Tarixin bir çox sınağına mərdliklə sinə gərən xalqımızın milli müstəqillik hərəkatında xüsusi yeri olan 20 Yanvar faciəsinin törədilməsindən 36 il ötür. Lakin aradakı məsafə çoxaldıqca ötən illər həmin vandalizmi xalqın yaddaşından nəinki silməmiş, əksinə onun təsiri illər keçdikcə daha da çox hiss edilir.
1980-ci illərin sonlarında Azərbaycanda ictimai-siyasi vəziyyət getdikcə mürəkkəbləşməyə başlamışdı. Sovet İttifaqının dərin böhran içərisində olması, mərkəzi hakimiyyətin respublikalar üzərində nəzarətinin zəifləməsi xalqın uzun illər boğulmuş milli azadlıq və ədalət tələblərini üzə çıxarırdı. Azərbaycan cəmiyyətində milli özünüdərk güclənir, azadlıq və müstəqillik ideyaları geniş kütlələr arasında yayılmağa başlayırdı.
Ermənistanın əsassız ərazi iddiaları, Dağlıq Qarabağ münaqişəsinin alovlanması vəziyyəti get-gedə daha da ağırlaşdırırdı. Mərkəzi hökumətin bu iddialara açıq və ya gizli dəstək verməsi xalqın haqlı narazılığını artırır, Azərbaycan cəmiyyətində dərin hiddət və etiraz doğururdu. Artıq yerlərdə insanlar azadlıq, müstəqillik tələbləri ilə mitinqlər keçirirdi. Bu etirazlar dinc xarakter daşısa da, mərkəzdə hiddətlə qarşılandı və onlar xalqı susdurmaq yolunu seçdilər. Bu dövrdə Azərbaycanda zəif idarəçilik, hakimiyyətdəki xaos, ölkədə baş verənlərə nəzarətin itirilməsi, cəmiyyətin rəhbərliyə etimadının olmaması vəziyyəti daha da gərginləşdirirdi.
Moskva rəhbərliyi Azərbaycan xalqının milli oyanışını təhlükə kimi qiymətləndirərək, onu hərbi güc yolu ilə boğmağa qərar verdi. Beləliklə, 1990-cı ilin yanvarında sovet ordusunun Bakıya yeridilməsi üçün siyasi qərar qəbul olundu. Bu qərar əvvəlcədən planlaşdırılmış, məqsədi isə xalqın iradəsini sındırmaq, azadlıq hərəkatını qan içində boğmaq idi. Belə bir gərgin və ziddiyyətli şəraitdə Azərbaycan tarixinin ən faciəli, eyni zamanda ən şərəfli səhifələrindən biri – 20 Yanvar faciəsi törədildi.
Yanvarın 19-da axşam saatlarından başlayaraq Bakıda vəziyyət gərginləşməyə başladı. Axşam saat 19:00 radələrində Azərbaycan Televiziyasının enerji bloku partladıldı və ölkə informasiya məkanından tamamilə təcrid olundu. Bu addım qarşıdan gələn hərbi əməliyyatın planlı xarakter daşıdığını göstərirdi. Həmin gün gecə saat 23:00-da təxminən 26 minlik sovet ordusu artıq bir neçə istiqamətdən Bakıya daxil olmuş və dinc əhaliyə atəş açmağa başlamışdı. Halbuki şəhərdə fövqəladə vəziyyət 20 yanvar səhər saat 05:30-da elan edilmişdi. İnsanlar məlumat almaq imkanından məhrum edildiyi üçün onlar bunu hadisələr baş verdikdən sonra öyrənmişdilər. Yəni fövqəladə vəziyyət faktiki olaraq faciə törədildikdən sonra rəsmiləşdirilmişdir. Əvvəlcə hərbi güc tətbiq edilmiş, ardınca isə buna hüquqi don geyindirilməyə çalışılmışdı. Bu qanlı hadisə yalnız faciə deyil, həm də milli oyanışın, azadlıq iradəsinin və istiqlal mübarizəsinin qanla yazılmış səhifəsidir.
Tarix təkrarlandı və biz bütün dövrlərdə hər şeyi çətinliklə, tökülən qanlar bahasına əldə etdiyimiz kimi, bu dəfə də azadlığımızı eyni şəkildə qazandıq. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet imperiyasının hərbi maşını Bakıya yeridilərək dinc əhaliyə qarşı misli görünməmiş vəhşilik törətdi. Burada əsas məqsəd ayağa qalmış xalqın gözünü qorxutmaq, insanların azadlıq arzularını susdurmaq olsa da, əksinə, daha da alovlandırdı. Həmin gecə sovet imperiyası silah gücü ilə bir xalqın iradəsini sındırmağa cəhd etsə də, əslində özünün mənəvi iflasını bütün dünyaya nümayiş etdirdi. Bu artıq mərkəzi hakimiyyətin yerlərdə milli məsələləri sülh yolu ilə həll etməkdə aciz qaldığının sübutu idi. 20 Yanvar faciəsini törətməkdə sovet rəhbərliyinin əsas məqsədi xalq hərəkatını zəiflətmək olsa da, bu, əks təsir göstərdi və cəmiyyətin müqavimət ruhunu gücləndirdi.
