Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan sahəsində Silahlı qüvvələrimizin hərbi qulluqçusunun şəhid olması ilə əlaqədar başsağlığı verib.
NUHÇIXAN xəbər verir ki, həlak olmuş hərbi qulluqçunun ailəsinə dərin hüznlə başsağlığı verən Azərbaycan Xarici İşləri Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib: “Münaqişənin həlli üçün ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşmək əvəzinə Azərbaycanın işğal olunmuş ərazilərinə və Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan hissəsinə səfər edən Ermənistanın xarici işlər naziri vəziyyətin gərginləşməsini və təxribatların baş verməsini təşviq edir. Bu bir daha onu göstərir ki, Ermənistanın münaqişənin "yalnız sülh yolu ilə həlli" barədə açıqlamaları işğalçılıq siyasətini gizlətməkdən başqa bir şey deyildir və cəfəngiyatdır. Qəti şəkildə bildiririk ki, yaranmış vəziyyətə görə məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür”.