Vyana danışıqları: ərazi bütövlüyünün bərpası ilkin şərt kimi

A- A A+

Martın 29-da Avstriyanın paytaxtı Vyanada Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutan danışıqlara ekspertlər və kütləvi informasiya vasitələri böyük maraq göstərib. Uzun müddət idi ki, tərəflər Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı müzakirə apara bilmirdilər. Bunun səbəbi Ermənistanda baş verən siyasi proseslər nəticəsində yaranmış iqtidar dəyişikliyi ilə bağlı idi. İndi isə proses yenidən canlanıb. Danışıqlarda ATƏT-in Minsk qrupunun həmsədrləri də iştirak ediblər. Müzakirələrdən sonra münaqişə tərəfləri və həmsədrlər müsbət məzmunda fikir bildiriblər. Həmsədrlər yaydıqları bəyanatda pozitiv məqamı açıq ifadə ediblər. Ermənistanın baş naziri də bütövlükdə danışıqların faydalı olduğunu bəyan edib. Bunlarla yanaşı, dəqiq və dolğun qiyməti Azərbaycan Prezidenti verib. Həmin məqamın işığında Vyana görüşünün geosiyasi analizi üzərində dayanmaq istərdik.

Baş tutan görüş: format dəyişmir!

Ermənilər çox sevinirlər ki, nəhayət, N.Paşinyan Azərbaycan Prezidenti ilə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı rəsmi müzakirə aparmaq üçün görüşə bildi. Vyanaya qədər İlham Əliyevlə N.Paşinyan Düşənbədə və Davosda danışmışdılar. Ancaq ilk dəfə idi ki, Vyanada münaqişənin həlli ilə bağlı üç saatdan çox davam edən danışıq oldu. Bu, martın 29-da baş verdi.

Ermənilər nəyə sevinirlər? Hesab edirlər ki, N.Paşinyan İlham Əliyevlə müzakirə apara bilirsə, deməli, Azərbaycan tərəfi Ermənistanın yeni iqtidarının legitimliyini qəbul edir. Eyni zamanda, N.Paşinyanla da nəyisə müzakirə etməyin lazım olduğunu qəbul edir. Əslində, bunlar beynəlxalq hüquq normaları çərçivəsində olan hadisələrdir və Azərbaycan üçün heç bir problem yaratmır. Bu səbəbdən Ermənistan üçün daha vacib olanı Azərbaycanın hərbi yolla torpaqları azad etmək planını hələ işə salmamasıdır. Ermənistan mediasında yer alan informasiyalar ermənilərin məhz bu məqamdan çox çəkindiyini göstərir.

Reallıq isə bir qədər başqa müstəvidədir. Məsələ ondan ibarətdir ki, Azərbaycan heç zaman münaqişənin sülh yolu ilə həllinə etiraz etməyib, əksinə, həmişə bu xəttə sadiq qalıb. Lakin Ermənistan nə zaman təcavüzkar kimi davranmağa çalışıb, Azərbaycan Ordusu onun cavabını yaxşı verib. Son olaraq bu, 2016-cı ilin aprelində və daha sonra Naxçıvanda özünü göstərdi. Ermənistan hakimiyyəti anladı ki, güc dili ilə Azərbaycanla danışmaq onu fəlakətə aparır. Bu səbəbdən N.Paşinyanın İlham Əliyevlə müzakirə apara bilməsinə çox çalışırdılar.