Sovet rejiminin əsl simasını bütün dünyaya göstərən 20 Yanvar gecəsi qadın-kişi, uşaq-qoca demədən günahsız insanlar gülləbaran edildi. Dinc sakinlərə qarşı ağır silahların tətbiqi, heç bir hərbi təhlükə yaratmayan, silahsız əhali üzərinə açılan atəş insanlığa qarşı ağır cinayət, beynəlxalq hüququn, insan hüquqlarının kobud şəkildə pozulması idi. İnsanlar hətta öz eyvanlarında, evlərində belə atəşə məruz qaldılar. “Zərbə” kod adlı bu əməliyyatda 147 Azərbaycan vətəndaşı şəhid oldu, 744 nəfər yaralandı və xəsarət aldı, 841 nəfər qanunsuz olaraq həbs edildi. 20 Yanvar şəhidləri azad Azərbaycanın ilk şəhidləri kimi tarixə düşdülər. Bu gün üçrəngli bayrağımızın azad dalğalanması, suveren dövlət kimi dünyada tanınmağımız məhz onların mənəvi mirasıdır. Yanvarın 21-də şəhidlərin dəfni zamanı milyonlarla insanın küçələrə axışması, qadağalara baxmayaraq öz etiraz səsini ucaltması xalqın artıq qorxmadığını, azadlıq yolundan dönməyəcəyini sübut etdi. Bir milyondan artıq insanın iştirak etdiyi izdihamlı yürüş təkcə matəm yox, həm də səssiz, lakin qətiyyətli siyasi etiraz aktı idi. Məhz bu faciə Azərbaycanın müstəqillik yolunda geri dönüşü olmayan bir mərhələ oldu.
O dövrün sənədlərində əks olunan məlumatlar hadisənin bütün dəhşətini gözlər önünə sərir. Törədilmiş faciə ilə bağlı rusların özü tərəfindən hazırlanmış hesabatlarda yazılırdı ki, adamlar xüsusi qəddarlıqla və yaxın məsafədən güllələnmişlər. Məsələn, R.Rüstəmova 23, Y.Meyeroviçə 21, D.Xanməmmədova 10-dan çox güllə vurulmuşdu. Xəstəxanalar, təcili yardım maşınları atəşə tutulmuş, həkimlər öldürülmüşdü. İçərisində sərnişinlər, o cümlədən uşaqlar olan 39 nömrəli “İkarus” markalı marşrut avtobusu gülləyə tutulmuş, adamlar süngü-bıçaqla qətlə yetirilmişdilər.
Bu hadisə xalqın milli ləyaqətinin sınağı idi və biz qurbanlar versək də, bu sınaqdan üzüağ çıxmağı bacardıq. Ona görə də 20 Yanvar milli birliyin və həmrəyliyin simvoluna çevrildi. O dövrdəki hakimiyyət baş verənlərə qiymət vermək iqtidarında deyildi. Lakin həmin vaxt Moskvada olan ulu öndər Heydər Əliyev faciəyə ilk olaraq siyasi-hüquqi qiymət verdi. O, hadisənin səhəri günü Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinin binasına gələrək xalqımıza qarşı törədilmiş faciəyə öz münasibətini açıq şəkildə bildirdi, baş verənləri pislədi və günahkarların cəzalandırılmasını tələb etdi. Bu elə bir vaxt idi ki, Bakıda insanlar hələ nə baş verdiyini anlamağa və baş verənlərin miqyasını dərk etməyə çalışırdılar. Beləliklə, ümumilli lider xalqla həmrəylik nümayiş etdirdi. Onun prinsipial mövqeyi sonradan bu hadisəyə dövlət səviyyəsində düzgün qiymət verilməsinin əsasını qoydu. 1994-cü ildə Azərbaycan Respublikası Milli Məclisi bu hadisəni insanlığa qarşı cinayət kimi tanıdı. Bu qiymətləndirmə tarixi ədalətin bərpası baxımından mühüm əhəmiyyət daşıyır.
20 Yanvar faciəsinin tarixi yaddaşda möhkəmlənməsi olduqca vacibdir. Bu baxımdan Azərbaycanın azadlığı uğrunda şəhid olanların xatirəsinin əbədiləşdirilməsi məqsədilə həmin gün Ümumxalq Hüzn Günü elan edilmiş, “20 Yanvar şəhidi” fəxri adı təsis edilmişdir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə 20 Yanvar şəhidlərinin xatirəsi daim uca tutulur, onların ailələrinə dövlət qayğısı göstərilir. Hər il yanvarın 20-də minlərlə insanın Şəhidlər Xiyabanını ziyarət etməsi göstərir ki, onların xatirəsi yalnız rəsmi tədbirlərdə deyil, xalqın mənəvi yaddaşında yaşadılır. Azadlıq uğrunda canını qurban verənlərin xatirəsi xalqın yaddaşında yaşadıqca, Azərbaycan dövləti daha da güclənəcək, müstəqilliyimiz əbədi olacaq. Bu gün müstəqil, suveren və qalib Azərbaycan dövləti 20 Yanvar şəhidlərinin bizə əmanət etdiyi müqəddəs dəyərlər üzərində ucalır.
Nuray ƏLİYEVA
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı,
filologiya elmləri doktoru
