Moldovanın nüfuzlu “Noi.md” xəbər portalı Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “France 24” telekanalına müsahibəsinə dair məqalə dərc edib.
NUHÇIXAN xəbər verir ki, məqalədə dövlətimizin başçısının Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsinə dair fikirlərinə geniş yer verilib.
Prezident İlham Əliyevə istinadla yazılır ki, Azərbaycan və Ermənistan liderlərinin Ağ Evdə ABŞ Prezidenti Donald Trampın iştirakı ilə tarixi bir sənəd imzalaması münaqişənin bitdiyini göstərir və tərəflər sülh dövrünə qədəm qoyublar. O vaxtdan altı aydan çox vaxt keçib və Ermənistanla sərhəddə vəziyyət çox sakitdir. Artıq Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırıb. Azərbaycan həmçinin Ermənistanı çox vacib neft məhsulları ilə təchiz etməyə başlayıb.
Məqalədə daha sonra dövlətimizin başçısının fikirlərinə istinadla qeyd edilir ki, yekun sülh müqaviləsi imzalanmadan əvvəl müəyyən rəsmiyyətlər yerinə yetirilməlidir. Azərbaycanın Qarabağ bölgəsinə ərazi iddiaları ilə bağlı ifadənin aradan qaldırılması üçün Ermənistan konstitusiyasında dəyişiklik edilməlidir. Münasibətlərin normallaşdırılması ilə rəsmi sülh müqaviləsi ayrılmalıdır, çünki normallaşma artıq baş verir və bütün müsbət irəliləyişlər buna işarə edir. Lakin, çoxdan, Qarabağın işğalı zamanı qəbul edilmiş Ermənistanın İstiqlaliyyət Bəyannaməsinə istinad var və orada Azərbaycan ərazilərinin bir hissəsinin Ermənistanın birləşməli olduğu bildirilən bənd var. Bu, Azərbaycana qarşı ərazi iddiasıdır və dəyişdirilməlidir.
“Mən bildiyimə görə, Ermənistan referendum keçirməyi planlaşdırır. Bu olan kimi sülh sazişinin rəsmi imzalanmasına heç bir maneə qalmayacaq”, - məqalədə dövlətimizin başçısının sitatları yer alıb.
