Ali Məclisin yaz sessiyasının növbəti iclası keçirilib - FOTOLAR
NUHÇXAN xəbər verir ki, fevralın 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovun sədrliyi ilə Ali Məclisin yaz sessiyasının növbəti iclası keçirilib.
Bəxtiyar Məmmədov iclasın gündəliyinə iki məsələnin daxil edildiyini bildirib.
Gündəlik təsdiq olunduqdan sonra Ali Məclis sədrinin birinci müavini gündəlikdə duran birinci məsələ ilə bağlı qeyd edib ki, Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsinin layihəsi Ali Məclisin müzakirəsinə çıxarılması üçün Hüquq siyasəti komitəsinə göndərilib. Layihə komitədə müzakirə olunub, komitənin rəyi ilə Ali Məclisin müzakirəsinə tövsiyə edilib.
Sonra Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Günay Rzayeva Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2025-ci ildə muxtar respublikada insan hüquqlarının qorunması haqqında fəaliyyətinə dair məruzə edib. Məruzə ilə bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Hüquq siyasəti komitəsinin sədri Əjdər Əliyev komitənin rəyini diqqətə çatdırıb.
Məsələ ətrafında müzakirələrdə deputatlardan Bəhruz Məmmədov, Əziz Qasımov, Vüsal Məmmədzadə, Mahir İsmayılov və Şəhla Əhmədova çıxış ediblər. Çıxışlarda Ombudsman institutunun sosial təminat, təhsil, sağlamlığın qorunması ilə bağlı hüquqların təmin edilməsi, ictimai iştirakçılıq, hüquqi maarifləndirmə və digər sahələrdə gördüyü işlər təqdirəlayiq hesab edilib.
Məsələnin müzakirəsi zamanı deputatlardan Azad Novruzov, Ramiz Məmmədov və Üzeyir Məmmədov tərəfindən mövzu ilə bağlı bir sıra suallar səsləndirilib.
Ombudsman Günay Rzayeva səsləndirilən suallara münasibət bildirib.
Ardınca Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) illik məruzəsinin nəzərə alınması ilə bağlı qərar layihəsi oxunduqdan sonra səsə qoyularaq qəbul edilib.
İclasda gündəlikdə duran ikinci məsələ ilə bağlı Bəxtiyar Məmmədov qeyd edib ki, “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına uyğunlaşdırılması məqsədi ilə müvafiq qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi hazırlanıb, deputatlara təqdim edilib. Layihə Hüquq siyasəti komitəsinin iclasında müzakirə olunub.
Layihə barədə komitə sədri Əjdər Əliyev məlumat verib, komitənin rəyini diqqətə çatdırdıqdan sonra qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Bununla da Ali Məclisin yaz sessiyasının növbəti iclası başa çatıb.