sədri Gömrük Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı nəzərə çatdırıb ki, komitə layihənin İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklərə rəy verəcək. Qeyd edilib ki, bu dəyişikliklər emal edilməmiş almazın idxalı və ixracı ilə bağlı qanunvericiliyin tələblərinin pozulması hallarına görə inzibati məsuliyyətin müəyyən olunmasını nəzərdə tutur.

Gündəliyin sonuncu məsələsi olan “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) müzakirə edilərkən bildirilib ki, layihəyə əsasən, asbest və tərkibində asbest olan materiallar mülki dövriyyədə olmasına yol verilməyən əşyaların siyahısına daxil edilir.

Müzakirələrin yekununda gündəlikdə olan qanun layihələrinin hər biri baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: