Azərbaycan və İran arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə olunub - FOTOLAR

A- A A+

Yanvarın 23-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan İranın xarici işlər nazirinin müavini Vahid Cəlalzadə ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən NUHÇIXAN-a verilən məlumata görə, görüş zamanı iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, İranda son gərginlik, eləcə də regional məsələlər müzakirə olunub.

Nazir müavini V.Cəlalzadə İranda son gərginlik və hazırkı vəziyyət barədə ətraflı məlumat verib. Nazir Ceyhun Bayramov öz növbəsində İranda sabitliyə önəm verdiyimizi vurğulayıb, son hadisələr zamanı həlak olanların ailələrinə başsağlığı diləklərini çatdırıb.

Azərbaycanla İran arasında dost münasibətlərin inkişafında ölkə prezidentləri arasında təmasların, qarşılıqlı səfərlərin, o cümlədən mövcud siyasi dialoqun vacibliyi, ümumi maraq kəsb edən məsələlərin müzakirəsinin əməkdaşlığın genişləndirilməsinə töhfə verdiyi bildirilib. Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının işi məmnunluqla qeyd olunub.

İki ölkə arasında nəqliyyat və kommunikasiya sahələri üzrə əməkdaşlığın perspektivləri də müzakirə edilib. Xüsusilə Azərbaycan və İran tərəfindən icra olunan bir sıra layihələrin regionumuzdan keçən nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynadığı diqqətə çatdırılıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: