Ali Məclisin Sosial siyasət və Hüquq siyasəti komitələrinin iclasları keçirilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, yanvarın 29-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sosial siyasət komitəsinin iclası keçirilib. İclası açan komitə sədri Nuray Əliyeva gündəliyə 2025-ci ilin payız sessiyası dövründə Sosial siyasət komitəsində görülən işlər barədə hesabatın daxil olduğunu bildirib.
Sonra Nuray Əliyeva Ali Məclisin 2025-ci ilin payız sessiyası dövründə rəhbərlik etdiyi komitədə görülən işlər barədə hesabatla çıxış edib, sessiya müddətində komitənin müvafiq dövlət orqanları və Ali Məclis Aparatının müvafiq şöbələri ilə qarşılıqlı əməkdaşlıq şəraitində səmərəli fəaliyyət göstərdiyini qeyd edib. Eyni zamanda Ali Məclisin 2026-cı il yaz sessiyasında görüləcək işlər müzakirə olunub.
Sonda məsələ ilə əlaqədar komitə üzvlərinin çıxışları dinlənilib.
Həmin gün Ali Məclisin Hüquq siyasəti komitəsinin də iclası keçirilib.
Komitə sədri Əjdər Əliyev iclasın gündəliyinə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Hüquq siyasəti komitəsinin yaz sessiyasının əvvəlində öz işi barədə hesabatı, yaz sessiyasının əvvəlində görülmüş işlər, qarşıda duran vəzifələr, Ali Məclisin 2026-cı il yaz sessiyasının qanunvericilik işləri planına daxil edilməsi nəzərdə tutulan normativ sənədlərin müzakirəsi və cari məsələlərin daxil edildiyini diqqətə çatdırıb.
Əjdər Əliyev Ali Məclisin 2025-ci il payız sessiyası ərzində komitənin fəaliyyətinə dair hesabatını diqqətə çatdırdıqdan sonra gündəlikdə duran məsələlər müzakirə olunub, komitə üzvlərinin çıxışları dinlənilib.