Vyanada aparılan danışıqlar yuxarıda vurğulananlarla yanaşı, onu da göstərdi ki, Ermənistan danışıqlar prosesinə heç bir pozitiv impuls verə bilmir. Vyanada Ermənistanın Dağlıq Qarabağdakı separatçı-terrorçuları danışıqlar prosesinə qoşmaq cəhdinin fiasko ilə nəticələndiyi bir daha aydın oldu. N.Paşinyan məcburən Azərbaycan Prezidenti ilə danışıqlarla bağlı fikir mübadiləsi apardı. Və orada qondarma "DQR"dən nümayəndə yox idi. Bu məqam N.Paşinyanın "ortaq təhlükəsizlik şurası" planının da sabun köpüyü olduğunu nümayiş etdirdi. Çünki "Ermənistan və Artsaxın (Qarabağ – redaktorun qeydi) təhlükəsizlik şuralarının birgə toplantısı"ndan sonra N.Paşinyan ədabazlıqla demişdi ki, "Artsax ona öz adından danışıqlar aparmaq hüququnu vermədi". Vyanada isə N.Paşinyan, əslində, bütün erməni separatçılarının adından danışıb. Özü də o, humanitar əlaqələrdən, xalqlar arasında münasibətlərin yaranmasından bəhs edib. Ermənistanın baş naziri sevincək bəyan edib ki, görüş müsbət olub. Danışıqlarda irəliləyiş olmasa da, "müzakirələr başlayıb". Yəni Ermənistan hakimiyyəti müzakirə faktının özünün olmasına sevinir. Təbii ki, Azərbaycan Ordusunun gücünü görənlər bir daha onunla qarşılaşmamağa üstünlük verməlidir. Lakin məsələnin başqa tərəfləri də vardır.

Əlbəttə, münaqişənin danışıqlarla yolu ilə həlli Azərbaycana da sərf edir. Əsas odur ki, torpaqlar işğaldan azad edilsin. İşğalçı rədd olub getsin. Ermənilərdə olan türk-müsəlman fobiyası tarixin arxivinə atılsın. Ancaq Ermənistanın müdafiə naziri D.Tonoyanın Vaşinqtonda dediyi bir neçə cümlə bu ölkənin hələ də qeyri-konstruktiv mövqedə olduğunu təsdiq edir. Orada erməni nazir "yeni ərazilər uğrunda yeni müharibə" tezisini "kəşf etdiyini" utanmadan söyləyib. ABŞ özünü demokratiyanın beşiyi sayır, erməni isə məhz orada bəyan edir ki, Azərbaycanın yeni ərazilərini işğal etməyə hazırlaşırlar. Maraqlıdır ki, D.Tonoyanın beynəlxalq hüquqa tam zidd olan bu sərsəmləməsinə Vaşinqton reaksiya verməyib. Əgər belə bir fikri İranın və ya başqa bir müsəlman ölkəsinin müdafiə naziri söyləsəydi, Qərb necə reaksiya verərdi? Sualın cavabı İraq, Əfqanıstan, Suriya və digər müsəlman ölkələrində baş verənlərdədir.

Əslində, Azərbaycan üçün bu kimi söyləntilər boş bir şeydir. Ermənistan ordusu Azərbaycana qarşı bir addım atdığı andan darmadağın olacaq. Bunu ermənilər yaxşı bilir, buna görə də "yeni ərazi" iddiasının onlar üçün yeni faciələr gətirəcəyinə şübhə etmirlər. Ancaq Vyanada Ermənistanın baş nazirinin humanitar əlaqələrdən danışdığı bir vaxtda müdafiə nazirinin ABŞ-da müharibədən dəm vurması erməni siyasi düşüncəsinin anormallığından xəbər verir. Bu baxımdan N.Paşinyanın müsbət hal kimi qiymətləndirdiyi danışıqların necə sonuclanacağı aydın deyil.

Həqiqət anı: Prezident danışıqları obyektiv və dəqiq qiymətləndirib

Əsas odur ki, Azərbaycan Prezidenti İlham Əliyevin danışıqlarla bağlı ifadə etdiyi dəqiq, obyektiv və lakonik fikirlərin fonunda ermənilərin söylədikləri çox sönük və qeyri-obyektiv görünür. Dövlət başçısı İlham Əliyev Rusiyanın TASS agentliyinə verdiyi müsahibədə vurğulayıb: "Bildiyiniz kimi, xarici işlər nazirləri bir neçə raund danışıqlar aparıblar. Görüş ona görə mühümdür ki, məsələnin mahiyyəti ilə bağlı danışıqlar prosesinə yeni start verilib. Biz etimadı, ola bilsin ki, insanlar arasında təmaslar çərçivəsində möhkəmləndirməklə bağlı məsələləri müzakirə etdik. Bundan əvvəl ictimaiyyət nümayəndələri arasında təmaslar olub. Yəni, hələ bu barədə danışmaq tezdir, lakin humanitar məsələlərə gəldikdə, bu, nəzərdə tutulur. Çünki danışıqlar prosesi təbii ki, həm də humanitar aksiyalarla dəstəklənməlidir".

