Azərbaycan Ordusu bu gün öz inkişafı və tərəqqisi ilə, eləcə də güc potensialı ilə dünyanın ən elitar orduları sırasında yer alıb. Bu gerçəklik özünü hərtərəfli şəkildə sübuta yetirir.
NUHÇIXAN xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında “SƏS” Media Qrupun rəhbəri, siyasi ekspert Bəhruz Quliyev deyib.
Ekspert bildirib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin Aprel döyüşlərinin üçüncü ildönümündə Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin N saylı hərbi hissəsinə getməsi bu savaşda qəhrəmanlıq göstərmiş zabit və hərbçilərimizə diqqətin təcəssümüdür. Bilirik ki, 3 il öncə Silahlı Qüvvələrimizin bütün qoşun növləri işğalçı Ermənistanın təxribatlarının qarşısının alınmasında qəhrəmanlıq göstəriblər, Xüsusi Təyinatlı Qüvvələr isə öndə gedərək Aprel zəfərinə şücaətlə, canı-qanı bahasına yol açdı. Ali Baş Komandanın bu qoşun növünə aid hərbi hissəni ziyarət etməsi bütövlükdə torpaqlarımızın azadlığı uğrunda şəhid olan zabit və əsgərlərimizə ehtiramın göstəricisidir.
Prezident İlham Əliyev çıxışında Azərbaycan Ordusunun bu gün ən yüksək keyfiyyətlərə malik olduğunu və istənilən anda istənilən vəzifəni icra edə biləcəyini vurğuladı. Bu gün hərbi hissələrdə quruculuq işləri davam etdirilir, müvafiq təlimləri keçmək üçün hərbçilərə ən münbit şərait yaradılır. Əlbəttə, bütün bunlar ordumuzun sürətli inkişafının bariz göstəricisi olaraq qiymətləndirilir. Bu gün şanlı ordumuz dünya miqyasında ən güclü ordular sırasında yer almaqdadır. Zabit və hərbçilərimiz bir sıra antiterror əməliyyatlarında, NATO standartları səviyyəsində keçirilən böyük hərbi təlimlərdə, habelə ölkələrarası beynəlxalq təlimlərdə, müsabiqələrdə iştirak edərək nə qədər yüksək hərbi hazırlığa, potensiala malik olduqlarını sübuta yetirirlər.
Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli islahatlar proqramı Qarabağ müharibəsi və Aprel döyüşlərində şəhid düşmüş zabit və əsgərlərimizin ailələrinə, qazilərimizə də öz töhfələrini verir. Ölkə başçısı bu görüşdə həmin məsələyə də toxunaraq bildirib ki, yaralı hərbçilərimizin müalicəsi, bərpası üçün dövlət əlindən gələni əsirgəməyib və yaralanmış bütün hərbçilər xoşbəxtlikdən normal həyata qayıdıblar. Onların müalicəsi, bərpası, aktiv həyata qayıtmaları üçün bütün lazımi işlər görülüb. Eyni zamanda, hərbçilərin məişət, sosial problemləri həll olunur, onlara yeni mənzillər verilir və bu proses davam etdirilir. Azərbaycan Ordusu qısa dövr ərzində nəhəng inkişaf yolu keçib. Əvvəlki zamanlarla müqayisədə biz bunu aydın şəkildə görə bilərik.
Bəhruz Quliyev Prezident İlham Əliyevin çıxışında AXC-Müsavat cütlüyünün hakimiyyətdə olduğu vaxt xəyanətkar əməllərinə də toxunduğunu xatırladaraq bildirib ki, məhz həmin xəyanət nəticəsində işğal edilmiş torpaqlarda Ermənistan silahlı qüvvələri möhkəmləndi, Ermənistanla Dağlıq Qarabağ arasında canlı bağlantı yaradıldı və düşmənə imkan verdi ki, öz işğalçılıq siyasətini davam etdirsin. Əgər ulu öndər Heydər Əliyev olmasaydı Azərbaycan xalqı daha ağır fəsadlarla nəticələnəcək vəziyyətə düşəcəkdi. Məhz onun qətiyyəti, iradəsi, mübarizliyi sayəsində Qarabağda uğurlu əməliyyatlar keçirildi, Horadiz və digər yaşayış məntəqələrimiz erməni işğalından azad edildi. 2016-cı ilin Aprel döyüşləri və daha sonra əldə edilən Naxçıvan zəfəri bütövlükdə Qarabağımızın işğaldan azad edilməsinə açılan qələbə yolu oldu. Bu gün Azərbaycan xalqı öz Ali Baş Komandanına, Ordusuna güvənir, hər an torpaqlarının azad edilməsi üçün mübarizəyə hazır olduğunu nümayiş etdirir.
Siyasi ekspert vurğulayıb ki, artıq dünya birliyi, mötəbər beynəlxalq təşkilatlar da Qarabağ torpaqlarının Ermənistan tərəfindən işğala məruz qaldığını etiraf edir, müvafiq bəyanatlar, qətnamələr qəbul edirlər. Dövlətimizin başçısı öz çıxışında bu barədə danışarkən bütün mötəbər beynəlxalq təşkilatların müvafiq qərar və qətnamələr qəbul etdiklərini xatırladıb. Bildirib ki, Azərbaycan dövləti və xalqı hüququn onun tərəfində olduğunu bilir və işğal altındakı torpaqlarımızın azad edilməsi üçün daim hazır olduğunu nümayiş etdirir. Ermənistan rəhbərliyinin bu və ya digər şəkildə danışıqlar formatını dəyişmək cəhdləri də heç bir nəticə verməyib, bundan sonra da verməyəcək. Çünki Prezident İlham Əliyevin birmənalı və qətiyyətli mövqeyi həmin cəhdlərin qarşısını birdəfəlik alıb. Elə sonuncu Vyana görüşündə də biz bu qətiyyəti gördük. Ölkə başçısının da vurğuladığı kimi, haqq-ədalət, tarixi həqiqət bizim tərəfimizdədir. O cümlədən iqtisadi və hərbi güc də bizim tərəfimizdədir. Son illərdə görülmüş işlər, hərbi sahədə aparılan islahatlar, hərbi gücümüzün artırılması, həm siyasi meydanlarda, həm də döyüş meydanlarında qələbələr bizi daha da ruhlandırır, daha da gücləndirir.