Azərbaycanın rəqəmsal inkişaf modeli: mədəniyyət və innovasiyanın vəhdəti

A- A A+

Azərbaycan Respuvlikasının Prezidenti İlham Əliyevin “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə çıxışı ölkənin inkişaf fəlsəfəsində yeni mərhələnin başlandığını göstərir. Bu mərhələ təkcə texnoloji modernləşmə deyil, həm də milli-mənəvi dəyərlərin qorunması, mədəni irsin rəqəmsal transformasiyası və yaradıcı sənayelərin sistemli inkişafı baxımından strateji əhəmiyyət daşıyır. Ölkəmizdə rəqəmsallaşma artıq yalnız iqtisadi göstərici deyil, eyni zamanda mədəni siyasətin əsas istiqamətlərindən birinə çevrilir.

Süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması və genişzolaqlı fiber-optik infrastrukturun qurulması ölkənin rəqəmsal suverenliyini möhkəmləndirməklə yanaşı, mədəni irsin mühafizəsi üçün yeni platformalar formalaşdırır. Tarixi arxivlərin, əlyazmaların, qədim kitabələrin, folklor nümunələrinin, muğam irsinin, klassik ədəbiyyat və kino fondunun rəqəmsal konservasiyası mədəni yaddaşın institusional qorunması deməkdir. Rəqəmsal arxivləşdirmə, elektron kataloqlaşdırma və virtual ekspozisiya modelləri milli irsin qlobal informasiya məkanına inteqrasiyasını sürətləndirir. Bu isə mədəni identikliyin qorunması ilə yanaşı, onun beynəlxalq miqyasda tanıdılmasına da xidmət edir.

Dövlət xidmətlərinin vahid platforma üzərindən təqdim olunması mədəni idarəetmədə institusional çevikliyi artırır. Teatr və konsert fəaliyyəti, muzey ekspozisiyaları, sərgi layihələri, nəşriyyat fəaliyyəti, müəllif hüquqları və qrant mexanizmlərinin rəqəmsal sistemdə inteqrasiyası mədəniyyət sahəsində idarəetmənin optimallaşdırılmasına gətirib çıxaracaq. Bu, həm mədəniyyət müəssisələrinin fəaliyyətində şəffaflığı gücləndirəcək, həm də vətəndaşların mədəni xidmətlərə əlçatanlığını artıracaq. Rəqəmsal platformalar vasitəsilə mədəni məhsulun istehsalı və istehlakı arasında məsafə azalır, interaktiv kommunikasiya imkanları isə genişlənir.

Azərbaycanın enerji potensialının və generasiya gücünün artması da rəqəmsal mədəni ekosistemin formalaşması üçün mühüm zəmin yaradır. Data mərkəzləri yalnız iqtisadi və texnoloji layihələr üçün deyil, həm də audiovizual irsin saxlanılması, milli kino arxivlərinin rəqəmsallaşdırılması, onlayn kitabxanaların və virtual muzeylərin yaradılması üçün strateji infrastrukturdur. Enerji təhlükəsizliyi və dayanıqlı enerji siyasəti rəqəmsal mədəni platformaların fasiləsiz fəaliyyətini təmin edən əsas amillərdəndir.

Beynəlxalq əməkdaşlıq kontekstində rəqəmsal mədəni diplomatiya anlayışı xüsusi aktuallıq qazanır. Azərbaycanın transmilli şirkətlərlə və qlobal maliyyə institutları ilə əməkdaşlıq təcrübəsi innovativ mədəni layihələrə investisiya cəlb olunmasını asanlaşdırır. Texnologiya transferi, kreativ sənayelərdə birgə istehsal modelləri, rəqəmsal kontentin beynəlxalq platformalarda yayılması ölkənin “yumşaq güc” potensialını artırır. Azərbaycan ədəbiyyatı, musiqisi, təsviri sənəti və kinematoqrafiyası rəqəmsal distribusiya kanalları vasitəsilə daha geniş auditoriyaya çıxış əldə edir. Bu isə mədəni brendinq və milli imicin formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Kadr hazırlığı məsələsi bu transformasiyanın əsas sütunlarından biridir. Rəqəmsal humanitar elmlər, mədəniyyət menecmenti və kreativ sənayelər üzrə ixtisaslaşmış mütəxəssislərin yetişdirilməsi strateji prioritetə çevrilməlidir. Süni intellekt texnologiyalarının incəsənət və mədəniyyət sahəsində tətbiqi – rəqəmsal kuratorluq, virtual reallıq əsaslı ekspozisiyalar, interaktiv tamaşa modelləri – yeni yaradıcılıq formatları yaradır. Animasiya, oyun dizaynı, rəqəmsal kino istehsalı və multimedial layihələr artıq mədəniyyətin iqtisadi dəyər yaradan seqmentinə çevrilir. Təhsil sistemində rəqəmsal savadlılığın artırılması, məktəblərdə və ali təhsil müəssisələrində innovativ proqramların tətbiqi gələcək nəsillərin yaradıcılıq potensialını daha da genişləndirəcək.

Rəqəmsallaşma prosesində kibertəhlükəsizlik və informasiya mühafizəsi məsələləri də xüsusi yer tutur. Mədəni irsin rəqəmsal bazalarda qorunması, müəllif hüquqlarının müdafiəsi və elektron resursların təhlükəsizliyinin təmin edilməsi milli təhlükəsizlik konsepsiyasının tərkib hissəsidir. Mədəni kontentin saxtalaşdırılmasının və ya qeyri-qanuni istifadəsinin qarşısının alınması üçün hüquqi və texnoloji mexanizmlər gücləndirilməlidir. Bu yanaşma mədəni suverenliyin qorunmasına xidmət edir.

Bütün bunlar təsdiq edir ki, “Azərbaycanın yeni rəqəmsal arxitekturası” təşəbbüsü yalnız informasiya-kommunikasiya texnologiyalarının inkişafı proqramı deyil, həm də mədəni transformasiya strategiyasıdır. Rəqəmsal ekosistemin formalaşması milli-mədəni irsin mühafizəsi, yaradıcı sənayelərin institusional inkişafı və Azərbaycanın qlobal mədəni məkandakı mövqeyinin möhkəmləndirilməsi üçün yeni imkanlar açır. Bu proses mədəniyyətin yalnız keçmişin mirası kimi deyil, həm də gələcəyin innovativ və dinamik sahəsi kimi qəbul edilməsini şərtləndirir və ölkənin dayanıqlı inkişaf modelində mədəni faktoru əsas prioritetlərdən birinə çevirir.

Gülxarə Əhmədova

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: