Ali Məclisin 2026-cı il yaz sessiyasının ilk plenar iclası keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, fevralın 2-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovun sədrliyi ilə yeddinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2026-cı il yaz sessiyasının ilk plenar iclası keçirilib.

Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov sessiyanı açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. 

Sonra yaz sessiyasının başlanması münasibətilə deputatları təbrik edən Ali Məclis sədrinin birinci müavini bildirib ki, bu gün, həmçinin ölkəmizdə Gənclər Günüdür. Gənclərə həmişə böyük qayğı ilə yanaşan Ümummilli Lider Heydər Əliyevin imzaladığı müvafiq sərəncamla hər il fevralın 2-si ölkəmizdə Azərbaycan Gəncləri Günü kimi qeyd edilir. Bu gün dövlətimizin gənclər siyasəti möhtərəm cənab Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələyə daxil olmuş, gənclərimiz cənab İlham Əliyevin ətrafında sıx birləşərək Azərbaycanın daha da güclənməsinə, inkişaf etməsinə töhfə verən aparıcı qüvvəyə çevrilmişdir. 

“Ulu Öndərin gənclərə etimadının ən böyük təsdiqi 44 günlük Vətən müharibəsində Azərbaycan gəncliyinin müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə üzərinə düşən tarixi missiyanı yerinə yetirməsi oldu”,-deyən Bəxtiyar Məmmədov Azərbaycan gənclərini təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

İclasda deputatlardan Sevinc Həsənova və Mövlan Məmmədov çıxış edərək ölkəmizdə gənclər siyasəti istiqamətində ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən mühüm tədbirlərdən, gənclərin sağlam, savadlı, vətənpərvər, milli ruhlu vətəndaşlar kimi yetişməsi üçün onlara yaradılmış şəraitdən danışıblar.

Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov vurğulayıb ki, bugünkü iclasın gündəliyində 3 məsələ nəzərdə tutulsa da, əlavə olaraq 2 məsələ onun tərəfindən gündəliyə daxil edilib və deputatlara təqdim olunub. 

Gündəlik təsdiq olunduqdan sonra “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2026-cı il yaz sessiyasının qanunvericilik işləri planı haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Qərarı səsə qoyularaq qəbul edilib.

İclasın gündəliyində duran ikinci və üçüncü məsələlərlə bağlı Ali Məclis sədrinin birinci müavini qeyd edib ki, Daxili Nizamnaməyə əsasən Ali Məclisin yaz sessiyasının birinci iclasında Hesablayıcı və İntizam komissiyaları yaradılmalıdır. Həmin komissiyalar Ali Məclisin deputatları sırasından 1 il müddətinə 5 üzvdən ibarət tərkibdə seçilir.   

Müzakirə olunan məsələlərlə bağlı hazırlanmış “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Hesablayıcı komissiyasının yaradılması haqqında” və “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin İntizam komissiyasının yaradılması haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Qərarları oxunduqdan sonra ayrı-ayrılıqda səsə qoyularaq qəbul edilib.

Gündəlikdə duran növbəti məsələ - Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitə sədrlərinin, sədr müavinlərinin və üzvlərinin seçilməsi ilə bağlı Bəxtiyar Məmmədov bildirib ki, komitələrin öz funksiyalarının həyata keçirilməsi istiqamətində təkmilləşdirmə aparılması məqsədilə komitələrin tərkibinin yenidən formalaşdırılması zərurəti yaranmışdır.

Komitələrin tərkibi ilə bağlı qərar layihəsi oxunduqdan sonra “Naxçıvan Muxtar Respublikası Ali Məclisi  komitələrinin sədrlərinin, sədr müavinlərinin və üzvlərinin seçilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Qərarı səsə qoyularaq qəbul edilib.

İclasda müzakirə olunan sonuncu məsələ - Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2023-cü il 16 may tarixli 24-VI QR nömrəli Qərarında dəyişiklik edilməsi ilə bağlı qeyd olunub ki, “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2024-cü il 25 oktyabr tarixli 2-VII QN nömrəli Qanunu ilə artıq deputatların aylıq vəzifə maaşları və vəzifə maaşına əlavələr qanuna daxil edildiyindən müvafiq qərarda dəyişiklik zərurəti yaranmışdır.

Müzakirə olunan məsələ ilə əlaqədar qərar layihəsi oxunub, səsə qoyularaq qəbul edilib.

Bununla da Ali Məclisin yaz sessiyasının ilk plenar iclası başa çatıb.
 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: