Görkəmli şəxsiyyətlərin, xalq, vətən, dövlət qarşısında xidmətləri olan şəxslərin və şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üzrə komissiya yaradılıb
Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov görkəmli şəxsiyyətlərin, xalq, vətən, dövlət qarşısında xidmətləri olan şəxslərin və şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üzrə komissiyanın yaradılması haqqında Qərar imzalayıb.
NUHÇIXAN xəbər verir ki, Qərarla Baş nazirinin müavininin sədrlik etdiyi, Nazirlər Kabineti Aparatının humanitar və sosial məsələlər şöbəsinin müdirinin katibi olduğu komissiyaya müdafiə, daxili işlər, mədəniyyət, gənclər və idman, təhsil, səhiyyə, maliyyə, əmək və əhalinin sosial müdafiəsi nazirlərinin müavinləri, Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin, Dövlət Təhlükəsizliyi Xidməti rəisinin, Dövlət Turizm Agentliyi sədrinin,Milli Arxiv İdarəsi rəisinin müavinləri, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri daxildir.
Qərara əsəsən dövlət müəssisələrinin, təşkilatlarının, idarələrinin və digər obyektlərin adlarının dəyişdirilməsi, onlara görkəmli şəxsiyyətlərin, xalq, vətən, dövlət qarşısında xidmətləri olan şəxslərin və şəhidlərin adlarının verilməsi ilə əlaqədar daxil olmuş təkliflər və Nazirlər Kabineti qarşısında qaldırılmış vəsatətlər Nazirlər Kabineti Aparatının aidiyyəti şöbələri tərəfindən araşdırılır və nəticəsi barədə arayışla birlikdə baxılması üçün bu Qərarla yaradılan komissiyaya təqdim edilir.
Qərardan irəli gələn digər məsələlər “Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası”nın və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1627 nömrəli Fərmanına əsasən həll edilir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Şəhidlərin adının əbədiləşdirilməsi ilə əlaqədar komissiyanın yaradılması haqqında” 1995-ci il 10 yanvar tarixli 5 nömrəli və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Şəhidlərin adının əbədiləşdirilməsi ilə əlaqədar komissiyanın yaradılması haqqında” 1995-ci il 10 yanvar tarixli 5 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında” 1995-ci il 10 avqust tarixli 181 nömrəli qərarları ləğv edilir.