Türkmənistan mətbuatı Prezident İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı” ilə təltif olunmasına geniş yer ayırıb
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində Azərbaycan Prezidenti İlham Əliyevə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdim olunması ilə əlaqədar Türkmənistan mətbuatında geniş material dərc olunub.
NUHÇIXAN xəbər verir ki, Türkmənistanın “THE ASHGABAT TIMES” saytında türkmən, rus, ingilis və alman dillərində dərc olunan materialda bu mükafatın Prezident İlham Əliyevə sülh istiqamətində həyata keçirdiyi işlərə, regionda sülhün dayanıqlı olması üçün reallaşdırdığı layihələrə görə verildiyi bildirilib.
Sayt yazır ki, təqdimolunma mərasimində Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin, Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin, Qırğız Respublikasının Prezidenti Sadır Japarovun, Livan Respublikasının Prezidenti Cosef Aunun, Türkiyənin birinci xanımı Əminə Ərdoğanın və İordaniya Haşimilər Krallığının Kralı II Abdullahın “Zayed İnsan Qardaşlığı Mükafatı”nın laureatlarına təbrik videomüraciətləri nümayiş olunub. Onlar laureatları təbrik edərək regionda sülh naminə atılan addımları dəstəkləyəcəklərini bəyan ediblər.
