Amerikalı konqresmenlər 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanat veriblər

A- A A+

Amerikalı konqresmenlər Stiv Kohen və Robert Aderholt 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə bağlı bəyanat veriblər.

NUHÇIXAN-ın məlumatına görə, Nümayəndələr Palatasının Tenesse ştatından olan üzvü Stiv Kohen bildirib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə təxminən 26 min sovet qoşunu tanklar və digər zirehli texnikalarla paytaxt Bakıya basqın edərək mülki əhaliyə qarşı hücuma keçib. O qeyd edib ki, sovet qüvvələri günahsız azərbaycanlıları ağır texnikanın altında əzib, qadınlar və uşaqlar da daxil olmaqla dinc əhaliyə atəş açıb. Bu qəddar hərəkətlər nəticəsində 147 nəfər həlak olub, təxminən 800 nəfər yaralanıb, 841 nəfər həbs edilib və 5 nəfər itkin düşüb.

Konqresmen əlavə edib ki, Amerika Birləşmiş Ştatları (ABŞ) 1992-ci il fevralın 28-də Azərbaycanın müstəqilliyini tanıyan və diplomatik münasibətləri tam quran ilk ölkələrdən biri olub. Strateji müttəfiqlər olan ABŞ ilə Azərbaycan bu gün regionda və qlobal miqyasda ortaq maraqları bölüşürlər.

“Konqresin Azərbaycan qrupunun həmsədri olaraq, həmkarlarımı Azərbaycan xalqının müstəqilliyə doğru atdığı addımlar uğrunda verdiyi qurbanları qəbul etməyə və bir çox azərbaycanlının həyatını fəda etdiyi demokratik dəyərlərə yenidən sadiq qalmağa çağırıram”, - deyə o əlavə edib.

Alabama ştatından olan Nümayəndələr Palatasının üzvü Robert Aderholt isə bəyanatında bildirib ki, dost və tərəfdaş olan Azərbaycan Respublikası "Qara Yanvar"ın 36-cı ildönümünü qeyd edir və bu dövr Azərbaycan üzərində sovet hakimiyyətinin sonunun başlanğıcını simvolizə edir. O əlavə edib ki, bu faciədən 36 il sonra, Azərbaycan bu ili müstəqilliyini qazandıqdan bəri davamlı sülhün ilk ili kimi qeyd edir.

“Amerika Prezidentinin köməyi ilə Ermənistan-Azərbaycan münaqişəsinin sona çatması region üçün dönüş nöqtəsi olacağını vəd edir. Həmkarlarımdan Azərbaycanda “Qara Yanvar” hadisələrini anmaqda və azadlıq uğrunda həlak olanların xatirəsini yad etməkdə mənə qoşulmalarını xahiş edirəm. Bundan əlavə, dostumuz və tərəfdaşımız arasında sülhün və rifahın təmin edilməsi üçün gördüyü işlərə görə Prezident Donald Trampa təşəkkür etməkdə mənə qoşululmağınızı xahiş edirəm. Amerika Birləşmiş Ştatları Azərbaycan xalqı və onun azad yaşamaq hüququnu dəstəkləməyə davam edir”, - deyə konqresmen vurğulayıb.

Hər iki bəyanatın mətni ABŞ Konqresinin saytında dərc olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: