Azərbaycan–ABŞ münasibətlərində strateji dönüş: yeni mərhələnin siyasi və geoiqtisadi konturları

A- A A+

Azərbaycanın rəsmi nümayəndəliyi ilə ABŞ Vitse-prezidentinin ölkəmizə səfəri və bu çərçivədə imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası iki dövlət arasında münasibətlərin keyfiyyətcə yeni səviyyəyə çatdığını təsdiqləyir. Hadisə, həmçinin Cənubi Qafqazın siyasi arxitekturası, regional təhlükəsizlik sistemi və enerji-logistika xəritəsində baş verən dəyişikliklər fonunda strateji əhəmiyyət kəsb edir.

Azərbaycan Prezidenti İlham Əliyev səfər zamanı verdiyi açıqlamada ABŞ administrasiyasının Azərbaycana göstərdiyi konstruktiv və müsbət münasibəti yüksək qiymətləndirmiş, səfərin və imzalanmış rəsmi sənədin tarixi əhəmiyyətini vurğulamışdır. Altı ay əvvəl Vaşinqtonda keçirilən görüş və Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üçün yaradılan İşçi Qrupu bugünkü mərhələnin institusional təməlini formalaşdırmışdır.

Xaritiyada tərəflər bir-birinin suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına dəstək göstərərək, münasibətlərin əsas prinsiplərini bir daha təsdiqləmişlər. Bu addım qarşılıqlı etimadın, beynəlxalq hüququn norma və prinsiplərinə sadiqliyin, eləcə də siyasi dialoqun davamlılığının strateji tərəfdaşlığın ayrılmaz hissəsi olduğunu nümayiş etdirir. Ötən ilin avqust ayında Ağ Evdə paraflanmış sülh sazişi və Sülh haqqında Birgə Bəyannamə regionda yeni geosiyasi reallıq yaradaraq tərəfləri sülh şəraitində praktiki əməkdaşlıq mərhələsinə çıxarmışdır. Azərbaycanın Ermənistana gedən yüklərin tranziti ilə bağlı bütün məhdudiyyətləri aradan qaldırması və enerji məhsullarının təchizatına başlaması postmünaqişə dövründə etimad quruculuğu tədbirlərinin real nəticəsi kimi qiymətləndirilir və regional inteqrasiyanın möhkəmlənməsinə xidmət edir.

Rəsmi sənəddə regional bağlantılar və nəqliyyat infrastrukturu xüsusi yer tutur. Trans-Xəzər Nəqliyyat Dəhlizi – Orta Dəhliz çərçivəsində quru, dəniz və hava yollarının inkişafı, enerji və rəqəmsal şəbəkələrin genişləndirilməsi, gömrük və sərhəd prosedurlarının sadələşdirilməsi, multimodal logistika imkanlarının artırılması həm Azərbaycanın strateji mövqeyini gücləndirir, həm də ABŞ-ın Avrasiya məkanındakı iqtisadi və təhlükəsizlik maraqlarının təmin olunmasına töhfə verir.

Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu – TRIPP layihəsi Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz bağlantını təmin etməklə, qonşu ölkələr və regionlar vasitəsilə Asiya ilə Avropanı birləşdirən etibarlı daşımalar dəhlizinin yaradılmasına imkan verir. Bu layihə ticarət əlaqələrinin genişlənməsi, enerji təhlükəsizliyinin möhkəmləndirilməsi və regional sülhün gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda Xaritiyada iqtisadi əməkdaşlıq və texnoloji tərəfdaşlıq da mühüm istiqamət kimi qeyd olunmuşdur. Süni intellekt mərkəzlərinin yaradılması, rəqəmsal infrastrukturun inkişafı, innovativ texnologiyaların tətbiqi və kibertəhlükəsizlik sahəsində bilik və təcrübə mübadiləsi tərəflərin qarşılıqlı faydası və regionun inkişafı üçün strateji əhəmiyyət kəsb edir.

Təhlükəsizlik və müdafiə əməkdaşlığının genişləndirilməsi, antiterror fəaliyyətinin gücləndirilməsi, mühüm infrastrukturun qorunması və mina-təmizləmə layihələri bölgədə sabitliyin və etimadın möhkəmlənməsinə xidmət edir. Strateji Tərəfdaşlıq çərçivəsində İşçi Qruplarının yaradılması, layihələrin və yol xəritələrinin razılaşdırılması, illik yüksək səviyyəli görüşlərin təşkili tərəflər arasında sistemli və davamlı əməkdaşlığın təmin olunmasını nümayiş etdirir. Səfər və rəsmi sənədin imzalanması Azərbaycan–ABŞ münasibətlərini yeni siyasi, iqtisadi və geoiqtisadi reallıqlara uyğunlaşdırır, Cənubi Qafqazda uzunmüddətli sülh və sabitliyin təmin olunmasına, həmçinin regional inteqrasiyanın və iqtisadi inkişafın gücləndirilməsinə xidmət edən strateji addım kimi tarixə düşür.

Gülxarə Əhmədova

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: