Ermənistan ordusunda daim baş verən mənfi halların, o cümlədən hərbi qulluqçular arasında nizamnamədənkənar münasibətlərin geniş yayılması, qeyri-döyüş itkilərinin sayının durmadan artması, ordunun zəif təminatı və təchizatı, vəzifəli generaldan tutmuş əlahiddə bölmənin tağım komandirinədək bütün hərbi qulluqçularının rüşvətxorluğa bulaşması, xüsusilə də Ermənistanın baş naziri Nikol Paşinyanın da etiraf etdiyi kimi, ordunun kriminal qaydalarla idarəolunması faktlarını beynəlxalq ictimaiyyətdən və erməni əhalisindən gizlətmək və diqqəti yayındırmaq məqsədilə bu ölkənin hərbi rəhbərliyi Azərbaycan Ordusunun uğurlarına kölgə salmaq üçün dəridən-qabıqdan çıxır. Vaxtilə erməni ordusuna bel, kürək və digər ləvazimatların alınması üçün ondan-bundan maliyyə vəsaiti toplayan, indi isə bu məharətini ABŞ-dakı erməni diasporundan pul dilənməkdə peşəkarcasına nümayiş etdirən müdafiə naziri David Tonoyanın Azərbaycan Ordusuna qarşı çıxış etməkdən başqa heç bir əlacı qalmayıb.
NUHÇIXAN xəbər verir ki, bu fikri Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı Azərbaycan Ordusunda guya mənfi halların mövcud olması ilə bağlı Ermənistan mətbuatında yayılan məlumatı AZƏRTAC-a şərh edərkən deyib.
V.Dərgahlı bildirib ki, Ermənistan tərəfi öz əlaltılarını ölkəmizdən xaricdə yaşayan bəzi üzdəniraq “hərbi ekspertlər”in qərəzli və həqiqətə uyğun olmayan çıxışlarına istinadən Azərbaycan əsgəri, Ordumuzda həyata keçirilən islahatlar, o cümlədən ali rütbəli hərbi qulluqçularımız barəsində qarayaxma kampaniyası aparmaqla onları ermənilərin çaldığı mahnını oxumağa sövq edir.
“Heç bir real fakta əsaslanmayan, ümumi sözlərlə ifadə olunan xəbərlər yayanların məqsədi güclü Ordumuza və onun vətənpərvər şəxsi heyətinə qarşı Azərbaycan cəmiyyətində inamsızlığın formalaşdırılmasına cəhd etməkdir. Biz belə xəbərləri qəti surətdə təkzib edir, onları qərəzli və düşmən təbliğatının tərkib hissəsi kimi dəyərləndiririk.
Məlumdur ki, xalq ilə ordu arasında qarşılıqlı etimadın gücləndirilməsi istiqamətində mütəmadi olaraq müxtəlif tədbirlər həyata keçirilir. Bu tədbirlərin əyani nümunəsi müdafiə nazirinin tapşırığına əsasən, Azərbaycan Ordusunun bütün hərbi hissə və bölmələrində keçirilən “Açıq qapı” günüdür. Yerli icra hakimiyyəti orqanları, ictimaiyyətin bütün təbəqələrinin nümayəndələri, əsgər valideynləri və yaxınları hərbi qulluqçular üçün yaradılan xidməti və sosial-məişət şəraiti ilə tanış olurlar. Bu görüşlərdə qonaqlara Ali Baş Komandanın diqqət və qayğısı nəticəsində Ordumuzun silahlanmasına daxil edilən ən müasir silah və hərbi texnika nümayiş etdirilir. Burada iştirak edən vətəndaşlar yaradılmış şəraitə görə hər zaman Ali Baş Komandana və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirirlər.
Bütün bunlar, heç şübhəsiz, düşmənlərimizi, o cümlədən bu işlərdə onlara yardımçı olan üzdəniraq “hərbi ekspertlər”i qıcıqlandırır və onlar əlacsızlıqdan belə qərəzli və iftira xarakterli məlumatlar yaymaqla nəyəsə nail olacaqlarına ümid edirlər. Lakin onların bu ümidləri hər zaman olduğu kimi, bu dəfə də boşa çıxacaq”, - deyə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri qeyd edib.