Mədəniyyət hər bir xalqın yaddaşı, kimliyi və tarixi davamlılığının əsas dayağıdır. Müasir dövrdə sürətlə dəyişən qlobal proseslər fonunda milli mədəniyyətin qorunması və inkişaf etdirilməsi strateji əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmiş “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası məhz bu çağırışlara cavab olaraq qəbul edilmiş və ölkənin mədəni inkişafına uzunmüddətli, sistemli baxışı formalaşdıran mühüm dövlət sənədi kimi diqqət çəkir. Bu qərar mədəniyyət sahəsinin dövlət siyasətində prioritet istiqamət kimi müəyyənləşdirildiyini bir daha təsdiqləyir.
Bu konsepsiyanın əsas məqsədi milli-mənəvi dəyərlərin qorunması ilə müasir mədəni inkişaf arasında tarazlığın təmin edilməsidir. Burada mədəniyyət yalnız keçmişin irsi kimi deyil, yaşayan, formalaşan və cəmiyyətin bütün sahələrinə təsir göstərən dinamik bir sistem kimi təqdim olunur. Azərbaycan xalqının dili, ədəbiyyatı, musiqisi, incəsənəti və adət-ənənələri bu yanaşmanın mərkəzində dayanır və onların gələcək nəsillərə ötürülməsi dövlət səviyyəsində prioritet məsələ kimi dəyərləndirilir.
Yeni mədəni siyasətdə mədəniyyətin cəmiyyət həyatındakı rolunun gücləndirilməsi xüsusi yer tutur. Mədəniyyət sosial davranışın, estetik düşüncənin və ictimai münasibətlərin formalaşmasında mühüm amil kimi qəbul edilir. Bu baxımdan təhsil sistemi ilə mədəniyyətin qarşılıqlı əlaqəsinin gücləndirilməsi, gənclərin milli dəyərlər əsasında formalaşdırılması və yaradıcılığa təşviq edilməsi əsas istiqamətlərdən biri hesab olunur.
Konsepsiyada dil və ədəbiyyat milli kimliyin əsas sütunu kimi dəyərləndirilir. Azərbaycan dilinin qorunması, inkişafı və istifadəsinin genişləndirilməsi mədəni siyasətin əsas vəzifələrindəndir. Dilin mediada, təhsildə və rəqəmsal mühitdə mövqeyinin möhkəmləndirilməsi, eyni zamanda ədəbi yaradıcılığın dəstəklənməsi mədəni inkişafın davamlılığını təmin edən amillər kimi önə çəkilir.
Müasir dövrdə mədəni irsin qorunması məsələsi rəqəmsallaşma ilə sıx bağlıdır və bu reallıq konsepsiyada açıq şəkildə əksini tapır. Tarixi-mədəni abidələrin, muzey fondlarının, arxiv materiallarının və audiovizual irsin rəqəmsallaşdırılması həm onların qorunmasına, həm də geniş ictimaiyyət üçün əlçatan olmasına şərait yaradır. Bu yanaşma xüsusilə gənc nəslin mədəniyyətə marağının artırılmasına xidmət edir.
Konsepsiyanın diqqət çəkən istiqamətlərindən biri də yaradıcı sənayelərin və mədəni iqtisadiyyatın inkişafıdır. Kino, musiqi, dizayn, nəşriyyat və digər yaradıcı sahələr mədəni dəyərlə yanaşı iqtisadi potensial daşıyan sahələr kimi qiymətləndirilir. Bu sahələrin inkişafı həm yeni iş yerlərinin yaradılmasına, həm də Azərbaycan mədəniyyətinin beynəlxalq məkanda tanıdılmasına imkan yaradır.
Azərbaycanın beynəlxalq mədəni əlaqələrinin genişləndirilməsi də yeni mədəni siyasətin əsas məqsədlərindən biridir. Milli mədəniyyətin dünyada təbliği, beynəlxalq layihələrdə iştirak və mədəni dialoqun gücləndirilməsi ölkənin mədəni diplomatiyasının mühüm alətinə çevrilir. Bu proses Azərbaycan mədəniyyətinin qlobal mədəni müxtəliflik içində layiqli yer tutmasına xidmət edir.
“Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası mədəniyyəti keçmişlə gələcək arasında körpü kimi dəyərləndirən, milli dəyərlərə əsaslanan və müasir inkişafı hədəfləyən strateji sənəddir. Bu sənəd mədəniyyətin cəmiyyətin inkişafında aparıcı rolunu gücləndirməklə yanaşı, milli kimliyimizin qorunmasına və gələcək nəsillərə ötürülməsinə xidmət edir.
Gülxarə Əhmədova
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
