Ərəb Parlamentinin prezidenti: Ərəb dünyası Azərbaycanla münasibətlərə önəm verir - FOTOLAR
Milli Məclisin sədri Sahibə Qafarova fevral 11-də ölkəmizdə rəsmi səfərdə olan Ərəb Parlamentinin prezidenti Məhəmməd Əhməd Əl-Yammahi ilə görüşüb.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən NUHÇIXAN-a bildirilib ki, görüşdə Ərəb Parlamentinin prezidentinin ölkəmizə ilk rəsmi səfəri yüksək qiymətləndirilib, bu səfərin iki qurum arasında münasibətlərin daha da inkişafına mühüm töhfə verəcəyinə dair əminlik ifadə olunub.
Söhbətdə Azərbaycan ilə ərəb ölkələri arasında münasibətlərin ortaq tarix, dini-mənəvi dəyərlər və qarşılıqlı hörmət əsasında uğurla inkişaf etdiyi bildirilib. Ümummilli Lider Heydər Əliyevin bu əlaqələrə xüsusi önəm verdiyi, Prezident İlham Əliyevin isə həmin siyasəti uğurla davam etdirdiyi vurğulanıb. Qarşılıqlı səfərlərin intensivliyi və aparılan danışıqların əlaqələrin inkişafına mühüm töhfə verdiyi qeyd edilib.
Görüşdə Azərbaycanın İslam həmrəyliyinin gücləndirilməsi və islamofobiyaya qarşı mübarizədə fəal rol oynadığı bildirilib. İslam Əməkdaşlıq Təşkilatında qarşılıqlı dəstəyin davam etdiyi vurğulanaraq, Azərbaycanla Ərəb Dövlətləri Liqası arasında 20 illik əməkdaşlıq qeyd olunub, Prezident İlham Əliyevin 2022-ci ildə Liqanın Zirvə görüşündə iştirakı xatırladılıb.
Söhbət zamanı Prezident İlham Əliyevin təşəbbüsü ilə təsis olunmuş və hazırda Azərbaycanın sədrliyi ilə fəaliyyət göstərən Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi (QHPŞ) ilə Ərəb Parlamenti arasında əlaqələrin dinamik inkişaf etdiyi bildirilib.
Məhəmməd Əhməd Əl-Yammahi Prezident İlham Əliyevin regionda sülhün təmin olunması istiqamətində fəaliyyətini yüksək qiymətləndirib. Ərəb dünyasının Azərbaycanla münasibətlərə önəm verdiyini və ticarət, enerji, logistika sahələrində əməkdaşlığı dərinləşdirməkdə maraqlı olduğunu bildirib. Fələstin məsələsində Azərbaycanın göstərdiyi dəstəyə görə təşəkkür edib.
Parlamentlərimiz arasındakı münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu deyən qonaq rəhbərlik etdiyi qurumun Milli Məclis, eləcə də Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə yaratdığı əməkdaşlığın və dialoqun parlamentlərarası əlaqələrin genişləndirilməsi üçün möhkəm zəmin olduğunu vurğulayıb. O, Milli Məclisin sədrini Ərəb Parlamentinin plenar sessiyasına dəvət edib.
Görüşdə qonağa Azərbaycanın tarixi inkişaf yolu və Milli Məclis barədə məlumat verilib.
Sonra qonaq Milli Məclisin Xatirə kitabını imzalayıb. Nümayəndə heyəti plenar iclas zalı və foyedə yerləşən, 44 günlük Vətən müharibəsinə həsr olunmuş “Zəfər guşəsi” ilə tanış olub.