Deməli, hələlik danışıqlar prosesində etimad məsələsi önəm kəsb edir. Bu səbəbdən məsələnin mahiyyəti ilə bağlı danışıqlara başlanması müsbət haldır. Bu çərçivədə humanitar məsələlərin də müzakirəsi mümkündür, ancaq o barədə danışmaq hələ tezdir. Konkret vəziyyət bundan ibarətdir. Azərbaycan Prezidenti fikirlərini inkişaf etdirərək bəyan edib: "Lakin mən hesab edirəm, əsas odur ki, danışıqların formatı dəyişilməz qalıb. Danışıqlar uzun illər olduğu kimi, Ermənistan ilə Azərbaycan arasında aparılır. İkincisi, danışıqlar prosesinə yeni təkan verilib. Bu da vacibdir. Biz Minsk qrupunun həmsədrlərinin 9 mart tarixli bəyanatını, – siz yəqin ki, onunla tanışsınız, – çox müsbət qiymətləndirdik. Orada deyilir ki, danışıqlar formatının dəyişdirilməsi yalnız iki tərəfin razılığı ilə ola bilər. Azərbaycan tərəfi təbii ki, buna razılıq vermədi. Ona görə də biz prinsipcə substantiv danışıqların davam etdirilməli olduğu vəziyyətə qayıtdıq".

Aydındır ki, danışıqların səmərəli olması üçün onun hansı formatda aparılması çox vacibdir. Nə Azərbaycan tərəfi, nə də həmsədrlər N.Paşinyanın danışıqların formatını dəyişməklə bağlı irəli sürdüyü iddianı dəstəkləməyiblər. Bu o deməkdir ki, N.Paşinyan özü də istəmədən öncəki formatda danışıqlar masasına oturmalı olub. Bunu etməsəydi, Ermənistan ciddi zərbələr alacaqdı. Deməli, erməni KİV-lərinin hay-küyünə baxmayaraq, rəsmi İrəvan yeni heç nə təklif edə bilməyib və edə biləcəyi ehtimalı da çox aşağıdır. Danışıqların bu formatda davam etdirilməsi BMT Nizamnaməsini, Helsinki Yekun Aktını və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində qəbul edilmiş çoxsaylı beynəlxalq sənədləri nəzərə almağı tələb edir. Bu isə avtomatik olaraq Azərbaycanın ərazi bütövlüyünün bərpasını şərt kimi qoyur. Dövlət başçısı İlham Əliyev həmin bağlılıqda ifadə edib: "Xarici işlər nazirlərinə tapşırıqlar verilib. Onlar çox güman ki, nəticəyə yönələn danışıqlar prosesini davam etdirmək üçün yaxın vaxtlarda görüşəcəklər. Bizim üçün birinci yerdə beynəlxalq səviyyədə tanınmış Azərbaycan ərazilərinin beynəlxalq hüquq, Helsinki Yekun Aktı və BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməsi çərçivəsində işğaldan azad edilməsi məsələsi durur".

Olduqca konkret, dəqiq və aydın ifadə edilib – Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmalı, BMT-nin dörd qətnaməsi yerinə yetirilməlidir! Əlbəttə, bu şərtlərin ödənildiyi halda humanitar əlaqələrə heç kəs etiraz etməz. Yəni humanitar əlaqələr məqsəd deyil, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün lazım olan psixoloji məqamdır. Bu həqiqəti erməni ictimaiyyətinin də anlaması zamanı gəlib. Vyana danışıqlarının müsbət tərəfi məhz bu kimi məqamların artıq müzakirəyə çıxarılması ilə bağlıdır.

Newtimes.az

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: