Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi "Zayed İnsan Qardaşlığı Mükafatı" alması münasibətilə təbrik edib.
NUHÇIXAN xəbər verir ki, bu barədə Türkiyə Prezidenti "Zayed İnsan Qardaşlığı Mükafatı"nın laureatlarına təbrik videomüraciətində deyib.
O, videomüraciəti zamanı builki mükafatlara layiq görülən Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın Baş naziri Nikol Paşinyanı ürəkdən təbrik edib:
"Davamlı sülhün bərqərar olması yolunda həm İlham Əliyev qardaşımın atdığı cəsur addımları, həm də cənab Paşinyanın ortaya qoyduğu qətiyyətli iradəni son dərəcə əhəmiyyətli hesab etdiyimi xüsusilə vurğulamaq istəyirəm. Məqsədi, əhatə dairəsi, məzmunu və ruhu üzərində iki tərəfin də razılıq əldə etdiyi razılaşmanın qüvvəyə minməsi ilə Qafqazın gələcəyində yeni bir səhifənin açılacağına inanıram".
Ərdoğan bildirib ki, Türkiyə bölgədə və dünyada əmin-amanlıq, sülh, rifah və sabitliyə yönələn bütün təşəbbüsləri səmimiyyətlə dəstəkləyir:
"Qafqazda davamlı sülhün bərqərar olması üçün üzərimizə nə düşürsə etməyə, ədalətə əsaslanan dostluq körpülərinin qurulmasında fəal şəkildə çalışmağa, inşallah, davam edəcəyik.
Bu düşüncələrlə həm Azərbaycan Prezidenti cənab Əliyevi, həm də Ermənistanın Baş naziri cənab Paşinyanı bir daha təbrik edirəm".
