NUHÇIXAN xəbər verir ki, bu gün Naxçıvan Muxtar Respublikasının yaradılmasının 102-ci ildönümü qeyd olunur.
1924-cü il fevralın 9-da muxtar respublika statusu alan Naxçıvan Azərbaycan dövlətçiliyinin ayrılmaz tərkib hissəsi kimi tarix boyu mühüm siyasi və strateji əhəmiyyətə malik olub. Naxçıvanın muxtariyyət statusunun beynəlxalq hüquqi əsasları 1921-ci ildə imzalanmış Moskva və Qars müqavilələri ilə təsbit edilib. Həmin sənədlərə əsasən, Naxçıvan Azərbaycanın himayəsi altında muxtar ərazi kimi tanınıb və bu status onun taleyində həlledici rol oynayıb.
Naxçıvanın muxtariyyət statusunun qorunması və möhkəmləndirilməsi Ulu Öndər Heydər Əliyevin dövlətçilik siyasətinin əsas istiqamətlərindən biri olub. Bu siyasi xətt bu gün də Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul edilən Konstitusiya ilə Naxçıvan Muxtar Respublikasına Azərbaycanın tərkibində muxtar dövlət statusu verilib.
Naxçıvan Muxtar Respublikası hazırda 7 inzibati rayondan — Babək, Culfa, Ordubad, Sədərək, Şahbuz, Şərur və Kəngərli rayonlarından ibarətdir. Muxtar respublikanın ərazisində 6 şəhər (Naxçıvan, Ordubad, Culfa, Babək, Şahbuz və Şərur), 8 qəsəbə, 157 kənd inzibati ərazi dairəsi və 203 kənd mövcuddur.
Muxtar Respublikanın inzibati mərkəzi qədim Naxçıvan şəhəridir.
Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 illiyi ilə bağlı imzaladığı Sərəncam muxtar respublikanın tarixi roluna və strateji əhəmiyyətinə verilən yüksək qiymətin bariz nümunəsidir. Həmin Sərəncama uyğun olaraq yubiley ölkə miqyasında geniş şəkildə qeyd olunub.
Eyni zamanda, Milli Məclis tərəfindən Naxçıvan Muxtar Respublikasının muxtariyyət statusunu və hüquqi əsaslarını möhkəmləndirən qanunvericilik aktları qəbul edilib, habelə Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına təklif edilən dəyişikliklər təsdiqlənib. Bu addımlar muxtar respublikanın hüquqi-siyasi təminatını daha da gücləndirib.
2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsi isə Azərbaycanın ərazi bütövlüyünün, milli təhlükəsizliyinin və siyasi həmrəyliyinin möhkəmləndirilməsinə xidmət etməklə yanaşı, Naxçıvanın regional və strateji əhəmiyyətini bir daha ön plana çıxarıb.
102 illik inkişaf yolu keçən Naxçıvan Muxtar Respublikası bu gün sosial-iqtisadi inkişafı, dövlətçiliyə sədaqəti və strateji mövqeyi ilə Azərbaycanın əsas dayaqlarından biri kimi inkişafını davam etdirir.
