Dünyanın sürətlə dəyişdiyi bir dövrdə yeni geosiyasi güc mərkəzlərinin formalaşması, enerji böhranları və regional müharibələr artıq beynəlxalq münasibətlərin ayrılmaz tərkib hissəsinə çevrilib. Supergüclər zahirən müharibələrə qarşı mövqe nümayiş etdirsələr də, bir çox hallarda geosiyasi maraqlar naminə müxtəlif münaqişələrin dərinləşməsinə dolayısı ilə dəstək verirlər. Yeni dünya nizamının formalaşması prosesində fərqli bölgələrdə qarşıdurma ocaqlarının yaranması da məhz bu reallığın nəticəsidir.
Lakin Azərbaycan bu qarşıdurma siyasətinin tərəfdarı deyil. Son Vətən müharibəsində öz ərazi bütövlüyünü və suverenliyini tam təmin edən Azərbaycan bu gün daha aydın, daha məqsədyönlü və praqmatik strateji xətt üzrə irəliləyir. Bir zamanlar kiçik və təsir imkanları məhdud ölkələr sırasında göstərilən Azərbaycan artıq nəinki regionda, hətta daha geniş beynəlxalq platformalarda mühüm qərarların müzakirəsində fəal iştirak edən və mövqeyi nəzərə alınan dövlətə çevrilib. Bu uğur təsadüfi deyil. Zərrə-zərrə düşünülmüş siyasət, strateji planlaşdırma, uzaqgörən qərarlar və beynəlxalq münasibətlərdə düzgün zamanlama amili Azərbaycanın bu mövqeyini formalaşdırıb.
Bir neçə gün əvvəl keçirilən Münxen Təhlükəsizlik Konfransı bir daha göstərdi ki, bu platforma artıq sadəcə fikir mübadiləsi məkanı deyil. Burada strateji tərəfdaşlıqlar qurulur, yeni siyasi xətlər müəyyənləşdirilir və qlobal təhlükəsizlik arxitekturasının konturları müəyyən edilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin konfransda iştirakı beynəlxalq ictimaiyyət tərəfindən xüsusi diqqətlə qarşılandı. Dövlət başçısının panel müzakirələrində çıxışları, mediaya verdiyi müsahibələr və səsləndirdiyi bəyanatlar bir daha nümayiş etdirdi ki, Azərbaycan sülhün, sabitliyin və təhlükəsizliyin tərəfdarıdır. Lakin bu mövqe dövlətlərin suverenliyi və ərazi bütövlüyünə qarşılıqlı hörmət prinsipi əsasında qurulur.
Prezidentin çıxışı yalnız regional məsələlərlə məhdudlaşmadı. Enerji təhlükəsizliyi məsələsi xüsusi vurğulandı. Qeyd olundu ki, Azərbaycan etibarlı tərəfdaş kimi Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verir. Bu əməkdaşlıq artıq təkcə neft və qaz sahəsini əhatə etmir, eyni zamanda yaşıl enerji və alternativ enerji mənbələri istiqamətində genişlənir. Bərpaolunan enerji layihələri, nəqliyyat dəhlizləri və xüsusilə Orta Dəhliz təşəbbüsü Azərbaycanın strateji mövqeyini daha da gücləndirir. Xarici investorlarla keçirilən mütəmadi görüşlər ölkəmizin iqtisadi imkanlarının genişləndiyini göstərir. Nəticə etibarilə Azərbaycanın etibarlı tərəfdaş imici daha da möhkəmlənir.
Münxendə səsləndirilən fikirlər Cənubi Qafqazda Azərbaycanın mövqeyini faktlara əsaslanaraq aydın şəkildə ortaya qoydu. Səfərin diqqətçəkən məqamlarından biri də Azərbaycanın qlobal təhlükəsizlik gündəliyində fəal aktor kimi çıxış etməsi oldu. Artıq ölkəmiz yalnız region daxilində deyil, daha geniş miqyasda strateji qərarların müzakirəsində iştirak edən və təşəbbüslərlə çıxış edən dövlət kimi qəbul olunur.
Azərbaycan bu gün enerji təhlükəsizliyi, nəqliyyat-logistika şəbəkələri, yaşıl enerji layihələri və Orta Dəhliz kimi təşəbbüslər vasitəsilə Şərqlə Qərb arasında strateji körpü rolunu oynayır. Bu siyasət ölkəmizin beynəlxalq imicini gücləndirir və geosiyasi əhəmiyyətini artırır. Diplomatik fəallıq, siyasi dialoq və iqtisadi təşəbbüslər dövlətin uzunmüddətli təhlükəsizliyinin əsas təminatına çevrilir.
Münxen səfəri bir daha göstərdi ki, Azərbaycan artıq hadisələrin arxasınca gedən deyil, proseslərə təsir edən dövlətdir. Ölkəmiz milli maraqlara əsaslanan müstəqil siyasət yürüdərək həm regionda, həm də qlobal miqyasda söz sahibi olma mövqeyini möhkəmləndirir. Aydın strateji baxış, güclü siyasi iradə və balanslaşdırılmış xarici siyasət kursu Azərbaycanın beynəlxalq sistemdə yerini daha da möhkəmləndirir. Qarşıdakı dövrdə də ölkəmizin əsas prioriteti sülh, əməkdaşlıq və davamlı inkişaf olacaq. Azərbaycan artıq yeni reallıqların iştirakçısı deyil, onların formalaşmasında söz sahibi olan dövlətdir.
Naiq Məmmədov
Qıvraq qəsəbə tam orta məktəbinin fizika müəllimi
