İspaniya Krallığı Deputatlar Konqresinin sədri Fransina Armenqol Sosiasın Azərbaycana rəsmi səfəri mühüm əhəmiyyətə malikdir. Belə ki, bu İspaniya parlament sədrinin Azərbaycana ilk səfəridir.
NUHÇIXAN xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova İspaniya Krallığı Deputatlar Konqresinin sədri Fransina Armenqol Sosias ilə keçirdiyi birgə mətbuat konfransında deyib.
O bildirib ki, xüsusən son dövrlərdə ölkələrimiz arasındakı fəal siyasi dialoqun şahidi oluruq. Bu da ikitərəfli əlaqələrin mövcud vəziyyətinin və perspektivinin ətraflı müzakirəsinə imkan yaradır.
“İspaniyanın Baş naziri Pedro Sançez 2024-cü ilin noyabrında COP29 tədbiri çərçivəsində ölkəmizə işgüzar səfərini və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşünü xüsusilə qeyd etmək istərdim. Xarici işlər və İqtisadiyyat Nazirlikləri arasında müntəzəm təmaslar var. Bir sıra istiqamətlər üzrə uğurlu əməkdaşlıq mövcuddur. Bu əməkdaşlığın daha da genişləndirilməsi, yeni istiqamətləri də əhatə etməsi üçün yaxşı imkanlar var. Eyni zamanda, müqavilə-hüquq bazasının genişləndirilməsi üzərində də iş aparılır”, - deyə parlamentin sədri qeyd edib.
