Naxçıvanda “Azərbaycan gəncliyi: Ulu Öndər ideyalarından müasir inkişaf mərhələsinədək” adlı tədbir keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, fevralın 6-da Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi, Azərbaycan Respublikası Milli Məclisinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birgə təşkilatçılığı ilə Naxçıvanda “Azərbaycan gəncliyi: Ulu Öndər ideyalarından müasir inkişaf mərhələsinədək” adlı tədbir keçirilib. 

Əvvəlcə müasir müstəqil Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra “Heydər Əliyev və Azərbaycan gəncliyi” adlı videoçarx təqdim edilib.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov çıxışında Azərbaycan gəncliyinə göstərilən yüksək dövlət qayğısından, bu sahədə həyata keçirilən ardıcıl və məqsədyönlü siyasətdən bəhs edib. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 30 il əvvəl təsis edilən Gənclər Günü gəncliyə verilən dəyərin bariz nümunəsidir və məhz bu strateji baxış nəticəsində gənclərin bilikli, vətənpərvər və milli-mənəvi dəyərlərə sadiq ruhda formalaşması dövlət siyasətinin prioritetlərindən birinə çevrilib. Səlahiyyətli nümayəndə bu siyasətin real nəticələrini şəxsi təcrübəsində gördüyünü diqqətə çatdıraraq bildirib ki, özü də “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə təhsil almaq imkanı qazanıb. Vurğulanıb ki, dövlət dəstəyi ilə xaricdə təhsil alan gənclər bu gün Azərbaycan cəmiyyətinin müxtəlif sahələrində uğurla fəaliyyət göstərərək ölkənin intellektual və insan kapitalının güclənməsinə xidmət edirlər.

Ceyhun Cəlilov Prezident cənab İlham Əliyevin qətiyyətli siyasi iradəsi ilə reallaşmaqda olan Zəngəzur dəhlizini regionun gələcək iqtisadi mənzərəsini müəyyən edən strateji təşəbbüs kimi dəyərləndirib. Bildirilib ki, son illər Naxçıvan Muxtar Respublikasında əldə olunan mühüm nailiyyətlərin əsasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” dayanır. Proqramda elmin və təhsilin modernləşdirilməsi, tədqiqat mühitinin gücləndirilməsi, innovativ yanaşmaların tətbiqi və gənc mütəxəssis hazırlığının keyfiyyətinin artırılması strateji hədəflər kimi müəyyən olunub. Bu siyasət gənclər üçün yeni bilik, yaradıcılıq və peşəkar inkişaf imkanları yaradır.

Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov çıxışında Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə dövlət gənclər siyasətinin uğurla davam etdirildiyini vurğulayıb. Nazir bildirib ki, ölkə üzrə təşkil olunan Gənclər Həftəsi çərçivəsində keçirilən silsilə tədbirlər gənclərin fəallığının artırılmasına və onların təşəbbüslərinin dəstəklənməsinə xidmət edir. Qeyd olunub ki, bu tədbirlər sırasında Xankəndi şəhərində təşkil edilən Azərbaycan Gənclərinin XI Forumu xüsusi əhəmiyyət daşıyır və Gənclər Həftəsi çərçivəsində həyata keçirilən tədbirlərin Naxçıvan Muxtar Respublikasında davam etdirilməsi dövlətin gənclərə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. 

Nazir Azərbaycanın gələcəyinin daha möhkəm təməllər üzərində qurulduğunu vurğulayıb, Gənclər Həftəsi çərçivəsində təşkil olunan tədbirlərin qarşıdakı dövrdə də ölkənin bütün bölgələrini əhatə etməklə davam etdiriləcəyini qeyd edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov bildirib ki, Azərbaycan gəncliyi ölkənin ən böyük strateji potensialıdır və bu potensialın formalaşmasında Ulu Öndər Heydər Əliyevin gənclərə dair uzaqgörən siyasəti əsas rol oynayıb. Vurğulanıb ki, Ümummilli Liderin rəhbərliyi dövründə təhsilli, ixtisaslı gənclərin yetişdirilməsi, xüsusilə milli hərbçi kadrların hazırlanması ölkəmiz müstəqillik qazandıqdan sonra da milli kadr təminatında əsas amil olub. 

Bəxtiyar Məmmədov Ulu Öndərin 1992-ci ildə Türkiyə Respublikasına rəsmi səfəri zamanı imzaladığı əməkdaşlıq protokolu muxtar respublika ilə Türkiyə arasında əlaqələrin inkişafına xidmət etməklə yanaşı, hər il 100 naxçıvanlı gəncin Türkiyədə təhsil almasına imkan yaratdığını diqqətə çatdırıb. Vurğulanıb ki, bu istiqamətdə atılan addımlar bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət gənclər siyasəti nəticəsində gənclər ictimai-siyasi həyatın fəal iştirakçısına çevrilib. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan tarixi Zəfər isə onların milli ruhunu və vətənpərvərliyini nümayiş etdirdi. Eyni zamanda Naxçıvanda gənclərin inkişafı üçün geniş imkanlar yaradıldığı və parlamentlə gənclər arasında dialoqun gücləndirildiyi qeyd olunub.

Gənclərin ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında artan rolundan bəhs edən Azərbaycan Respublikası Milli Məclisinin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov çıxışında Azərbaycan gəncliyinin qədim dövlətçilik ənənələrinə sadiq, milli-mənəvi dəyərlərə bağlı və müasir çağırışlara cavab verən əsas aparıcı qüvvə kimi formalaşdığını diqqətə çatdırıb. Bildirilib ki, ölkəmizdə gənclərin hərtərəfli inkişafı üçün yaradılan əlverişli mühit, həyata keçirilən təşviq və reytinq mexanizmləri onların potensialının üzə çıxarılmasına, gələcək uğurlarına mühüm töhfə verir.

Komitə sədri qeyd edib ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasətinin ən parlaq nəticələrindən biri 2020-ci ildə Azərbaycan gəncliyinin üzərinə düşən tarixi missiyanı layiqincə yerinə yetirməsidir. Vətən müharibəsi dövründə gənclər Müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşərək qəhrəmanlıq və fədakarlıq nümunəsi göstərib, şəhid və qazilərimiz isə xalqımızın yaddaşında əbədi yer tutublar. 

Sonra Naxçıvan Muxtar Respublikasında dövlət gənclər siyasətinin həyata keçirilməsində fəal iştirakına görə bir qrup gənc mükafatlandırılıb. 

Tədbirin davamında “Azərbaycan Gəncləri Günü dövlət gənclər siyasətinin nailiyyətləridir” və “Azərbaycan gənclər və idman siyasəti: dünən, bu gün və gələcəyə baxış” mövzularında panel müzakirələr keçirilib.

Sonda xatirə şəkli çəkdirilib.

Qeyd edək ki, qonaqlar mədəni tədbirlər çərçivəsində Naxçıvan şəhərinin bir sıra tarixi, mədəni və gəzməli-görməli yerlərində də olublar. 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: